Həyat sığortasına dair ilk elmi tədqiqat təqdim olunub


Azərbaycanda həyat sığortasına dair ilk elmi tədqiqat bu yaxınlarda təqdim olunub. Tədqiqatın nəticələri, cəmiyyətin həyat sığortasına münasibətini, bu sahədəki boşluqları və inkişaf imkanlarını aşkara çıxarır. Türküstan.az olaraq, biz də bu aktual mövzuya toxunaraq, sığorta sahəsində ixtisaslaşmış tədqiqatçı İlahə Ümidli ilə ətraflı söhbət etdik və həyat sığortası ilə bağlı mühüm məqamlara aydınlıq gətirdik.

İlahə xanım, sizi bu tədqiqatı aparmağa nə təşviq etdi? Niyə məhz həyat sığortası mövzusunu seçdiniz?

Öncə qeyd etmək istəyirəm ki, tədqiqatlar sadəcə tədqiqat deyil, onlar həm də maarifləndirmə, məlumatlandırma vasitəsidir. Çünki sorğu iştirakçılarının hər biri proses zamanı həyat sığortası barədə məlumatlanır, ən azı bu sahə ilə bağlı özündə sual formalaşdırır və düşünməyə başlayır.

Müşahidələrim və araşdırmalarım göstərdi ki, Azərbaycanda həyat sığortası ilə bağlı kifayət qədər dərin və sistemli elmi tədqiqatlar aparılmayıb. Bu sahə üzrə məlumat boşluğu, maarifləndirmə çatışmazlığı və stereotiplər cəmiyyətin bu məhsula olan münasibətinə ciddi təsir edir. Buna görə də həyat sığortasını yalnız iqtisadi deyil, həm də sosial aspektdən araşdırmaq, ictimai rəyə əsaslanan empirik nəticələr təqdim etmək zərurəti hiss etdim. Üstəlik, nəzərə alsaq ki, Azərbaycanda qeyri-həyat sığortasına nəzərən, həyat sığortası daha gəncdir, istədik həm də həyat sığortasına fikir yönəldək və sosial reallığı öyrənək. Bu mövzu həm cəmiyyətin rifahı, həm də sığorta bazarının inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Və qeyd edim ki, bu tədqiqat Azərbaycan Sığortaçılar Assosiasiyasının “ASA Tədris Mərkəzi” ilə birlikdə aparılıb. Əlbəttə ki, araşdırma mövzuları, tədqiqatçının rəyi ilə bərabər, həm də kollegial qərar əsasında seçilir və icrasına başlanılır.

Tədqiqat zamanı hansı üsullardan istifadə etdiniz, nə qədər respondent iştirak etdi?

Tədqiqatın əsas metodu kimi sorğu üsulundan istifadə olunub. Etibarlı və dolğun nəticələr əldə etmək məqsədilə araşdırma üç istiqamətdə – əhali, sığorta şirkətləri və peşəkar ekspertlər – aparılıb. 1011 nəfər əhalidən, 146 nəfər sığorta şirkətlərinin əməkdaşlarından sorğular toplanılıb. Sorğular “Google Forms” platforması üzərindən onlayn şəkildə toplanıb. Qeyd edək ki, əhali və şirkət əməkdaşları üçün suallar fərqli şəkildə tərtib edilmişdi.

Tədqiqatın keyfiyyət göstəricilərini artırmaq və mövzuya daha dərindən yanaşmaq məqsədilə, əlavə olaraq 32 nəfər peşəkar ekspertlə üzbəüz, dərinləşdirilmiş müsahibələr aparıldı. Toplanan məlumatlar hər üç istiqamət üzrə təhlil və analiz olundu.

Tədqiqatın bütün mərhələlərində metodoloji əsasların düzgünlüyünə xüsusi diqqət yetirilib. Sorğu formaları hazırlanarkən həm yerli sosial xüsusiyyətlər, həm də beynəlxalq tədqiqat standartları nəzərə alınıb. Məlumatların toplanması zamanı isə könüllülük prinsipi və respondentlərin anonimliyi tam şəkildə təmin edilib.

Əldə etdiyiniz nəticələrə əsasən, Azərbaycanda insanların həyat sığortasına marağı hansı səviyyədədir?

Tədqiqat nəticələri göstərdi ki, Azərbaycanda həyat sığortasına olan ümumi maraq aşağı və məhdud səviyyədədir. Sorğuda iştirak edən əhalinin əhəmiyyətli bir qismi həyat sığortası barədə ya məhdud məlumata sahibdir, ya da bu sığorta növünün mahiyyəti və funksiyaları haqqında yanlış təsəvvürlərə malikdir. Hətta əhalinin çox hissəsi elə bilir ki, tibbi sığorta həyat sığortasıdır. Respondentlərin yalnız kiçik bir hissəsi həyat sığortası məhsullarına sahib olduğunu və ya bu məhsullar barədə məlumatlı olduğunu qeyd etmişdir. Eyni zamanda, əhali arasında həyat sığortasına münasibətdə müəyyən psixoloji və sosial baryerlərin mövcud olduğu da müəyyən edilmişdir.

Marağın aşağı olmasının səbəbləri sırasında, ictimai maarifləndirmənin zəifliyi, sığorta mədəniyyətinin formalaşmaması, maliyyə savadlılığının yetərsizliyi və həyat sığortasının uzunmüddətli bir məhsul kimi qəbul edilməməsi əsas yer tutur. Bununla yanaşı, bəzi respondentlər həyat sığortasını yalnız ölüm halında almaq lazım olduğunu düşünür, bu da məhsula qarşı mənfi emosional yanaşma yaradır.

Sığorta şirkətlərinin əməkdaşları ilə keçirilmiş sorğular və ekspert müsahibələri də bu tendensiyanı təsdiqləyir.

Sığorta vasitəçilərinin (agent və broker) də həyat sığortasında xüsusi yerə sahib olmamaları, həyat sığortasını satmağa maraqlı olmamaları həyat sığortasının əsas mahiyyətini anlamaqda çətinlikləri artırır.

Nəticə etibarilə, Azərbaycanda həyat sığortasına maraq aşağı səviyyədə olsa da, bu sahənin inkişaf potensialı mövcuddur və kompleks yanaşma tələb edir.

Tədqiqat nəticələrində sizi ən çox təəccübləndirən məqam nə oldu?

Tədqiqat nəticələrində məni ən çox təəccübləndirən məqam o oldu ki, həyat sığortası haqqında məlumatsızlıq yalnız sıravi əhali və ya maliyyə çətinliyi yaşayan insanlar arasında deyil. Bu məlumatsızlıq bütün əhali arasında vardır. Gözlənildiyi kimi, həyat sığortasına marağın az olması ümumi sığorta mədəniyyətinin aşağı səviyyədə olması ilə əlaqələndirilə bilərdi. Lakin yüksək təhsil səviyyəsi və informasiya əldəetmə imkanlarına malik fərdlərin belə bu məhsul barədə çox səthi və ya yanlış təsəvvürlərə malik olması tədqiqatın ən diqqətçəkən nəticələrindən biri oldu. Bu fakt onu göstərir ki, problemin kökündə təkcə sosial-iqtisadi amillər deyil, həm də uzunmüddətli və sistemli maarifləndirmənin olmaması, habelə həyat sığortasının mahiyyət və faydasının düzgün kommunikasiyasının qurulmaması dayanır.

Beləliklə, bu nəticə göstərdi ki, Azərbaycanda həyat sığortasına marağın artırılması üçün yalnız iqtisadi təşviqlər deyil, həm də ictimai şüurun və sığorta təfəkkürünün formalaşdırılmasına yönəlmiş kompleks və hədəfli maarifləndirmə strategiyalarına ehtiyac var.

Tədqiqat əsasında hansı təkliflər irəli sürüldü?

Tədqiqat nəticələri əsasında, bir sıra strateji təkliflər irəli sürüldü. İlk növbədə, həyat sığortasına dair maarifləndirmə tədbirlərinin genişləndirilməsi zəruridir. Bu məqsədlə, aidiyyəti qurumlar və sığorta şirkətləri tərəfindən əhali arasında sistemli şəkildə məlumatlandırma kampaniyalarının keçirilməsi, həyat sığortasının mahiyyəti və faydaları haqqında məlumatlandırmanın daha da çoxladılması tövsiyə olundu. Xüsusilə təhsil müəssisələrində maliyyə savadlılığına dair fənlərin tərkibində həyat sığortası ilə bağlı biliklərin də yer alması təklif edildi.

Əlavə olaraq, sığorta şirkətlərinə tövsiyə olunur ki, ailə institutları yaradılsın, həyat sığortası məhsullarının təqdimat formatı yenidən nəzərdən keçirilsin və ictimai qəbul üçün daha emosional kommunikasiyalar qurulsun. Məhsulların sadə, şəffaf və insanlara dəyər qatan formada tədqim edilməsi, eləcə də müştəri yönümlü yanaşmanın gücləndirilməsi vacibdir.

İnanırıq ki, sistemli şəkildə aparılan bu cür təşviqlər insanların könüllü şəkildə həyat sığortasına qoşulmaq istəyini artıracaqdır.

Bu sahədə gələcək tədqiqat planlarınız varmı? Sığortaya dair daha hansı mövzularda araşdırmaların aparılması nəzərdə tutulur?

Artıq apardığımız iki tədqiqatdan əldə edilən nəticələr bu sahədə daha geniş və dərin araşdırmalara ehtiyac olduğunu göstərdi. Bu baxımdan, gələcəkdə sığorta sahəsində bir neçə prioritet istiqamət üzrə tədqiqatlar aparılması nəzərdə tutulur.Bu həm milli səviyyədə praktiki qərarların verilməsinə, həm də beynəlxalq təcrübələrin öyrənilməsinə dəstək ola bilər. Bayaq da qeyd etdiyim kimi, mövzuların seçimi, kollegial qərar əsasında, ASA Tədris Mərkəzi ilə birgə müəyyənləşdirilir.

Müsahibənin sonunda, insanlara həyat sığortası ilə bağlı nəyi demək istərdiniz?

Tədqiqatın gedişində əhalidən sorğuları toplamaq üçün hazırlanan “Google Form” keçidinin başlığında belə qeyd etmişdim: “Biz həyat sığortasını sevdiklərimiz üçün alırıq”. Bu fikir, həm bir maarifləndirmə, həm mesaj, həm də strateji düşüncə ifadə edir. Cəmiyyət olaraq biz bu məhsulu yalnız ölüm halı ilə əlaqələndirməkdən imtina etməliyik. Həyat sığortası yaşamaq, gələcəyə güvənlə baxmaq və ailə üzvlərini maddi qeyri-müəyyənlikdən qorumaq üçün əhəmiyyətli bir addımdır.

Həyat sığortası yalnız risklərə qarşı maddi təminat vasitəsi deyil, eyni zamanda ailənizə, gələcəyinizə və risklərimizə olan münasibətin göstəricisidir. Bu sahədə apardığımız tədqiqatlar bir daha sübut edir ki, həyat sığortası fərdlərə yalnız risk anında deyil, həm də maliyyə planlaşdırması və sosial sabitlik baxımından ciddi faydalar təqdim edir.

Sizə təşəkkür edirik.

Sığorta və xüsusilə də həyat sığortasına göstərdiyiniz diqqətə görə mən təşəkkür edirəm.


MANŞET XƏBƏRLƏRİ