Hərbi ekspert: “Azərbaycan Ordusunun arsenalına yeni dövrün tələblərinə uyğun silahların daxil edilməsi prosesi davamlı və sistematik şəkildə həyata keçirilir”
Azərbaycanla qardaş Türkiyə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq nə qədər dərin olsa da, bu, əlbəttə ki, son deyil. İki ölkənin hərbi rəhbərliyi bu yöndə yeni-yeni səviyyələr fəth etməkdədir.
Bu arada məlum olub ki, Türkiyənin ASELSAN şirkətinin istehsalı olan HERİKKS hava hücumundan müdafiə üzrə xəbərdarlıq sistemlərinin Azərbaycana verilməsi üçün danışıqlar aparılır. Bu barədə V ADEX-2024 sərgisində məlumat verilib.
Bildirilib ki, hazırda bu sistemlər Kəlbəcər ərazisində, 3336 metr hündürlükdə quraşdırılaraq, istismara verilib. Hazırda sınağı həyata keçirilən sistemlər Bakıdakı V ADEX-2024 sərgisində nümayişə çıxarılıb.
Qeyd edək ki, bu sistemlər radarların qeydə aldığı məlumatları komanda məntəqəsinə sürətli ötürülməsi, silahın hədəfi istər manual, istərsə də avtomatik şəkildə aşkarlanması, qoşun növlərinin hərəkətinin izlənilməsi, müxtəlif növlərdəki radar sistemlərinə inteqrasiya, habelə hərəkətli formada fəaliyyət qabiliyyətlərinə malikdir.
Ramil Məmmədli
Ermənistanın sürətlə silahlanması fonunda bu sistemlərin ordumuz və milli təhlükəsizliyimiz üçün əhəmiyyətindən danışan Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli “Yeni Müsavat”deyib ki, Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların və texnikaların alınması istiqamətində işlər plan üzrə gedir: “Azərbaycan Silahlı Qüvvələrinin inkişaf dövrünə nəzər salsaq, bu gün biz artıq ordumuzun təkcə inkişafından deyil, həm də modelləşməsindən və yenilənməsindən danışa bilərik. Bu gün dünyada Azərbaycan ordu modeli mövcuddur. Silahlı Qüvvələrimizin üstünlüyü ondan ibarətdir ki, həm postsovet məkanında istehsal olunan silahlar, həm NATO standartlarına uyğun olan çapda olan silahlar, dünya ordularının ən yaxşılarını, ən uyğun olanlarını özündə cəmləşdirən bir Azərbaycan modeli ortaya qoyub. Bu, özünü Silahlı Qüvvələrimizin yenilənməsi prosesində də, silah texnika parkının yenilənməsində də özünü göstərir”.
Hərbi şərhçi deyib ki, ölkəmizin hava hücumundan müdafiə sistemi, raket sistemləri, artilleriya sistemləri, raket qüvvələri, raket artilleriya qüvvələri və digər qoşun növləri, hərbi hava qüvvələri tam komplektləşmiş bütöv bir tam ordu formatında olan bir hərbi struktura çevrilib: “Türkiyənin ASELSAN şirkətinin istehsalı olan HERİKKS hava hücumundan müdafiə üzrə xəbərdarlıq sistemlərinin tətbiqi daha çevik addımlar atmağa imkan verəcək. Müasir dövrdə aparılan döyüşlər zamanı modern və innovativ silah və texnikaların tətbiqi danılmaz faktdır. Son illərin statistikasına nəzər salsaq görərik ki, dünyada baş vermiş döyüşlərdə qələbəni sürətləndirən və şərtləndirən əsas amillər müasir silah və texnikanın uğurlu tətbiqi ilə yanaşı, şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığıdır. Azərbaycan Ordusunun arsenalına da yeni dövrün tələblərinə uyğun silahların daxil edilməsi prosesi davamlı və sistematik şəkildə həyata keçirilir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, müasir standartlara cavab verən döyüş vasitələrinin alınması Azərbaycan Ordusunun müdafiə qüdrətinin artmasına və dünyanın güclü orduları sırasında yer tutmasına mühüm təsir göstərir”.