Məktəblərdə direktor və direktor müavinlərinin özbaşınalıqları son illər təhsil ictimaiyyətində ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib.
Turkustan.az Bakıvaxtı.az-a istinadənbildirir ki, bugünlərdə Lənkəran rayonu Zövlə kənd tam orta ümumtəhsil məktəbində direktor müavinin şagirdi və xadiməni döyməsi videosunun yayılması məsələnin nə qədər ciddi olduğunu göstərir.
Direktor vəzifəsinə qəbul üçün imtahanların keçirilməsi formal görünür, çünki bu prosesdə namizədlərin yalnız bilik səviyyəsi yoxlanılır, psixoloji sabitlik, liderlik bacarıqları və idarəetmə etikası isə diqqətdən kənarda qalır. Nəticədə, bir çox direktor təhsil vermək və məktəbi inkişaf etdirmək yerinə şəxsi maraqlarla, inzibati özbaşınalıqla və ya qeyri-peşəkar davranışlarla gündəmə gəlir. Hətta rəsmi məlumatlarda belə, demək olar ki, hər həftə azı bir direktorun vəzifədən azad edilməsi qeyd olunur ki, bu da təhsil sisteminə ictimai etimadı ciddi şəkildə sarsıdır.
Belə şəraitdə suallar aktuallaşır: Direktor özbaşınalıqlarının qarşısını almaq üçün hansı hüquqi və inzibati mexanizmlər möhkəmləndirilməlidir? Qanunvericilikdə psixoloji testlər, etik kodekslər və müntəzəm monitorinq kimi yeniliklərə ehtiyac varmı? Niyə məktəb rəhbərləri ilə fərdi qaydada söhbətlər aparılmır və onların problemləri öncədən aşkarlanmır? Bu mövzuda hüquqşünas baxış bucağından təhlil aparmaq, həm mövcud boşluqları, həm də praktiki həll yollarını göstərmək zəruridir.
Ayxan Məmmədli: Qanunvericilikdə dəyişikliklərə ehtiyac böyükdür
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, təhsil sistemində direktor və direktor müavinlərinin özbaşınalıqları barədə ictimai narazılıqlar son illər getdikcə artır:
"Hüquqşünas mövqeyindən baxıldıqda, bu vəziyyət yalnız etik deyil, həm də ciddi hüquqi və inzibati problemlər doğurur. Direktorların işə qəbulu imtahanla aparılsa da, onların psixoloji hazırlığı və liderlik keyfiyyətləri heç bir test və ya müstəqil ekspertiza ilə yoxlanılmır. Halbuki məktəb rəhbərlərinin emosional sabitliyi və idarəçilik bacarıqları birbaşa tədris mühitinə təsir göstərir".
Onun sözlərinə görə, hazırkı qanunvericilikdə direktorların vəzifə öhdəlikləri, səlahiyyətləri və məsuliyyətləri müəyyən edilsə də, onların etik davranış standartları və müntəzəm qiymətləndirilməsi ilə bağlı boşluqlar qalır. Bu boşluqlar özbaşınalığın vüsət almasına, müəllim və valideynlərdə təhsil sisteminə olan inamın sarsılmasına gətirib çıxarır. Həftəlik olaraq azı bir direktorun vəzifədən kənarlaşdırılması barədə xəbərlər, sistemli problemlərin olduğuna işarədir:
"Direktorların işə qəbulu prosesi yalnız test nəticələri və müsahibə ilə məhdudlaşmamalıdır. Psixoloji testlər, idarəetmə səriştəsi üzrə təlimlər və liderlik keyfiyyətlərinin qiymətləndirilməsi məcburi mərhələlərə çevrilməlidir. Bu yanaşma, emosional qeyri-sabit və ya şəxsi maraqlarını önə çəkən şəxslərin rəhbər vəzifəyə gəlməsinin qarşısını ala bilər. Məktəb rəhbərlərinin fəaliyyətinə nəzarət mexanizmlərinin də təkmilləşdirilməsi vacibdir. Qanunvericilikdə müstəqil monitorinq qruplarının yaradılması, valideyn və müəllim şuralarının rəylərinin nəzərə alınması və illik qiymətləndirmələrin nəticələrinin ictimaiyyətə açıq təqdim olunması nəzərdə tutulmalıdır. Bu addımlar şəffaflığı artıraraq özbaşınalıq hallarını azalda bilər".
Müsahbimiz diqqətə çatdırıb ki, direktor və müavinlərlə müntəzəm fərdi söhbətlər və psixoloji məsləhətləşmələr də vacib mexanizmdir. Təhsil nazirliyi və ya regional idarələr rəhbər şəxslərlə hər rübdə bir dəfə fərdi görüşlər keçirərək onların problemlərini dinləməli, xəbərdarlıq və maarifləndirmə üsullarını tətbiq etməlidir. Bu yanaşma həm qarşılıqlı etimadı gücləndirər, həm də potensial pozuntuların qarşısını əvvəlcədən alar:
"Məktəblərdə direktor özbaşınalığının qarşısını almaq üçün etik kodeksin tətbiqi hüquqi baxımdan mühüm alət ola bilər. Bu kodeks pozuntular üçün konkret cəza mexanizmləri, həmçinin şikayətlərin qısa müddətdə araşdırılması prosedurlarını əhatə etməlidir. Direktorların fəaliyyətinə dair şikayətləri araşdıran müstəqil apellyasiya şuralarının yaradılması da əlavə təminat rolunu oynayar".
Həmsöhbətimiz əlavə edib ki, işə qəbuldan sonra yeni direktorların adaptasiya dövrü üçün mentor proqramları tətbiq edilməlidir. Təcrübəli və nümunəvi rəhbərlər gənc direktorların fəaliyyətinə nəzarət və məsləhətçilik etməli, etik və idarəçilik prinsiplərinin düzgün mənimsənilməsinə kömək göstərməlidirlər:
"Qanunvericilikdə dəyişikliklərə ehtiyac böyükdür. "Təhsil haqqında" qanuna və müvafiq normativ aktlara məktəb rəhbərlərinin psixoloji testdən keçməsi, etik davranış kodeksinə əməl etməsi və mütəmadi monitorinq prosesində iştirak etməsi ilə bağlı müddəalar əlavə olunmalıdır. Bu dəyişikliklər təhsil sisteminin dayanıqlılığını gücləndirəcək və ictimai etimadı bərpa edəcək. Bundan başqa, korrupsiya və şəxsi maraqlarla bağlı halların qarşısını almaq üçün direktorların maliyyə fəaliyyətinə dair illik hesabat verməsi qanuni tələbə çevrilə bilər. Hesabatların ictimaiyyətə açıq olması şəffaflıq və hesabatlılıq mədəniyyətini formalaşdırar".
Ayxan Məmmədli vurğulayıb ki, məktəblərdə direktor və müavinlərin özbaşınalığı təkcə təhsil keyfiyyətinə deyil, cəmiyyətin təhsilə olan inamına da ciddi zərbə vurur. Hüquqi mexanizmlərin təkmilləşdirilməsi, psixoloji testlərin məcburiləşdirilməsi, etik kodekslərin tətbiqi və mütəmadi fərdi söhbətlərin keçirilməsi bu problemi əhəmiyyətli dərəcədə azalda bilər. Əks halda, hər həftə vəzifədən azad olunan direktor xəbərləri sistemli böhranların dərinləşdiyinin göstəricisi olaraq qalacaq.
Rizvan Fikrətoğlu: Davamlı yoxlamalar, sürətli apeliyasiya mexanizmləri effektiv işləmədiyindən, problemlər özbaşına qalır
Təhsil eksperti Rizvan Fikrətoğlu isə Bakıvaxtı.az-a fikirlərini bölüşərək diqqətə çatdırıb ki, məktəb rəhbərliyinin özbaşına qərar verməsi təhsilə ciddi təsir edə, müəllim və şagirdlər üçün mənfi nəticələr yarada bilər. Burada həm inzibati, həm qanunvericilik, həm də yerli prosedurların pozulması müşahidə olunur. Güc balansının pozulması hiss olunur: direktorların səlahiyyətləri geniş olsa da, müəllimlər və valideynlər açıq danışmağa çəkinirlər. Çünki valideynlər düşünür ki, uşaqları məktəbdə təhsil alır və hər hansı narazılıq uşaq üçün mənfi ola bilər:
"Bəzən valideynlər özləri də müəyyən məbləğdə fond və bağça haqqı verirlər. Bu, kiçik məbləğ olsa da, bürokratik bir sistemin yanlış işləməsinin nəticəsi kimi qiymətləndirilir. Problemin kökü isə təkcə maliyyə məsələsi deyil, struktur və şəffaflıq çatışmazlığıdır. İki direktorun işdən çıxarılması ilə bu məsələ həll edilmir; təhsilin vəziyyəti hələ də ciddi şəkildə aşağıdır".
Mütəxəssis əlavə edib ki, əsas problem açıq mexanizmlərin olmamasıdır. Şəffaf qiymətləndirmə, performans kriteriyaları və hesabat tələb olunmur, subyektiv qərarlar üstünlük təşkil edir. Məktəb rəhbərliyi xüsusilə məktəbəqədər təhsil müəssisələrini atasının mülkü kimi idarə edir, səsvermə və rəy prosesləri formal xarakter daşıyır. Psixoloji davranış, etika, situasiya testləri və 360 dərəcəli qiymətləndirmə sistemləri isə tətbiq olunmur.
"Müəllimlərin kimliyi və keçmişi yetərincə araşdırılmır, müstəqil nəzarət mexanizmləri zəifdir. Davamlı yoxlamalar, anonim şikayət kanalları və sürətli apeliyasiya mexanizmləri effektiv işləmədiyindən, problemlər özbaşına qalır. Məktəb direktorları işdən çıxarılsa da, inzibati və hüquqi məsuliyyətlərdən azad olunur, valideynlərin və şagirdlərin haqları qorunmur. Həll yolları mövcuddur. Məktəb idarə heyətləri yaradılmalı və ya gücləndirilməlidir. Bu heyətlərdə valideyn, müəllim, yerli icra hakimiyyəti və təhsil sektorunun nümayəndələri iştirak etməlidir. Direktorun fəaliyyətinə rəy verilməli, 6-12 aylıq probasiya müddəti tətbiq edilməli, 360 dərəcəli qiymətləndirmə mexanizmi qurulmalıdır. Məktəbin performansı işə davamiyyət, şagirdlərin davranış və sinif münasibətləri kimi kriteriyalarla ölçülməlidir",- R.Fikrətoğlu qeyd edib.
Sonda o deyib ki, zorakılıqla mübarizə, etik davranış, liderlik və valideynlərlə kommunikasiya üzrə mütləq təlimlər keçirilməlidir. Direktorların seçilməsində psixoloji və peşəkar tələblər, liderlik, empatiya, stres idarəsi və situasiya testləri nəzərə alınmalıdır. İdarəetmə və maliyyə hesabatlarının açıq elan edilməsi, regionlarda müstəqil inspektorların fəaliyyəti və illik yoxlamalar mütləqdir:
"Bütün bu tədbirlər olmadan, məktəb rəhbərliyində özbaşınalıq və sui-istifadə hallarının qarşısını almaq mümkün olmayacaq. Məktəb idarəçiliyində şəffaflıq, hesabatlılıq və obyektiv nəzarət sistemlərinin tətbiqi təhsil sektorunun keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldə bilər".