Ehtiyatlı olun! - Bayram zamanı baytar nəzarəti zəif olur - Açıqlama


Qurban bayramı ilə əlaqədar Azərbaycanda bir neçə gün iş olmayacaq. Bayram günlərində bir-birindən ləzzətli təamlarla zəngin olan bayram süfrələri açılacaq. Ancaq normadan çox ət və şirniyyat qəbulu insanların səhhətində ciddi problemlərinə yol aça bilər.

Bakupost.az -a açıqlamasında qida məsələləri üzrə ekspert İlkin Şirinov insanların qida qəbulunu balanslaşdırmasının vacibliyini vurğulayıb.

O, bunu təkcə bayram günlərində deyil, adi günlərdə də etmək lazım olduğunu vurğulayıb:

"Qida rasionumuzu elə balanslaşdırmalıyıq ki, o, orqanizmdə hər hansı fəsadlara gətirib çıxarmasın. İkincisi, Qurban bayramında insanların bir-birinə daha çox ət payı verməsi, qonaq getmələri, ətdən hazırlanmış xörəklərin çoxluq təşkil etməsini nəzərə alsaq, onda onlardan nəfslərinə hakim olmaları tələb olunur”.

Ekspertin sözlərinə görə, təzə kəsilən ətlərin qəbulu insan orqanizmində müxtəlif xəstəliklərə səbəb olur:

“Onu da nəzərə alaq ki, Qurban bayramlarında həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanlar kəsilir. Təzə kəsilmiş ətdən istifadə birmənalı şəkildə qəbul olunmur. Çünki bu, mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarda bilər. Bununla bağlı istər həkimlərimiz, istərsə də qida mütəxəssislərimiz insanları xəbərdar edirlər. Sağlam qidalanmanın əsas meyarı ət və ət məhsullarından düzgün istifadə etməkdir”.

İ.Şirinov deyib ki, kəsilən bütün heyvanlara baytar nəzarəti mümkün olmur:

“Sözdə deyilir ki, bütün heyvanlar baytar nəzarəti ilə kəsilir. Amma kəsilən heyvanların hamısına baytar nəzarəti olmur. Çünki müxtəlif şəhərlərdə, rayonlarda, kəndlərdə, həyətlərdə kəsilən heyvanlar baytarlıq nəzarətindən çıxmış sayılır. Bu zaman heyvanın hansısa xəstəlik daşıyıcısı, ciyərində kəpənək qurdlarının olması istisna deyil. Bu nöqteyi-nəzərdən heyvan ətlərinin tam dincə qoyulmamış və bişirilməmiş istifadəsi qəti qadağan olunur”.

Qida mütəxəssisi hər bir insanın 60-120 qram ət qəbul etməsinin normaya uyğun olduğunu deyib:

“İnsanlara tövsiyə edərdim ki, heyvanların ətindən istifadə 60-120 qramı keçməsin. Yəni bir insanın gündəlik ət qəbulu bu normanı keçərsə, müəyyən fəsadlara yarada, qəbizliyə, bədə-bağırsaq pozğunluğuna, şəkərli diabetə, ürək çatışmazlığına səbəb ola bilər. Kəsilən ətlərin müxtəlif yağlarla qızardılması da məsələnin başqa bir tərəfidir. Azərbaycan mətbəxinin zənginliyini nəzərə alsaq, bu gün insanlarımız ət yedikdən sonra müxtəlif şirniyyatlardan da istifadə edirlər. Artıq çəkiyə də bu cür qidalar səbəb olur. Ona görə də insanlarımıza məsləhət görərdim ki, bayram günlərində düzgün qidalanmaya diqqət etsinlər”.


MANŞET XƏBƏRLƏRİ