Evdən çıxmadan, işdən ayrılmadan qazanc əldə etməyin yolları – İqtisadçı açıqladı


2020-ci ildən bəri qlobal ərzaq qiymətlərində fasiləsiz artım davam edir. Analoji olaraq digər sahələrdə də bahalaşma müşahidə edilir. Pandemiya və müharibə inflyasiyanın artmasına gətirib çıxaran hərəkətverici qüvvələrdən hesab olunur.

Bütün dünyanın kabusuna çevrilən bahalaşma insanları əlavə gəlir mənbələri hesabına böhrandan çıxmağa vadar edir. Hazırda peşəsindən asılı olmayaraq, mövcud işini davam etdirərək, bəzən evdən çıxmadan əlavə gəlir əldə etməyin yollarını axtaran insanlar çoxalıb. Əlavə gəlir əldə etmək istəyənlər yaşadıqları yerdə təcrübələrinə, istedadlarına və ya maraqlarına əsaslanan müxtəlif üsullarla bir ideyanın izinə düşərək əmanətlərini artıra bilirlər.

Yaradıcı ideyalar, təcrübə, bacarıq və istedad tələb edən əlavə gəlir qapılarının hər kəsin üzünə açıq olduğunu demək olmaz. Bəzən bu, hər kəsdə uğurlu alınmır. Bu gün heç bir şirkətə bağlı olmadan, ofisə getmədən ikinci iş qurmaq, əlavə gəlir etmək çox çətindir.

Maraqlıdır, ölkəmizin reallıqlarını nəzərə alsaq, əlavə gəlir əldə etməyin yolları varmı? Bu üsullar hansılar ola bilər?

İqtisadçı-alim Vüsalə Əhmədova mövzunu Teleqraf.com-a şərh edib.

O, hazırda bütün dünyada sürətli inflyasiya prosesinin getdiyinə diqqət çəkib: "Postpandemiya dövrü, qonşu ölkələrdə müharibə vəziyyəti, iqtisadi böhran qiymət artımını tətikləyən faktorlardır. Təbii ki, belə olan şəraitdə insanların məvacibi onların gündəlik tələbatlarına güclə çatır. Əldə etdiyi məvaciblə dolanışığını təmin edə bilməyən vətəndaş alternativ qazanc mənbələri axtarmaq məcburiyyətində qalır. Sual yaranır, belə olan halda nə etməli?

İstər real həyatda, istərsə də internet üzərindən əlavə qazanc əldə etmək imkanları mövcuddur. Lakin burada da hər bir şəxsin fərdi qabiliyyəti, bacarıq və biliyi əsas rol oynayır. Məsələn, bir iqtisadçı kimi, məndən soruşduqda əlavə qazanc mənbəyi kimi fyuçers əməliyyatlarını qeyd edirəm. Səhmlər, xarici valyutalar, hissə sənədləri, qızıl, neft, taxıl, pambıq kimi müxtəlif əmtəələr və ya birja indeksləri kimi çeşidli maliyyə alətləri ilə əməliyyatların aparılması... Əlbəttə, ölkənin reallıqları da nəzərə alınmalıdır.

Onu da vurğulayım ki, Azərbaycan Fond Birjası Dünya Birjaları Federasiyasına üzv deyil və maliyyə alətlərinin müxtəlifliyi baxımından kifayət qədər inkişaf etməyib. Türkiyədə isə demək olar ki, hər üç nəfərdən ikisi birja əməliyyatları ilə məşğuldur. Dünyanın öndə gedən birjalarının ilk onluğuna daxil olan İstanbul Fond Birjası müxtəlif maliyyə vasitələri və xidmətləri təklif edir.

Təbii ki, foreks üçün minimum maliyyə bilikləri tələb olunur. O cümlədən, bu işlə məşğul olan insanlar bacardıqca səbirli olmalı, iddialar bir kənara qoyulmalıdır. Bir şeyi qəbul etmək lazımdır ki, foreks bir qumar oyunu deyil, investisiya vasitəsidir. Çoxları maraqlanır, qeyd edim ki, şəxsən birja əməliyyatları ilə heç vaxt məşğul olmamışam, ancaq maraqlanan dostlarıma bəzi məsləhətlər vermişəm.

Bundan əlavə, kriptovalyutaların alqı-satqısı son dövürlərdə yüksək qazanc gətirir. Yenə, burada da çox diqqətli olmaq tövsiyə olunur. Kriptovalyuta dedikdə ilk ağla bitkoin gəlir, ancaq hazırda minlərlə kriptovalyuta növü mövcuddur. Bu sahədə risk faktoru olduqca yüksəkdir, ilk diqqət edəcəyimiz vacib məqam az da olsa tanınan və etibarlı kriptovalyutalara investisiya etməyimizdir. Yarandıqdan qısa müddət sonra yox olan rəqəmsal valyutalar var ki, hər şey bir göz qırpımında baş verir. Bilirsiz ki, rəqəmsal valyuta bazarı qanunlarla tənzimlənmir".

İqtisadçının növbəti qeyd edəcəyi digər alternativ qazanc əldə etmə yolları ilk baxışda qeyri-real görünə bilər.

Ancaq o deyir ki, bu sahələrə həvəslə və ciddi yanaşmaqla böyük məbləğlər qazanmaq mümkündür: "Məsələn, "affiliate marketing" yəni, marketinq tərəfdaşlığı. Burada mahiyyət nədən ibarətdir? Hər hansı bir şirkətin məhsul və ya xidmətlərinin tanıtımından və ya satışından komissiya əldə etmə. Bunun üçün öncə özünüzə aid bir bloq yaradırsınız və ya "WordPress" sistemindən istifadə edərək sayt dizayn edirsiniz.

Bundan sonra müəyyən qədər izləyici toplamalısınız ki, bu da sizin şəxsi qabiliyyətinizdən asılıdır. Daha sonra müxtəlif markalarla və ya firmalarla əməkdaşlığa başlayaraq onların məhsullarını müştərilərə yönəldirməklə bunun müqabilində faiz əldə edirsiniz".

Analitik son bir neçə ildə sürətlə inkişaf edən "dropshipping" biznesindən də ciddi gəlirlər əldə etməyin mümkün olduğunu vurğulayıb: "Bu, cüzi xərclərlə satış həyata keçirməyə imkan yaradan e-ticarət sistemidir. Xarici topdansatış şirkətləri ilə ölkədəki müştəriləri əlaqələndirən beynəlxalq e-ticarət olaraq da bilinməktədir. Bir növ malların vasitəçinin anbarında toplanmasına ehtiyac olmadan, pərakəndə ticarətin həyata keçirildiyi tədarük zəncirinin idarə edilməsi üsuludur.

Məsələn, siz topdansatış şirkətlərindən məhsulları ucuz qiymətə alaraq öz saytınızda və ya hər hansı başqa bir e-ticarət platformasında malın üzərinə əlavə məbləğ qoyaraq yerləşdirə bilərsiniz. Bunun üçün malları əvvəlcədən almanıza, mal xarici ölkədədirsə əlavə yol xərci çəkərək ölkəyə daşımanıza, anbarlara toplamanıza ehtiyac qalmır. Sanki siz müştəri ilə topdansatış firmaları arasında bir vasitəçi rolunu oynayırsınız. Edəcəyəniz tək şey "dropshipping" firmasının məhsul kataloqundan bəyəndiyiniz məhsulları seçib saytınıza yerləşdirmək və qiyməti müəyyən etməkdir.

Müştəri tapdığınız zaman isə onun ünvanını satıcı firmaya yönləndirirsiniz. Mallar istehsalçının, dillerin və ya topdan satıcının anbarından alıcıya göndərilir. Təbii ki, burada da bəzi risklər var. "Dropshipping" tədarükçüsü axtardığınız zaman etibarlı şirkət olduğundan əmin olun, şirkətin lisenziyasını, vergi nömrəsini, ünvanını kontrol edin. "SaleHoo", "Modalyst" və "Spocket" kimi web saytlardan etibarlı tədarükçülər tapmaq mümkündür. "Amazon", "AliExpress" və ya "eBay" kimi nəhəng e-ticarət platformaları "dropshipping" həyata keçirməyə icazə verir".

Vüsalə Əhmədova peşəsinin mütəxəssisi olan insanlarımızın kifayət qədər olduğunu düşünür:

"Məsələn, yaxşı mühasiblər, HR mütəxəssisləri, sığorta və ya marketinq üzrə mütəxəssislər, tərcüməçilər, dizaynerlər hansı ki, bu kimi şəxslər "Upwork" kimi platformalar vasitəsilə xidmətlərini satışa çıxara və ya ödənişli "webinar"lar təşkil edərək biliklərini paylaşa bilərlər. "Udemy" platforması məhz kurslar təşkil etmək və özünü bir mütəxəssis kimi tanıtmaq üçün yaxşı platformadır.

Hazırda web seminarların təşkili bütün dünyada çox aktualdır. Elektron kitabların və ya audio kitabların hazırlanmasında maraqlı olan şəxslər isə bu işdən qazanc əldə edə bilərlər. E-kitab üçün "EPUB" və "mobi" kimi formatlar müvcuddur, hansı ki "Beynəlxalq Rəqəmsal Nəşriyyat Formu" tərəfindən elektron kitab standartı olaraq elan edilib".

Müsahibimizin müşahidələrinə əsasən, musiqi duyumu və ya bəstəkarlıq qabiliyyəti olan gənclər maliyyə çətinliyindən dolayı özlərini lazımınca tanıda bilmirlər: "Bu kimi gənclər bəstələdikləri özlərinə məxsus musiqiləri və ya reklam cınqıllarını müxtəlif platformalar vasitəsilə satışa çıxara bilərlər. Məsələn, "Musicxray" kimi saytlar bu sahədə istedadı olan şəxslər üçün nəzərdə tutulub. O cümlədən, dinləyicilər də bu musiqiləri dinləyərək şərh yazmaqla pul qazana bilirlər.

Bəzilərinə gülməli gələcək, ancaq "Google"də axtarış apardığınız zaman paralel olaraq qazanc da əldə etmək olur. Ancaq bunun üçün əvvəlcə müvafiq saytlarda qeydiyyatdan keçməyiniz tələb olunur. Bununla da internetdə etdiyiniz hər axtarışa görə hesabınıza koinlər toplanır və daha sonra onları real pula çevirə bilərsiniz".

Vüsalə Əhmədova deyir ki, əlavə gəlir əldə etmək istiqamətində fərqli əl qabiliyyəti olanlar da şanslı hesab olunur:

"Əl qabiliyyəti və yüksək zövqə malik şəxslər müxtəlif bəzək əşyaları, çantalar, şamlar, rəsimlər, divar saatları hazırlaya və bunları internet üzərindən satışa çıxara bilərlər. Türkiyədə bir gənc xanımla tanış olmuşdum, xanımın xüsusi dizaynda hazırladığı "divar saatları" marka məhsullardan daha çox satılırdı.

Xarici ölkələrdə "refurbishing" xidməti də çox populyardır. Bu, ağıllı telefonların, planşetlərin, kompüterlərin təmir edilərək, müxtəlif hissələri dəyişdirilərək, proqram təminatı yenilənərək və modernləşdirilərək təkrar satışa çıxarılması prosesidir. Evdar xanımlar isə evdə müxtəlif tortlar və şirniyyatlar hazırlayaraq sosial media vasitəsilə satışa çıxara, sifarişlər qəbul edə bilər. Bilirsiz ki, bir ictimai iaşə obyekti açmaq üçün məkanın icarəsindən tutmuş, bir çox dövlət qurumlarından icazə və lisenziyalar tələb olunur. Belə olan təqdirdə də məhsulun dəyəri dəfələrlə yüksəlir. Evdən bu işi daha ucuz və keyfiyyətli həyata keçirməniz mümkündür".


MANŞET XƏBƏRLƏRİ