2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu aparılacaq. Abituriyentlər TAU-nun tədris ingilis dilində aparılacaq ixtisaslarını (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) seçə bilərlər. Universitetin yerləşəcəyi bina hələlik rəsmi olaraq açıqlanmayıb.
Turkustan.az-ın Modern.az-a istinadən əldə etdiyi məlumata görə, ali təhsil ocağının binası Bakının Xətai rayonunda yerləşəcək.
Bildirilir ki, TAU Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasına fəaliyyət göstərəcək. BANM-ın 2024/2025-ci tədris ilində yeni binada fəaliyyətini davam etdirəcəyi qeyd olunur. BANM yeni tədris ilində bu il ləğv edilən Bakı Fransız Liseyinin binasında fəaliyyət göstərəcək.
Məsələni dəqiqləşdirmək üçün TAU-nun tədris prosesində iştirak edəcək Azərbaycan Texniki Universiteti və Bakı Ali Neft Məktəbi ilə əlaqə saxladıq.
Azərbaycan Texniki Universitetindən TAU-nun Bakı Ali Neft Məktəbinin binasında fəaliyyət göstərəcəyi barədə məlumat nə təsdiq, nə də təkzib edilib. Bildirilib ki, bu barədə rəsmi açıqlama veriləcək.
BANM-dan isə bildirilib ki, ali təhsil ocağının Xətaidəki filialının yeni binaya köçəcəyi barədə məlumat doğrudur. Qurumun mətbuat katibi yaxın vaxtlarda bu barədə məlumat veriləcəyini bildirib.