Hər saata görə 2 manat 40 qəpik: Saatlıq əməkhaqqı kimə sərf edəcək?


Azərbaycan əmək qanunvericiliyində ciddi yeniliklər gözlənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, yaxın gələcəkdə Əmək Məcəlləsinə 200-ə yaxın dəyişiklik planlaşdırılır. Bu dəyişikliklər arasında ən çox diqqət çəkənlərdən biri isə saatlıq əməkhaqqı sisteminin tətbiqi olacaq.

Yeni yanaşmalar rəqəmsallaşmanın və süni intellektin iş yerlərinə təsiri fonunda əmək münasibətlərinin daha çevik, ədalətli və müasir tələblərə uyğun şəkildə tənzimlənməsini hədəfləyir.

Məsafədən işləmənin rəsmi qaydalarının müəyyənləşdirilməsi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı ödənilməsi və işçilər arasında ayrı-seçkiliyin aradan qaldırılması da nəzərdə tutulan mühüm dəyişikliklər sırasındadır.

Bəs saatlıq əməkhaqqı modelinə keçid Azərbaycan əmək bazarına və işçi-müəssisə münasibətlərinə necə təsir edə bilər? Qarşıdakı dövrdə bu dəyişikliklər hansı riskləri və üstünlükləri ortaya çıxara bilər?

Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Cümhuriyət”-ə bildirib ki, hazırda ölkəmizdə əməkhaqqının minimal həddi yalnız aylıq şəkildə müəyyən olunur və bu məbləğ 2025-ci ildən 400 manat təşkil edir. Saatlıq əməkhaqqı sistemi isə indiyədək tətbiq edilməyib və hələ də bu istiqamətdə konkret mexanizm yoxdur:

"Əmək qanunvericiliyinə nəzərdə tutulan dəyişikliklər arasında məsafədən iş və digər yeni iş formaları ilə yanaşı, saatlıq əməkhaqqı məsələsi də müzakirə olunur. Minimal əməkhaqqı aylıq hesablanır və bu məbləğ ixtisassız işçilər üçün sosial-iqtisadi şərait nəzərə alınaraq müəyyən edilir. Yəni, işçi ay ərzində tam işləyibsə, ona 400 manatdan aşağı əməkhaqqı verilə bilməz. Gələcəkdə bu sistemin saatlara bölünməsi planlaşdırılır.

Məsələn, 1 iş ayı təxminən 167-168 saatdır. 400 manat bu saatlara bölündükdə, təxminən 1 saat üçün 2 manat 40 qəpik alınır. Əgər işçi tam gün deyil, məsələn, gündə 5 saat işləyirsə, onda onun əməkhaqqı həmin saatlarla hesablanacaq: 5 saat x 2.40 = 12 manat". Sahib Məmmədov qeyd edir ki, bu dəyişiklik muzdla və ya vaxta görə işləyənlərə şamil edilməyəcək:

"Onların maaşı əvvəlki qaydada qalacaq. Məsələn, kimin vəzifə-tarif maaşı 1000 manatdırsa, saatlıq sistemə keçməsi onun maaşına təsir etməyəcək, yenə də 1000 manat alacaq. Saatlıq əməkhaqqı sistemi əsasən, işçinin işəgötürənlə qısa müddətlik əmək münasibətləri qurduğu hallarda, məsələn, bir neçə saatlıq və ya günlük işlər üçün daha əlverişli hesab olunur”.


MANŞET XƏBƏRLƏRİ