Rusiya-Ukrayna müharibəsinin 4 ili: Sülh nə vaxt olacaq?


24 fevral 2022-ci il, səhər saatlarında, Rusiya ordusunun Ukraynaya endirdiyi ilk zərbə yalnız iki ölkəni deyil, bütün Avropanı silkələdi... Bununla da dünya tarixinə dərin iz buraxacaq yeni bir müharibənin başlanğıcı qoyuldu...

Turkustan.az xəbər verir ki, Rusiya ordusunun Ukrayna ərazisinə genişmiqyaslı hücumu ilə başlayan müharibə Avropada İkinci Dünya müharibəsindən sonra ən böyük silahlı qarşıdurmaya çevrildi.

Dörd il ərzində bu münaqişə yalnız iki ölkənin deyil, bütövlükdə qlobal təhlükəsizlik sisteminin gələcəyini dəyişdirən geosiyasi hadisə oldu.

Öncə, müharibənin qanlı statistikasına nəzər salaq.

Hərbi vəziyyət və itkilər

Rusiya Ukraynanın təxminən 20 faizini nəzarətində saxlayır, lakin irəliləyiş çox yavaşdır.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatına görə, son iki ildə rus qüvvələri aylıq təxminən 26 min itki verib; ümumi itkilər (ölən, yaralanan və itkin düşənlər daxil olmaqla) təxminən 1,2 milyon nəfərə çatır. Ukrayna hərbçilərinin ölümü təxminən 100.000–140.000 nəfərdirsə, Rusiya hərbçilərinin ölü sayı 275.000–325.000 nəfər arasında qiymətləndirilir və bu Ukraynanın ölü itkilərinin təxminən ikiqatıdır.

Əsas döyüş zonaları Donetsk, Zaporojets, Pokrovsk, Kupianskda ətrafında olan müharibədə Ukrayna ordusu Qərb texnologiyası və dronlardan istifadə ilə müdafiədə üstünlük qazanıb.

Siyasi dəyərləndirmə

Ukrayna Prezidenti Volodimir Zelenskiy bildirib ki, Rusiya müharibədə məqsədlərinə nail ola bilməyib və Donbasın Rusiyaya verilməsi Ukrayna üçün strateji təhlükə yaradacaq. O, Putini sərt tənqid edərək “üçüncü dünya müharibəsi” riskindən danışıb.

ABŞ və Avropa İttifaqı sülh danışıqlarını təşviq etsə də, nəticə yoxdur.

Müharibəyə səbəb olan faktorlar

Müharibənin səbəbləri çoxqatlıdır, tək bir faktorla izah edilə bilməz. Rusiya uzun illərdir ki, NATO-nun Şərqə doğru genişlənməsini öz milli təhlükəsizliyi üçün təhdid hesab edirdi. Ukraynanın NATO üzvü olmaq perspektivi Moskva üçün qırmız xətt sayılırdı.

2014-cü ilin Meydan hadisələrindən sonra Ukrayna açıq şəkildə Qərbə inteqrasiya kursunu seçdi ki, bu da Rusiyanın Ukraynanı öz təsir dairəsində saxlamaq strategiyasına zidd idi. Eyni zamanda, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və Donbas regionunda separatçı münaqişənin başlaması iki ölkə arasında faktiki müharibənin əsasını qoymuşdu.

Bundan başqa, Rusiya postsovet məkanını öz strateji təsir zonası hesab edirdi. Ukraynanın bu zonadan çıxması isə Moskva üçün həm siyasi, həm də simvolik məğlubiyyət demək olardı.

Nəzəri baxımdan müharibənin qarşısını almaq mümkün idi: bunun üçün Ukraynanın NATO üzvlüyü məsələsində neytral statusu rəsmiləşdirilə, Minsk razılaşmaları tam icra oluna və ya ABŞ, Avropa və Rusiya arasında yeni təhlükəsizlik sistemi qurula bilərdi. Lakin tərəflər arasında etimadın olmaması, qarşılıqlı təhlükəsizlik qorxusu və geosiyasi rəqabət müharibəni, demək olar ki, qaçılmaz etdi.

Paradoksal görünsə də, müharibə Ukrayna üçün yalnız itkilər gətirmədi, müəyyən strateji qazanclar da verdi. Ukraynada milli kimlik gücləndi, Rusiyaya qarşı ictimai müqavimət və dövlətin mövqeyi möhkəmlənib.

Müharibə qlobal sistemdə də ciddi dəyişiklik yaratdı. NATO yenidən gücləndi və genişləndi. Avropada enerji siyasəti dəyişdi, Rusiyadan asılılıq azaldı. Yeni “soyuq müharibə” tipli geosiyasi bloklaşma fonunda bütün dünyada hərbi xərclər artdı.

Bununla belə, müharibə böyük insan itkisi və humanitar fəlakətə səbəb olub, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Enerji və ərzaq qiymətlərinin artması qlobal iqtisadi sabitliyi sarsıdır, beynəlxalq hüququn effektivliyi barədə ciddi suallar yaranıb. Avropada təhlükəsizlik sistemi faktiki olaraq dağılıb və postsovet məkanında uzunmüddətli gərginlik formalaşıb.

Müharibə bitəcəkmi?

Müharibənin nə zaman bitəcəyi hələ dəqiq bilinmir. Ən real ssenari aktiv döyüşlərin azalması, lakin siyasi həllin olmaması ilə “dondurulmuş münaqişə”nin davam etməsidir. Digər ssenari isə danışıqlar yolu ilə kompromisdir; ərazi və təhlükəsizlik məsələlərində qarşılıqlı güzəştlər edilə bilər. Daha unikal ssenari isə tərəflərdən birinin strateji üstünlük əldə etməsidir. Amma orası da var ki hazırkı vəziyyətdə müharibənin yaxın perspektivdə tam siyasi həll ilə bitməsi real görünmür.

Rusiya-Ukrayna müharibəsi yalnız regional münaqişə deyil. Bu, yeni qlobal güc balansının formalaşmasının əsas hadisələrindən biridir. Bu münaqişə göstərdi ki, geosiyasi rəqabət beynəlxalq münasibətlərin əsas elementi olaraq qalır, hərbi güc hələ də siyasətin mühüm alətidir və kiçik və orta dövlətlərin taleyi böyük güclərin rəqabətindən ciddi şəkildə asılıdır. Müharibənin nəticəsi yalnız Ukrayna və Rusiyanın deyil, XXI əsrdə formalaşacaq beynəlxalq sistemin konturlarını müəyyən edəcək. /Yeni Sabah/


MANŞET XƏBƏRLƏRİ