DİQQƏT: Bu kolleclər universitetlərə çevrilə bilər


Texnologiyanın sürətli inkişafı, onlayn təhsil platformalarının geniş yayılması və əmək bazarında dəyişən tələblər ənənəvi təhsil modellərinin gələcəyi ilə bağlı müzakirələri artırıb. Xüsusilə, kolleclərin gələcəkdə tamamilə sıradan çıxıb-çıxmayacağı, yoxsa yeni formaya keçəcəyi sualı aktuallaşıb.

Bəs rəqəmsallaşma dövründə kolleclər öz aktuallığını qoruya biləcəkmi?

Turkustan.az-ın xəbərinə görə, mövzu ilə bağlı konkret.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, dünyanın əksər ölkələrində kollec təhsili mövcuddur.

Təhsil eksperti Elçin Əfəndi: “Evdə hazırlamaq üçün verilən çoxsaylı tapşırıq şagirdlərin erkən yaşda repetitora ehtiyacın artırmağa yarayır”

Bəzi inkişaf etmiş dövlətlərdə bu sistem hətta universitet təhsilindən daha vacib hesab olunur:

“Dünyanın əksər ölkələrinə baxsaq, kollec təhsilinin olduğunu görə bilərik. Bizdə isə təəssüflər olsun ki, bir neçə kollec istisna olmaqla, digərlərində vəziyyət elə də ürəkaçan deyil.

Yaxşı olar ki, kolleclər öz fəaliyyətini konkret bir istiqamət üzrə qursunlar. Məsələn, maliyyə-iqtisad kolleci yalnız maliyyə və iqtisadiyyat sahəsini əhatə etsin. Amma elə kolleclər var ki, burada çoxsaylı ixtisaslar yer alır.

Nəticə etibarilə kadr hazırlığında müəyyən çətinliklər yaranır”.

Onun sözlərinə görə, kolleclərin infrastrukturunda və tədris proqramlarında da problemlər mövcuddur:

“Kolleclərin infrastrukturu, təhsil proqramları o qədər də uğurlu deyil. Texnologiyanın inkişafı, onlayn təhsil platformalarının artması və distant təhsilin tədricən inkişaf etməsi gələcəkdə bəzi kolleclərin yerini peşə təhsili istiqamətlərinə verməsi ilə nəticələnə bilər”.

Elçin Əfəndi hesab edir ki, güclü infrastruktura malik bəzi kolleclər gələcəkdə universitet səviyyəsinə yüksələ bilər:

“İnfrastrukturu yaxşı olan kolleclərin universitet səviyyəsinə qalxması da mümkündür. Amma bütün kolleclərin tamamilə ləğv olunacağını düşünmürəm. Hazırda bu istiqamətdə müəyyən işlər görülür. Kollec təhsilinin keyfiyyətinin artırılması ilə bağlı addımlar atılır. Yəqin ki, qarşıdakı illərdə bu sahədə daha geniş dəyişikliklərin şahidi olacağıq”. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ