"Günah səndə, günah məndə"


Dünənki hadisə ilə bağlı mən də öz fikirimi yazmaq istədim. Əslində, bu mövzuda yazmaq da, danışmaq da mənə çətindir. Xoşagəlməz hadisədir. “Kaş olmayaydı” deyirəm, amma oldu. Öncə demək istərdim ki, mən Ağadadaş Ağayevi təmkinli, mədəni, alicənab insan kimi tanıyıram. Əsəbiləşmək insanın təbiətindəndir. Əsəbiləşən insan nə etdiyini, nə dediyini bilmir. Necə ki, məşhur “Ölümü yazan qadın” serialında deyilirdi ha: “Səhv etmək insanın haqqıdır!”, eləcə də, əsəbiləşmək də haqqımızdır. Üstəlik, Ağadadaş Ağayevin onkoloji xəstə olması faktı da var. İllərdir ki, xərçənglə mübarizə aparan müğənnimiz 2 dəfə cərrahi əməliyyata da girib. Çeçələ barmağımıza tikan batanda onun narahatlığını, əsəbini yaşayırıq. “Canı ağrıyanla ehmal davranın” deyir ulularımız. Necə deyərlər, o, onsuz da, “canından çəkir”. Xərçəngin, xərçənglə mübarizə zamanı keçilən prosedurların insanda sağlam əsəb qoymadığını da bilirik.

Düşünürəm ki, xəstə adamı döymək insanlıqdan deyil. Xəstə adama qayğı lazımdır, qulluq, nəvaziş lazımdır. Məncə, gözətçi Ağadadaş Ağayevə yaxınlaşsaydı, onu sakitləşdirməyə çalışsaydı, nəzakətli sözlərlə onun əsəbini yatışdırıb baltasını əlindən alsaydı, daha yaxşı olardı. Baxıram, əksər insanlar məsələnin tam səbəbini bilmədən gözətçiyə haqq qazandırırlar. Amma əsl kişi xəstə adamı döyməz!

Ağadadaş Ağayevdə də səhv var; ona bəraət qazandırmıram. Kaş, bu hərəkəti etməzdi, balta atmazdı, təmkinli olardı. Görün, insanı nə həddə çatdırıblar ki, balta atıb. Səhv edib, cinayət edib, bəli, cəzasını da hüquq mühafizə orqanları verəcək.

Nürəddin Cəlilov adlı gözətçi, təbii ki, özünü müdafiə etməliydi. Heç kimin ixtiyarı yoxdur ki, yolun ortasında, günün günorta çağında digərinə balta atsın. Lakin müğənnimizin səhvi gözətçiyə haqq vermir ki, vəhşicəsinə kimisə yerə yıxa, təpikləyə, ürəyi soyumaya, təkrar üstünə cuma, hələ ağzına da təpik vura. İnsident zamanı Ağadadaş Ağayev ölsəydi nə olacaqdı? Nürəddin Cəlilov ömrünün sonunadək insan həyatına qıymağın yaşatdığı vicdan əzabından qurtula biləcəkdimi? Hələ bu əməlin hüquqi qiymətindən danışmıram. Videoya baxanlar da gördü yəqin, gözətçi müğənnini elə döyür ki, elə bil nəyinsə qisasını alır.

Döyülən adam yerdə köməksiz qalır, kimsə ona yaxınlaşmır, kömək etmir... Şəxsən mən videoya ürək ağrısı, xəcalətlə baxdım. Amma insanlar 3-5 metr aralıda baş verənlərə elə laqeydcəsinə baxırlar ki, sanki hər şey adiləşib: insan döymək də, söymək də, lap elə balta atmaq da, döyülüb, yıxılıb asfaltda qalmaq da... İstiqanlı, yanımcıl Azərbaycan xalqı nə vaxtdan belə etinasız, “mənə nə?” prinsipi ilə yaşamağa başladı ki?

Gözümüzü açandan Ağadadaş Ağayevi əlində mikrofon tədbirlərdə, konsertlərdə, toylarda, el şənliklərində, ekranlarda görmüşük, onun mahnılarını dinləyə-dinləyə böyümüşük. Məlahətli səsi, ədəb-ərkanı ilə könülləri fəth edib, özünə el-oba arasında hörmət qazanıb.

Bir hadisəni yadınıza salım. Bir neçə il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də buna oxşar olay olmuşdu. Düzdür, baş verənləri müqayisə etmirəm; müqayisə olunası da deyil. Sadəcə, oradakı gözətçinin rəftarından danışıram. Nazirlikdəki gözətçi qazi idi, adı Turab idi, deyəsən. Elə indi də orada işləyir mən bilən. Qazilər nazir Sahil Babayevlə görüşmək istəyirdilər. Bir neçə nəfər idilər. Buraxmırdılar. Axırda qazilərimiz binaya daxil ola bildilər.

Gözətçi binaya daxil olan narazı qazinin birini qucaqladı, sakitləşdirdi. Özü də onlarla birgə ağlayırdı, hətta yalvarırdı: “Lazım deyil, qurban olum, sakitləş, xahiş edirəm, qardaşımsan, özünü ələ al”. Sonra isə, qoluna girib ərazidən uzaqlaşdırdı. O səhnə, o kadrlar hələ də yadımdadır. O qaziyə halaldır. Kaş, belə insanlarımız çox olardı! Belə gözətçi olmaq lazımdır! Yoxsa gözətçi kimi gəldi ayaq altına atıb döyürsə, bu insanlığa sığmayan hərəkətdir.

Mühafizəçi insanları qorumalıdır, vəhşicəsinə döyməməlidir. Onu bilirəm ki, hər işdə təmkin, səbr və rəhm lazımdır-olmasa, işləmək çətindir. Xahiş edirəm, qoca və xəstə insanlara qarşı bir az təmkinli olaq. Hamımız qocalacağıq… Bilinmir biz necə olacağıq...

Bu hadisədə hər iki tərəf günahkardı. Xalq artisti Ağadadaş Ağayev məşhur mahnısında oxuduğu kimi "Yarı səndə, yarı məndə".

Leyla Turan


MANŞET XƏBƏRLƏRİ