AQEM-in Media Forumunda Azərbaycan sədrliyi müzakirə olunub


Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda Media Forumu çərçivəsində "Azərbaycan sədrliyi: Təşəbbüslər, Əməkdaşlıq, Nəticələr" adlı panel sessiya keçirilib.

Turkustan.az xəbər verir ki, panelə "ANEWZ" beynəlxalq xəbər telekanalının baş redaktor müavini Orxan Amaşov moderatorluq edib.

Sessiyada çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Azərbaycanın AQEM-ə sədrliyi dövründə iqtisadi inkişaf, rəqəmsal sistemlər, nəqliyyat şəbəkələri və ekoloji dayanıqlılıq istiqamətlərində əməkdaşlıq və inkişafın diqqət mərkəzində olduğunu qeyd edib.

O vurğulayıb ki, cari ilin qarşıdakı dövründə rəqəmsal transformasiya sahəsində ixtisaslaşmış təlim proqramları həyata keçiriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova isə sürətli dəyişikliklər fonunda medianın roluna toxunub. O qeyd edib ki, media yalnız düzgün və etibarlı məlumatların yayılmasına deyil, həm də məsuliyyətli yanaşmanın və ictimai dəyərlərin formalaşmasına xidmət edir.

Türkiyənin Radio və Televiziya Baş İdarəsinin (RTÜK) sədri Mehmet Danış bildirib ki, Türkiyə AQEM-in beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir.

O vurğulayıb ki, çoxtərəfli platformalara inamın azaldığı bir dövrdə AQEM kimi qurumların əhəmiyyəti artır.

BMTMM-in İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov isə çıxışında AQEM-in beynəlxalq təşkilata çevrilə biləcəyini vurğulayıb. O qeyd edib ki, qlobal qeyri-sabitlik fonunda regional təşkilatların əhəmiyyəti artır.

F.Məmmədov Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilatın institusional inkişafı istiqamətində mühüm təşəbbüslərin irəli sürüldüyünü deyib.

Panel müzakirələrlə davam edib.


MANŞET XƏBƏRLƏRİ