Hücum təhdidi fonunda GİZLİ DANIŞIQLAR – ABŞ İrana zərbələr endirməkdən İMTİNA EDİR?


Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp nümyişçilərə zor tətbiq ediləcəyi təqdirdə, İranı zərbələr endirməklə təhdid edib. ABŞ liderinin bu xəbərdarlığı fonunda, Tehran Vaşinqtonla danışıqlar aparmaq niyyətini bəyan edib.

Bu barədə məlumat verən Tramp deyib ki, İran rəhbərliyi Vaşinqtonla danışıqlar aparmaq üçün əlaqə saxlayıb:

“İranın rəhbərləri zəng ediblər, görüş təşkil olunur. Onlar danışıq aparmaq istəyirlər".

Bununla yanaşı, Tramp onu da əlavə edib ki, "görüşdən əvvəl hərəkətə keçmək lazım gələ bilər".

Lakin o hərəkət keçmək dedikdə nəyi nəzərdə tutduğunu açıq şəkildə bildirməyib.

Bundan əlavə, Qərb KİV-ləri bir sıra ABŞ rəsmilərinin İranla anlaşmazlığı danışıqlar yolu həll etməyin tərəfdarı olduğunu yazıb. Həmin rəsmilər Trampa bu istiqamətdə tövsiyələr veriblər.

Görəsən, İran məsələsi danışıqlar yolu ilə öz həllini tapacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Abutalıb Səmədov sözügedən danışıqların nəticə verəcəyini düşünmür:

“Prezident Tramp bir neçə dəfə bəyan edib ki, etirazçılara qarşı zor tətbiq ediləcəyi təqdirdə, İrana zərbələr endirəcək. İran hakimiyyətinin ayrı-ayrı nümayəndələri də Trampın bu ultimatumuna hərbə-zorba ilə cavab verdi. Ancaq gizli danışıqlara getmək istəklərini də bəyan ediblər ki, bunu da Tramp sonradan səsləndirdi. Ardınca da qeyd edib ki, ola bilsin danışıqlar başlamadan İrana zərbə endirmək lazım gəlsin. Söhbət hava zərbələrindən gedir. Ancaq artıq danışıqlar başlayıb. Lakin onun nəticə verəcəyi inandırıcı deyil”.

Ekspert qeyd edib ki, ABŞ İranda rejimin dəyişməsini, ən azından onun mahiyyətinin dəyişməsini istəyir:

“Molla rejiminin qalması, İranın nüvə proqramından imtina etməməsi münasibətlərin normallaşması qarşısında əsas maneədir. Belə şəraitdə danışıqlar yəqin ki, heç bir nəticə verməyəcək. İran rejimi də özünü qorumaq üçün etirazçılara qarşı daha ağır zorakılığa əl atacaq. ABŞ da elan etdiyi kimi, İrana zərbələr endirəcək. Bu addımların İranda hakimiyyət dəyişikliyinə səbəb olacağı, yoxsa Amerikanın müdaxiləsilə rejimin İran xalqının əksər hissəsini ətrafında birləşdirəcəyini isə yaxın günlərdə baş verəcək hadisələr göstərəcək”.


MANŞET XƏBƏRLƏRİ