Qamış niyə hər işə qəmiş olur? - Belə yaranıb


El dilində qamışla (qəmiş) bağlı maraqlı ifadələr işlədilir. “Qəmişini çək!”, “Boyuna qamış ölçüm”, “Hər işə bir qəmiş qoymaq”.

Niyə məhz qəmiş? Qəmiş kimi adi bir bitkini bu qədər mühüm edən səbəb nə idi?

Bu ifadələrin necə yaranmasına aydınlıq gətirək.

Qamiş hər yerdə çox rahatlıqla bitən, yabanı çöl bitkisidir. Ondan həsir, çətən, səbət, süpürgə kimi məişət əşyaları hazırlanardı. Necə deyərələr, əsl kasıb malı. Bəzi bölgələrdə ona qamış, bəzi bölgələrdə isə qəmiş deyirlər.

Öncə “Qəmişini çək”dən başlayaq. Şərq ölkələrində kasıblar imkanları çatmadığı üçün qəlyan çəkilən məkanlara daxil ola bilməzdilər. Ona görə qəlyanxananın pəncərəsindən içəriyə uzun qamış uzadar, içəriyə dolan tüstünü ciyərlərinə çəkərdilər. Bəzən qəlyanxananın qapısından , pəncərəsindən o qədər çox qamış uzadardılar ki, içəridəki xidmətçilərin hərəkətinə mane olardı. Buna görə tez-tez üzlərini çölə tutub “Qəmişini çək, işimə mane olma” deyib qışqırardılar.

O vaxtdan da biri başqasının işinin içinə girib, havayı ortaqlı eləmək istəyəndə, mane olanda “qəmişini çək” ifadəsi işlədilməyə başlayıb.

“Boyuna qamış ölçmək” istəyi qarğışdır, yəni sən öləsən, boyunun ölçüsünü qamışla götürüb kəfənini kəssinlər, qəbrini qazsınlar deməkdir. Meyitin boy ölçülərini bəzi kəndlərimizdə indi də qamışla almaq ənənəsi yaşayır. Adətən uzun qamışlar qəbirqazanlar, kəfən kəsənlər tərəfindən ölçü aləti olaraq istifadə olunurdu.

“Hər işə bir qəmiş qoymaq” adətən mız qoymaq, bəyənməmək, qurulmuş işi pozmaq anlamında işlədilir. Qədimlərdə kiçik qamış parçaları həm say çöpü kimi istifadə olunur, həm də onlardan fit düzəldirdilər. Kimsə qamış parçaları ilə müəyyən həddə gəlib çatanda bir qamış artıq-əskik düşərdisə, haq-hesab itərdi. Ona görə də “ qəmiş qoyma” deyimi işlənərdi. Zaman içində qəmişdən düzələn fitlər, tütəklər də bu ifadəni gücləndirdi. Birinin işinə qəmiş qoymaq demək onun xəbərini aləmə yaymaq, işini pozmaq, dilə-dişə salmaqla əngəlləmək anlamını verdi. (lent.az)


MANŞET XƏBƏRLƏRİ