"Biz dünyaya sübut etdik ki, torpaqlarımıza sahib çıxmağa bacaran xalqıq"
Bir yuxu kimi yaşananları insan ömrü saymaq olmaz, bilirəm. Amma elə yaşanmışlar/yaşanacaqlar var ki, yuxulardan keçib gəldiyi də olur insan övladının. Bir qərinə qədər Şuşalı yuxular gördü Azərbaycan xalqı. Axır, yuxumuz çin çıxdı.
Xoş idi vüsal səslənişi, ürək qədər əziz idi Şuşalı yuxular... Özümdən bilirəm. Özüm görmüşdüm Şuşanı yuxumda, sonra getdim, qovuşdum yuxularımın şəhərinə. “İsa bulağı” isə xəyalım oldu Şuşaya ilk səfərimdən bu yana. Şuşayadək getmişdim, şeirlərdə, mahnılarda vəsf olunan, adı yanğıyla çəkilən, göynəyimizə rəng olan “İsa bulağı”nı görməmişdim. Xəyalımda bu bulağın qarşısında durur, ona bayatı çəkirdim. Deyirdim:
Mən aşiq sənə, bulaq,
Könül ver mənə, bulaq...
Məğrurluğu ox etdin,
Atdın düşmənə, bulaq...
***
Həsrətinə mən qurban,
Gözümdəki nəm qurban...
Dağlar bəzəyi bulaq,
Dağda sənə çən qurban...
Düz bir il xəyalını qurdum illərlə həsrətini yaşadığım bulağın. Ta ki, 2023-cü il iyulun 14-də yenə yolum Şuşaya düşdü. Bu dəfə Vaqif Poeziya Günlərində iştirak edirdim deyə, “İsa bulağı”na baş çəkməyə vaxtım vardı. “Baş çəkmək” dedim... Bu, elə-belə, bir baxımlıq baş çəkmək deyildi. Başımı daşına söykəmək, illərlə ruhuna hopdurduğu həsrəti, nisgili dinləmək istəyirdim.
Getdim... Başımı söykədiyim daş çoxdan dilə gəlmişdi. Və bəlkə də, heç susmamışdı... Düşmən əsirliyində keçirdiyi hər gün üçün belə, “İsa bulağı”nın bir qəmli bayatısı vardı. Söz onun idi, səs mənim dilimdən tökülürdü:
Mən aşiqəm bu dərdə,
Tay tapılmaz bu dərdə...
Daşıydım, ərimədim,
İnsan dözməz bu dərdə...
***
Bu yol gedir Şuşaya,
Həsrətim gəlməz saya...
Kaş, dərdi ölçə biləm,
Damlamı saya-saya...
Bu bayatıların kədərinə yeganə dərman illər sonra Şuşanın da, “İsa bulağı”nın da öz doğmalarına-bizə qovuşması idi, bilirdim. Amma illərin həsrəti bir udumluq vüsalla unudula bilməzdi axı. Unudulmadı da... Unudulmayacaq da... Unuda bilməyəcəyəm torpağımın, Vətənimin sinəsinə çəkilən dağları... Unuda bilməyəcəyik Şuşalı yuxularımızı və bu yuxumuzu çin çıxaran Ali Baş Komandan İlham Əliyevin dürüst siyasətini və canını torpağa qurban deyən igidlərimizi! Yox, biz nə kədərimizi, nə də sevincimizi unudacağıq!
Həmin gün orada-“İsa bulağı”nda bir Xankəndi havası da əsmişdi başımda. Qəfil başımı çəkmişdim bulağın daşından. Dilimdən bir göynəyin müşayiət etdiyi ümidlə “Xankəndi!” kəlməsi çıxmışdısa da, qulaqlarımda Xocalı harayı uğuldamışdı. O haray ki, öldürülən, parçalanan, donan uşaqların yarım qalmış bütün arzuları, nəğmələri qoşalaşıb yaratmışdı onu...
Təkcə mənim deyil, bütün azərbaycanlıların qulağından heç çəkilməyən bu harayı dünya niyə eşitmədi, görəsən? Bəlkə eşitdi, eyninə almadı? Axı bu haray eşidilməyə bilməzdi... Yox... Eşitmişdilər... Əminəm. Əminik! Sadəcə, eşitdiklərini boyunlarına alsalar, o zaman da niyə susduqlarının hesabını verməli olacaqdılar axı.
Mənəm, havalı bulaq,
Seyri-səfalı bulaq...
Hər bir damla suyumla
Min dərdə dəvalı bulaq...
“İsa bulağı” ilə dərdləşməyimiz minilliklərin o tayında başlamışdı, zamanın “bu gün”ündə davam edirdi, neçə min il bundan sonrayadək də davam edəcəkdi. Bir-birimizə söyləyəcəyimiz təsəlli cümlələri də bol idi... Şuşa müjdəsiylə bir-birimizin könlünü oxşamamız da dağlarda əks-səda verən bayatı kimiydi. Gözlərimizin axtardığı Xankəndi, Xocalı müjdəsini ruhən bir-birimizə ötürə bilirdik. Ötürmək vasitəmiz ümidimiz idi!
Uzaqdan Xankəndini görsənirdi. Dostmuz dedi: "Baxın, Xankəndi görsənir. O işıq yanan yer". Yuxarıdan baxdıq, Xankəndini gördük. Həqiqətən işıq yanırdı. Onda hələ ermənilər yaşayırdı orda. Baxdım diqqətlə, düşməyə imkan olmadı, elə maşından boylandıq baxdıq. Öz-özümə düşündüm ki, bura da tezliklə qayıdacağıq, heç ilin sonuna qalmayacaq. Payızda mütləq. Elə də oldu. Altıncı hissim məni aldatmadı. Uzağı yaxın etdik.
***
2023-cü il sentyabrın 19-u... Saatlar ərzində Qarabağda ard-arda mina partlayışları baş verdi və asayişimizin keşiyində dayanan polislərimiz, mülki şəxslər həlak oldu. Ölkəmizin Müdafiə Nazirliyi bu terror aktlarının təkrarlanmaması, həmçinin, Azərbaycanın konstitutsiya quruluşunu bərpa etmək üçün Qarabağda antiterror əməliyyatlarına başlayacağı haqda bəyanat yaydı. 24 saat davam edən antiterror əməliyyatı uğurla nəticələndi... Proseslər hansı mərhələlərlə davam etdi, bunu hamımız yaşadıq/gördük...
Ermənilər Xankəndini tərk etməyə başladılar. Xankəndinə bir az da yaxın idik. Ermənilıərə şans verildi. Azərbaycan Prezidenti onlara səfalətdən, zillətdən və sabaha ümidsizlikdən qurtuluş vəd edirdi. İlham Əliyev bütün vədlərini yerinə yetirir. Bunu ermənilər də bilir. Onlar son şanslarını dəyərləndirməlidirlər.
Mənsə bu yaşananlara yenə yuxularımdan keçib gəldim. Yuxumda anamla birgə Xankəndində idim. Gözəl, allı-güllü, yeləni butalı don geyinmişdik ikimiz də. Anam 40 il əvvəl Xanın kəndində olduğunu yenə xatırlamışdı. Bu yerlərə olan heyranlığından, sevgisindən danışırdı. Həmişə deyirdi ki, "Gün o gün olsun sən də gedəsən Xankəndinə, o gözəl yeri görəsən". Mən də ona qoşulub gah gülür, gah da sevincdən axan göz yaşlarımı silirdim. Şəhəri əl-ələ gəzir, uzaqdan görünən Şuşaya əl sallayırdıq. “Biz və bizim dağlar” adlı heykəl isə şəhərin yaraşığına yad idi... Hər mənada yad... Bu yadlığın tezliklə bizim doğmalımızda yox olacağını güman edərək şəhəri başdan-başa gəzdik. Mərkəzi meydanda üçrəngli bayrağımızı görəndə qürurlandıq. Məğrurluğumuz yaşa dönüb gözümüzdən axmağa başladı...
...Yuxudan oyananda yanaqlarımın, həqiqətən, yaş olduğunun fərqinə vardım. Demək, yuxuda ağlamışdım. Demək, yuxumdakı vüsalı gerçək kimi yaşamışdım. Xəbərləri açdım və internet mediadan oxudum ki, cənab prezident Xankəndinə gedib, orda bayrağımızı qaldıracaq. Yuxum çin çıxmışdı, özü də, bu qədər tez! Sevincimin həddi-hüdudu yox idi!
Daxilimdə tüğyan edən şükran duyğusunun ünvanı Yaradanımız, Ali Baş Komandanımız, şəhidlərimiz, qazilərimiz, bu igidləri böyüdən analarımız, bəlkə də, bütün kainat idi!
Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağının ucaldılmasını tarixi hadisə adlandırdı. Həqiqətən bu tarixi hadisədir. 30 il gözlədik, həsrətini çəkdik, nə qədər şəhid verdik. Nəhayət bu günü gördük. Şəhidlərin ruhu həmin gün rahatlıq tapdı, mən buna əminəm.
Cənab Prezident dedi ki: "Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı-canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
...İndi Xankəndində də, Xocalıda da Azərbaycan bayrağı dalğalanır.
Xocalı bizim and yerimizdir, qürur yerimizdir. Xocalıda həlak olan uşaqların qisası alındı. Şəhidlərimizin qisası alındı. Həmişə o kadrlara baxanda düşünürdüm ki, bu uşaqlar nələr çəkib. Nələr görüb. Onu biz bilmərik. Biz onu yaşamamışıq. Lakin 31 ildi Xocalıya qayıtmaq idi arzumuz, Xocalıya Ədalət istəmişik. Biz də Xocalılı olmuşuq. Arzularımızın çin olduğu günə min şükür!
Ulu Öndər Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi. Ümummilli lider Heydər Əliyevin ruhu şaddır. O bu günü görməyi arzulayırdı. Hər zaman xalqa müraciət edəndə deyirdi ki: "Biz Qarabağa qayıdacağıq, inanın ki qayıdacağıq!" Elə də oldu. Onun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev onun vəsiyyətini yerinə yetirdi. Qüdrətli Azərbaycan ordusu cənab Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımızı- Qarabağı mənfur erməni işğalından azad etdi.
Bu gün Xankəndində azan səslənir, Xankəndinə həyat qayıdır. Biz dünyaya sübut etdik ki, torpaqlarımıza sahib çıxmağa bacaran xalqıq
Bu dəfə yolum “İsa bulağı”na düşən kimi, ona bayatı çəkməyəcəyəm. Bir şeir oxuyacağam. Sevdalıların –Azərbaycan xalqının və Xanın kəndinin, Xocalının qovuşduğu vüsalı anladan bir şeir! Söz-söz, misra-misra söyləməyə başlamışan o şeiri.
Gördünmü, gözəl bulaq,
Xocalının dərdinə
Dərman oldu bu zəfər!
***
Ay min dərddən ucada
Şəfasıyla dayanan,
Dağlara bəzək bulaq,
Xankəndi müjdəsiylə
Şeir deyim bu səfər!
Möhürbəndini “İsa bulağı”nın qulağına pıçıldayacağam. Qoy sevincimi sularının yaddaşına yazsın. Axsın, axsın, illərlə Xocalı dərdindən, Xankəndi həsrətindən, Şuşa nigaranlığından danışdığı kainata indən belə vüsalımızdan, zəfərimizdən də danışsın!
Leyla Turan