“O dünyadan gələn varmı?..”


Bəzən elə insana rast gəlirsən ki, öz borcunu anlamamaq, öz vəzifəsini yerinə yetirməmək üçün az qala hər şeyi inkar edir. Halbuki, sən ona Allahın (c.c.) kəlamından danışırsan, ona ən ali həqiqətdən bəhs edirsən. O isə “O dünyadan gələn varmı?”, ya da “Öz gözünlə görmüsənmi?” kimi fikirlər irəli sürür.

Malın zəkatı olduğu kimi, elmin də zəkatı var. İnsan Allahın bildirdiyi həqiqəti öyrənmək və başqalarına da öyrətmək istəyirsə, hər şeydən əvvəl qarşı tərəfin səviyyəsini öyrənməli, söhbətə ona görə başlamalıdır. Çünki sən nə qədər elmli olursan-ol, sənin elmin qarşı tərəfin anlaya biləcəyi qədərdir.

Əslində, alimliyin bir sifəti də hər kəslə onun qəbul edə biləcəyi bir səviyyədə (və ya bir üslubda) söhbət etməkdir. Böyük alimlərdən biri bu məqam haqqında buyurur ki, öyrətmək istəyən ailm quş kimi yox, qoyun kimi olmalıdır. Çünki quş müxtəlif cücü və həşəratları daşıyıb balasının ağzına verir, balası da onu ya yeyir, ya da ağzından qaçırır. Qoyun isə yediyini südə çevirir və quzusunun mədəsinə göndərir. Yəni, alim də biliyini qarşı tərəfə ən azı bu cür verməlidir.

Düşünən insan ətrafına, gündəlik həyatına diqqət etməli, axirət gününə də, insanın yenidən dirildiləcəyinə də inanmalıdır. Hər qış yuxuya gedib, hər bahar oyanan ağaclar eyni həqiqətin simvolik variantı deyilmi? Yaxud da, hər kəsin gecə ölürmüş kimi yuxuya gedib, səhər dirilirmiş kimi dünyaya göz açması eyni həqiqətdən xəbər vermirmi? Ancaq nə edəsən ki, insan bəzən baxdığını görmür, gördüyünü də anlamır. Hələ bu az imiş kimi, borcundan, vəzifəsindən boyun qaçırmaq üçün cilddən-cildə girir.

Allah (c.c.) Qurani-Kərimdə axirət gününün gələcəyi, insanların yenidən dirildiləcəyi, xeyir iş görənlərin mükafatlandırılacağı, şər iş görənlərin cəzandırılanacağı haqqında dönə-dönə buyurmurmu? Birisi bu həqiqətlərə inanmaq üçün “gedib görməyi” şərt qoyursa, üstəlik, bu məsələdə təkid edirsə, onunla söhbəti uzatmağa dəyməz. Çünki beləsinin, Quran təbiri ilə desək, qəlbi möhürlüdür və gec-tez inanmadığı o həqiqətləri öz gözü ilə görəcək. Ancaq bir iş də var ki, onda çox gec olacaq.
Əgər biri inanmırsa, yaxud da inanmaq istəmirsə, təkid etməyin və inanmayan birinin sizə inanmasını gözləməyin. Əgər o, günah işləməkdən çəkinmirsə, heç olmasa, siz onun daha bir günah işləməsinə səbəb olmayın. Unutmayın ki, bilə-bilə bir günaha səbəb olmaq o günahı işləmək kimidir... /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ