Almaniya kansleri Fridrix Merz Rusiya-Ukrayna müharibəsində Rusiyanın qələbəsinin Almaniya və Avropa üçün ciddi və gözlənilməz nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, Merz Finlandiyanın Rovaniemi şəhərində keçirilən Yüksək Səviyyəli Avropa Arktika Zirvəsindən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edib.
Kansler Avropanın təhlükəsizliyi və azadlığının Ukraynadakı müharibənin nəticəsi ilə birbaşa bağlı olduğunu bildirib.
“Əgər Rusiya uğur qazanarsa, bu, Almaniya da daxil olmaqla hamımız üçün gözlənilməz və görünməmiş nəticələrə səbəb olacaq”, - deyə Merz bildirib.
O, bu səbəbdən Almaniyanın Ukrayna məsələsində qətiyyətli mövqe tutduğunu və geri addım atmaq niyyətində olmadığını vurğulayıb.
Merz Avropada sülh və azadlığın qorunması üçün Ukraynaya mümkün olan bütün dəstəyin göstərilməsini “tarixi vəzifə” adlandırıb.
Kansler Rusiyanın yalnız Ukraynaya qarşı müharibə aparmadığını, eyni zamanda Avropa ölkələrinə qarşı hibrid hücumlar və təsir əməliyyatları həyata keçirdiyini iddia edib.
Avropa ölkələrində Ukraynaya dəstəyə qarşı artan etirazlarla bağlı suala cavab verən Merz müharibənin kritik mərhələyə daxil olduğunu bildirib.
“Çox güman ki, qitəmizin azadlığını və sülhünü qorumaq üçün ən həlledici anlar, bəlkə də həftələr və ya aylar sonra, qarşıdadır”, - deyə Almaniya kansleri qeyd edib.
Aytən Yaşar/ Turkustan.az