Hansı halda kompüter tomoqrafiyası etmək olar? - Ekspert cavabladı


Son günlər COVID-19-u yüngül keçirən, O2 saturasiyası hətta 97-98 olan bir neçə tanışım lazım olmadığı halda kompüter tomoqrafiyası müayinəsinə gedərək ağciyərlərində 20-30% "buzlu şüşə mənzərəsi" olduğunu bildirdilər. Əgər COVID-19 PCR testinizin cavabı pozitivdirsə, lakin heç bir şikayətiniz yoxdursa heç bir müayinə və müalicəyə ehtiyac yoxdur. Nə kompüter tomoqrafiyası, nə rentgen, nə müxtəlif adlarda qan analizi, nə dərman, nə də sistem kimi əlavə vasitələrə ehtiyac yoxdur.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev deyib.

Onun sözlərinə görə, COVID-19 testinin cavabı pozitiv olduğu halda əlamətlər varsa, müalicəyə başlamaq lazımdır:

"Yüngül və orta ağır şikayətləriniz varsa, hətta O2 saturasiyası 85-ə düşsə də, kompüter tomoqrafiyası etməyə tələsmək olmaz. Saturasiyanı qaldırmaq üçün müvafiq ambulator və ya stasionar müalicə üçün müraciət edilməlidir. COVID-19 xəstəsi ilə təmasda olmusuz lakin, test cavabı neqativdirsə və heç bir şikayət yoxdursa, yenə də panik olub müayinə və müalicə etməyə ehtiyac yoxdur".

Ekspert test cavabı neqativ olsa da, COVID-19 əlamətlərindən şikayətləri olanlara müraciət edib:

"Bu halda qanda COVID-19 İgM-i yoxlatdırmaq lazımdır. Əgər İgM mənfidirsə və O2 saturasiyası aşağıdırsa o halda diaqnoz qoymaq üçün kompüter tomoqrafiyası müayinəsi lazım ola bilər. Lazım olmadığı halda belə müayinələr edib sağlamlığınıza və canınıza ziyan etməyin".


MANŞET XƏBƏRLƏRİ