Son zamanlar sosial şəbəkələrdə yayılan dərman maddələrini havaya püskürdən təyyarələrin uçuş görüntüləri insanlar arasında təşvişə səbəb olub. Bu növ təyyarələrin bütün ölkələrin səmalarında olduğu və insanları zəhərlədiyi iddia edilir. Son zamanlar müşahidə edilən keçməyən öskürək, hərarət, yorğunluq hissinin səbəblərini isə bununla əlaqələndirirlər.
Bəs Azərbaycan üçün təhlükə varmı?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən professor Adil Qeybullanın sözlərinə görə, bununla bağlı rəsmi məlumatlar olmalıdır və buna etibar edilməlidir.

O bildirib ki, hər an göydə 10 min təyyarə olur: “Təxminən yer kürəsində 10-20 min işlək təyyarə var. Onlardan 10 mini daim səmadadır. Bu təyyarələr nə qədər yanma məhsulları buraxır?! Bunların hamısı atmosfer havasını çirkləndirir, ozon qatını zədələyir və nə vaxtsa bu ciddi təsirlərini göstərəcək. Bu kifayət deyilmi bizə? Hələ əlavə epizodlar axtarırıq?! Təbii ki, müharibələr gedən ölkələrdə də bu cür problemlər var və qonşu ölkələrdə müharibənin təsirləri hələ bir müddət davam edəcək. Amma bütövlükdə nəzərə almalıyıq ki, təyyarələrin uçuşu da atmosfer havasına yetəri qədər zərər vurur”.