Azərbaycanda məktəblərdə dərslərin başa çatmasına sayılı günlər qalır. Bir neçə aydan sonra isə yeni tədris ili başlayacaq. Bu ərəfədə valideynləri maraqlandıran məsələlərdən biri də növbəti tədris ilindən etibarən məktəbli formalarında hər hansı dəyişiklik olub-olmayacağıdır.
Turkustan.az bildirir ki, məsələ ilə bağlı Modern.az “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov ilə əlaqə saxlayıb.
O saytımıza açıqlamasında qeyd edib ki, hazırkı mərhələdə məktəbli formalarının dizaynı və modellərində dəyişiklik nəzərdə tutulmur:
“Məktəb formalarının dizaynı və modeli Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub. Bu formalarda hər hansı dəyişiklik etmək fabriklərin səlahiyyətinə aid deyil. Hazırda qüvvədə olan qərara əsasən məktəbli formaları 4 rəngdə müəyyənləşdirilib və modellər bütün dövlət məktəbləri üçün eynidir. Heç bir istehsalçı bu formalarda dəyişiklik edə bilməz. Yalnız özəl məktəblər öz daxili qaydalarına uyğun fərqli formalar hazırlaya bilərlər. Dövlət məktəblərində isə təsdiqlənmiş standart formaların istifadəsi nəzərdə tutulur”.
E.Əzimov əlavə edib ki, məktəbli formalarının qiymətləri dövlət tərəfindən tənzimlənmir:
“Qiymət məsələsi dövlət qurumları tərəfindən müəyyən edilmir. Bazarda müxtəlif istehsalçılar fəaliyyət göstərir və hər bir müəssisə məhsulun maya dəyərinə, istifadə olunan materiala və sərfiyyata uyğun qiymət müəyyənləşdirir. Bəzi məhsullar süni parçadan hazırlandığı üçün daha ucuz qiymətə təklif olunur. Lakin həmin məhsullar Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən material tələblərinə tam uyğun olmaya bilər”.
O, valideynlərə məktəbli forması seçərkən məhsulun tərkibinə diqqət yetirməyi tövsiyə edib:
“Valideynlər seçim zamanı məhsulun keyfiyyət göstəricilərinə diqqət etməlidirlər. Köynəklər 100 faiz pambıq materialdan hazırlanmalıdır. Şalvar və ətəklərdə 60 faiz yun, 40 faiz polyester, jaketlərdə isə 60 faiz yun və 40 faiz polyester tərkibi olmalıdır. Fabriklər və rəsmi dövlət qurumları bu tələblərə əməl edirlər. Bəzi istehsalçılar isə məhsulları xaricdən, əsasən Çindən gətirərək daha ucuz qiymətə təklif edirlər. Buna görə də bazarda qiymətlər fərqlidir”.