Qarabağdakı keçmiş qondarma rejimin “müdafiə naziri” olmuş Samvel Babayan yenə də Kalininqrad modelindən danışıb. Baş nazir Nikol Paşinyana yaxın mövqe sərgiləyən Samvel Babayan əvvəl də Kalininqrad variantından söhbət açmışdı. Babayan deyib ki, Azərbaycanla Ermənistan arasında əsas problem demarkasiya yox, yol məsələsidir:
“4 kənd verildi, sonra anklavlar, konstitusiyanı dəyişdirmək, gerbin dəyişməsi və s. ilə üzləşəcəyik. Sonda da yol verməli olacağıq. Mən deyirəm ki, Azərbaycanın Ermənistan ərazisi vasitəsilə Naxçıvana çıxışına şərait yaradaq, o halda qalan problemlər həllini tapacaq. Biz bununla sərhədi dəyişmirik, Kalininqrad variantından istifadə edirik. Azərbaycanla bu çərçivədə danışıqlar aparıb, həll yollarını tapmaq lazımdır”.
Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Elmir Səftərov deyib ki, Ermənistan götürdüyü öhdəliklərə əsasən, Azərbaycanla Naxçıvan arasında əlaqənin yaradılmasına şərait yaratmalı idi:
“Lakin artıq üç ildir ki, İrəvan müxtəlif bəhanələrlə bu prosesə mane olur. Bu ləngimələr səbəbindən alternativ olaraq Azərbaycan İranla onun ərazisindən keçən yol barədə razılaşıb. Ermənistan Rusiyanın əvəzinə direktivləri ilə hərəkət etdiyi Qərbin dəhliz layihəsinin bir hissəsi olması üçün səy göstərir. Beləliklə, İrəvan üçtərəfli bəyanatın 9-cu bəndini sabotaj edir və növbəti dəfə öhdəliklərindən yayınır. Belə olan halda isə Azərbaycan Kalininqrad variantını gündəmə gətirdi.
Elmir Səftərov
Yəni sərnişinlərin və yüklərin maneəsiz şəkildə Azərbaycanın əsas hissəsindən Naxçıvana və əks istiqamətdə keçməsi üçün heç bir gömrük rüsumu və nəzarət olmadan Ermənistan tərəfindən təhlükəsiz şərait yaradılmalıdır”.
E.Səftərovun sözlərinə görə, bu model dəhliz statusunda olmadığı üçün, sadəcə, Azərbaycandan-Azərbaycana öz funksiyasını qoruyur:
“Üçüncü ölkədən və yaxud ölkəyə aparılan mallar isə gömrük rüsumu və nəzarət altına düşə bilər və bu da müzakirələrdən sonra razılaşdırıla bilər.
Bu razılaşma isə Kalininqrad modelinin tam oxşarı kimi yox, hər iki ölkənin maraqları kontekstindən də müəyyən dəyişiklər və qarşılıqlı güzəştlər hesabına ərsəyə gətirilə bilər. Təbii ki, ilk növbədə, Ermənistan siyasi iradə nümayiş etdirsə, məqbul həll üsulları tapmaq mümkündür. Ermənistan dəhliz məsələsinə çoxşaxəli baxış sərgiləyərək bunun reallaşdırılmasına mane olmamalıdır.
İrəvan anlamalıdır ki, regional kommunikasiyaların açılması münasibətlərin normallaşması üçün bir vasitədir. Həmçinin bu dəhlizin açılması Ermənistanın suverenliyinə təsir etməyəcək”.