Brent markalı neftin barel qiyməti 84,16 dollar oldu


Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 84,16 dollara satılır.

Ötən gün 85,85 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 84,66 dollarla başa vurub.

Turkustan.az xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 09,54-də bağlanış vaxtı ilə müqayisədə 0,6 faiz azalaraq 84,16 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 80,99 dollara satılıb.

Neftin qiymətinin aşağı düşməsinə İsrailin Qəzzaya hücumlarına son qoyacaq atəşkəs ehtimalı təsir edir.

Misirin xarici işlər naziri Bədr Abdulati amerikalı həmkarı Antoni Blinkenlə Qəzza zolağında atəşkəs üçün davam edən səyləri və əsirlərin mübadiləsinə imkan verəcək və Qəzza zolağına humanitar yardımın axınını gücləndirəcək atəşkəsə nail olmaq imkanlarını müzakirə etdiyi bildirilir.

Qeyd edilib ki, Abdulati və Blinken arasında telefon danışığı zamanı Liviyadakı vəziyyət, Qırmızı dəniz və Livanın təhlükəsizliyi kimi digər mühüm regional məsələlər üzrə koordinasiya və məsləhətləşmələrin davam etdirilməsi üçün növbəti mərhələdə əlaqəni davam etdirmək barədə razılığa gəliblər.

İki nazir arasında aparılan danışıqlar qlobal neft ehtiyatlarının əksəriyyətinin yerləşdiyi Yaxın Şərqdə atəşkəs imkanlarını gücləndirir və tədarüklə bağlı narahatlıqları azaltmaqla qiymətlərə təzyiq edir.

Bundan əlavə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Powell dünən faiz endirimi üçün "daha yaxşı məlumat" axtardıqlarını vurğuladıqdan sonra bankın bu il faizləri azaltma ehtimalının azalması da qiymətlərin enişini dəstəklədi.

FED-in sentyabrda ilk faiz endirimi ehtimalı yüzdə 77-ə enərkən, FED-in noyabrda ilk faiz endirimi ehtimalı yüzdə 79 oldu. Mümkün faiz endirimindən sonra bankın dekabr iclasında ikinci dəfə faiz dərəcələrini endirməsi ehtimalı 96 faiz səviyyəsində qiymətləndirilir.

Yüksək faiz dərəcələri ABŞ dollarının digər valyutalara nisbətdə dəyərini artırır və nefti digər valyutalardan istifadə edənlər üçün bahalaşdırır, bu da neft tələbinə mənfi təsir göstərir.

Bundan əlavə, ABŞ-ın Texas sahillərinə "1-ci kateqoriya" intensivliyi ilə çatan Beril qasırğası qiymətlərə təsirini davam etdirir.

Qasırğaya görə ölkədəki bəzi limanların bağlana biləcəyi ilə bağlı narahatlıqlar neft qiymətlərinin yüksəlişini dəstəkləsə də, bölgədəki neft-qaz şirkətlərinin dünən də fəaliyyətini davam etdirdiyi bildirilib.

Bu inkişaflar Beril qasırğasının Meksika körfəzindəki neft infrastrukturuna qalıcı ziyan vurmayacağı və beləliklə də qiymətləri aşağı salacağı düşüncəsini artırdı.

Digər tərəfdən, dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-ın kommersiya xam neft ehtiyatlarının azalacağı ilə bağlı proqnozlar ölkədə tələbin güclü olduğu qənaətini gücləndirib və qiymətlərin enişini məhdudlaşdırıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ