Avqustun 18-i Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərimizi yenidən atıcı silahlardan atəşə tutub.
Eyni zamanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də, avqustun 18-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Putinin Azərbaycana səfəri ərəfəsində Ermənistan tərəfinin şərti sərhəddə atəşkəsi pozmasının səbəbi nədir?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Turkustan.az-ın suallarını cavablandırıb.
(Tural İsmayılov)
Politoloq bildirib ki, “əslində Ermənistan son dövrlərdə özü tərəfindən uydurma bir birgə komissiyadan bəhs edir ki, sərhəd insidentlərinin araşdırılması ilə bağlı guya Azərbaycanla Ermənistan arasında hansısa ortaq dırnaqarası bir komissiya yaradılmalıdır. Əlbəttə ki, bu Ermənistanın öz uydurmasıdır. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistan ərazilərində Avropa İttifaqının mülki missiyası adı altında Qərb kəşfiyyatı geniş fəaliyyət göstərir. Əlbəttə ki, Ermənistanda Avropa İttifaqı missiyası adı altındakı təxribatçıların fəaliyyət göstərməyi fonunda və eyni zamanda Ermənistanın sistematik şəkildə sülh müqaviləsini imzalamaqdan yayınması mənzərəsində hansısa bir ortaq komissiyadan söhbət gedə bilməz. Təbii ki, Ermənistan tərəfindən səslənən bu komissiya iddiaları Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klar da Ermənistanın bu bədnam və uğursuz dırnaqarası təklifinə öz dəstəyini ifadə etdi. Baxın ki, bu fikir səslənəndən həmən sonra insidentlər daha da aktivləşməyə başladı. Artıq son 3-4 gün ərzində bir neçə dəfə Naxçıvan istiqamətində və nəhayət bu gün də, Kəlbəcər istiqamətində Ermənistan növbəti təxribat törədib”.
Politoloq əlavə olaraq bildirib ki, “Ermənistanın Qərblə əlaqələrini daha da dərinləşdirmək fonunda, həmçinin Fransanın Ermənistanı kütləvi silahlandırması, ABŞ-ın Ermənistanla hərbi təlimlər keçirilməsindən sonra, Ermənistanın özəlliklə Rusiya prezidentinin Bakıya səfəri ərəfəsində belə təxribatların törətməklə bu təxribatların məqsədinin nə olduğunu növbəti dəfə ortaya qoymuş oldu. Ermənistan danışıqlar prosesindən və eyni zamanda bölgədə sabitliyin əldə edilməsinə töhfə verməkdən qaçır, yayınır və əlindən gələn bütün təxribatları bu kontekstə etməyə çalışır. Bu baxımdan da həm Naxçıvan, həm də Kəlbəcərdə Ermənistanın etdiyi təxribatların siyasi səbəblərinin bunlar olduğunu düşünürəm”.
Eltac Zülfüqaroğlu/Turkustan.az