Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) təşkilatçılığı ilə 2025-ci il üzrə yekun hesabatın təqdimatı, 30 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun təsdiqi, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəsmi və bayram tədbiri keçirilib.
Turkustan.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, peşəkar qiymətləndiricilər, media təmsilçiləri və özəl sektor nümayəndələri iştirak ediblər.
Tədbirin açılış mərasimində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti, 2025-ci il ərzində görülən işlər, həyata keçirilən islahatlar və peşəkar inkişaf istiqamətləri barədə məlumat verilib. Qeyd olunub ki, 2025-ci il AQC üçün təkcə fəaliyyət ili deyil, eyni zamanda, qiymətləndirmə institutunun möhkəmləndirilməsi, beynəlxalq standartlara uyğunlaşma və peşəkar həmrəyliyin gücləndirilməsi baxımından əlamətdar mərhələ olub.
Tədbirdə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, cəmiyyətin əsas məqsədi ölkədə qiymətləndirmə fəaliyyətinin şəffaflığının artırılması, peşəkar kadr potensialının gücləndirilməsi və iqtisadi qərarların qəbulunda qiymətləndirmə institutunun rolunun daha da möhkəmləndirilməsidir. Sədr rəhbərlik etdiyi təşkilatın dövlət qurumları və özəl sektorla əməkdaşlığının genişləndirildiyini, bu istiqamətdə ardıcıl və sistemli işlərin görüldüyünü vurğulayıb.
Milli Məclisin üzvü Fazil Mustafa AQC tərəfindən təqdim edilən hesabata münasibət bildirərək, qurumun aktiv fəaliyyətinin qiymətləndirmə sektorunun inkişafında müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Deputat qurumun beynəlxalq əlaqələr, ictimai və peşəkar sektorlar üzrə hərtərəfli proqram xarakterli fəaliyyətinin Azərbaycan dövlətinin yeritdiyi siyasətin davamı kimi yüksək qiymətləndirib.
Milli Məclisin deputatları Razi Nurullayev, Vüqar Bayramov, Ceyhun Məmmədov və Səbinə Salmanova qiymətləndirmə fəaliyyətinin ölkə iqtisadiyyatında əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, daşınmaz əmlak, bank sektoru, investisiya mühiti və sahibkarlığın inkişafı baxımından peşəkar qiymətləndirmə mexanizmləri mühüm rol oynayır. Həmçinin bu sahədə fəaliyyət göstərən institutların gücləndirilməsi iqtisadi sabitliyə və şəffaflığa birbaşa təsir göstərir.
Millət vəkilləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin qanunvericilik təşəbbüslərinə verdiyi töhfələr, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində apardığı müzakirələri xüsusilə vurğulayaraq, yeni qanunun qəbulunda, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ixtisas imtahanlarının sual bankının təşkilində, qiymətləndirmə sektorunun inkişafında rolunun əhəmiyyətini qeyd ediblər. Deputatlar AQC-nin və qurum rəhbərliyinin sözügedən istiqamətdə fəallığını təqdir etdiklərini, Azərbaycanın ictimai sektorunun və ekosistemin önəmli iştirakçılarından biri olduğunu bildiriblər.
Tədbirdə UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) tərəfindən AQC sədri Vüqar Oruca sertifikat təqdim olunub. Sertifikatı təbrik çıxışından sonra fəlsəfə üzrə fəlsəfə doktoru, UNEC Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə təqdim edib.
Tədbir çərçivəsində 2025-ci il üzrə videoçarx formatında yekun hesabat təqdim olunub. Hesabatda il ərzində həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıqlar, təlim və seminarlar, regionlarda qiymətləndirmə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində görülən işlər ətraflı şəkildə əks olunub.
Rəsmi hissənin davamında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətində fəallığı ilə seçilən üzvlərə, eləcə də AQC-nin təşəbbüslərinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan media nümayəndələrinə təşəkkürnamələr təqdim edilib.



