Avqustun 21-də Baş nazir Nikol Paşinyan və komandası Ararat bölgəsinə səfər edib, müxtəlif icmalara baş çəkib.
Lakin nə qədər qəribə olsa da, son vaxtlar Azərbaycana təslim ediləcəyi deyilən və ictimai müzakirələrin gündəmində olan Kərkiyə (Tiqranaşenə) getməyib. “Hraparak” qəzetinin bununla bağlı yazdığı məqalə siyasi rezonansa səbəb olub:
“Bu fakt Paşinyanın komandasında da narahatlıq yaradıb. Çünki Baş nazir Sevakavana - Tiqranaşenin burnunun dibinə çatsa da kəndə getməkdən yayınıb. Yeri gəlmişkən, Paşinyanın regional səfərlərinin mühüm tərkib hissəsi məsul regional hakimiyyət orqanlarının və hüquq-mühafizə orqanlarının cərgə-cərgə salam verməsi, daha sonra isə müvafiq videoların yayımlanması mərasimi olub”.
Nazirlər Kabinetindəki mənbənin qəzetə bildirdiyinə görə, Paşinyan şəxsən sakinlərlə görüşlərindən fotoların dərc olunmasını sifariş edib:
“Bununla da onun necə qarşılandığını nümayiş etdirib ki, cəmiyyəti vəziyyətə nəzarətdə saxladığına və ölkədə hörmət sahibi olduğuna inandırsın. Məsələ burasındadır ki, regionlarda güc strukturlarının rəhbərliyində heç də hamısı “nikolçu” və ya “Mülki müqavilə” Partiyasının sadiq üzvləri deyil. Paşinyan bunu çox gözəl anlayır və bu kadrlarla hamını “sındırmağa” çalışır.
Qeyd edək ki, Kərki kəndinin Azərbaycana qaytarılacağına dair son aylar Ermənistan mediasında bir neçə dəfə məlumatlar yayılıb. Nikol Paşinyan hökuməti bu məsələ ilə bağlı hələlik rəsmi açıqlama vermir. Lakin mətbuatda səslənən xəbərlərdə Qazax rayonunun qeyri-anklav dörd kəndindən sonra Kərkinin Azərbaycana qaytarılacağı bildirilir.
Bu barədə ilk məlumatlar may ayının sonlarına yaxın Ermənistan Ədliyyə Nazirliyi Yanında Kadastr Komitəsinin Kərkidə məskunlaşmış erməniləri müvəqqəti qeydiyyata alması ilə bağlı ortaya çıxmışdı. Yerli medianın yazdığına görə, Kadastr Komitəsi Kərkidə yaşayan ermənilərə şəhadətnamələrin dəqiq olmayan məlumatlar əsasında verildiyini əsas gətirərək onları kəndi tərk etməyə məcbur edə bilər. Demarkasiyanın növbəsi mərhələsində Ermənistan hökuməti Kərkidə yaşayanlara sənədlərin etibarsız olduğunu deyərək onları evlərini tərk etməyə məcbur edə bilər.
Bundan sonra Kərki kəndi Azərbaycana qaytarılacaq.
“Ölkə Naminə Həyat” Partiyasının sədri Mesrop Arakelyanın iyunun 17-də sosial şəbəkə vasitəsilə paylaşdığı bir xəbər Kərkinin qaytarılması məsələsini yenidən gündəmə gətirdi.
Erməni siyasətçi iddia edirdi ki, ev tikməsi və ya alması üçün 390 yaşayış məntəqəsinin siyahısını təsdiqləyib. O bildirib ki, Kərki kəndi istisna olmaqla, siyahıya bütün sərhədyanı yaşayış məntəqələri daxil edilib. Bu isə Ermənistan hökumətinin Kərkini Azərbaycana qaytarmaq niyyətindən xəbər verir.
Qeyd edildiyi kimi, Paşinyanın Ararat rayonuna səfəri zamanı Kərkiyə səfər etməməsi Sədərək rayonunun anklav kəndinin işğalına son qoyulacağı ilə bağlı xəbərləri yenidən aktuallaşdırıb. Əslində, Paşinyanın davranışı bu məlumatın həqiqətə yaxın olduğunu təsdiq edir. Baş nazir Kərkiyə getməməklə bu kəndin Ermənistanın suveren ərazisi olmadığına dair mesaj verib. Paşinyan bununla Ermənistan-Azərbaycan sərhədinin Sovet dövründəki xəritələr əsasında müəyyənləşməsinin tərəfdarı olduğuna bir daha işarə edib.
Lakin Nikol Paşinyan hakimiyyəti “Sovet dövrü” dedikdə daha çox 1991-ci il Almatı Bəyannaməsinin imzalanan zaman mövcud olmuş inzibati sərhədləri nəzərdə tutur. Sovet hakimiyyətinin Azərbaycanda və Ermənistanda 1920-1991-ci illəri əhatə etdiyini nəzərə alsaq, o halda delimitasiya və demarkasiya zamanı 71 il ərzində tərtib edilmiş istənilən xəritəyə müraciət etmək olar. 1928-ci ildə Azərbaycanda rayonların yaradılmasına qədər Kərki kəndi anklav vəziyyətdə olmayıb.
Yəni 1920-1928-ci illərin xəritələrinə baxdıqda, Kərki kəndinin Naxçıvan Muxtar Respublikasına bitişik ərazi olduğunu görmək mümkündür. Lakin 1928-ci ildə Şərur-Dərələyəz mahalının torpaqlarının qanunsuz olaraq Ermənistan SSR-ə verilməsi nəticəsində Kərki kəndi anklav vəziyyətə düşüb.
Ona görə də Azərbaycanın sərhədlərin müəyyənləşməsi prosesində 1928-ci ildən əvvəlki Sovet dövrü xəritələrinin tətbiqini tələb etmək üçün tam hüququ var. Hazırda həmin istiqamətdə sərhədlərin delimitasiyası üzrə xəritələr müəyyənləşmədiyinə görə Kərkinin tezliklə qaytarılacağını söyləmək çətindir.
Yəni öncə Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasına dair birgə komissiya xəritələrin tətbiqi məsələsində razılaşma əldə etməlidir. Hələlik bununla bağlı yekun razılaşma əldə olunmadığına görə Kərki kəndinin qaytarılması ləngiyir.
Eyni vəziyyət Qazax rayonunun işğal altında qalan Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərinə də aiddir. Əgər Azərbaycan və Ermənistan arasında xəritələrlə bağlı razılaşma Kərkidən öncə Qazax istiqamətində əldə olunsa, o halda adları çəkilən digər üç kəndin qaytarılması daha öncə baş verəcək.
Qeyd edək ki, Kərki kəndinin Azərbaycana qaytarılması məsələsinə yalnız delimitasiya və demarkasiya işlərinin tərkib hissəsi kimi baxmaq düzgün olmaz. Çünki Kərki kəndi Azərbaycanın işğal olunmuş suveren ərazisidir və qeyd-şərtsiz geri qaytarılmalıdır. Ona görə də Azərbaycan istənilən vaxt həmin əraziləri hərbi əməliyyat yolu ilə işğaldan azad etmək hüququndan istifadə edə bilər. /Cebheinfo.az/