Bələdiyyə sədri kəndin adını erməniləşdirib? – Rəsmi


Sosial şəbəkələrdə Masallının Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyev Xanalion kəndinin adını dəyişdirərək erməniləşdirməkdə ittiham olunub.

Son vaxtlar tənqid edilən bələdiyyə sədrindən əhalinin narazılığının əsas səbəblərindən biri də kəndin adının dəyişdirilməsi olub. Sakinlərin sözlərinə görə, kəndin tarixi adı "Xanalion"dur, lakin son aylarda lövhələr dəyişdirilərək ad "Xanalıyan" kimi rəsmiləşdirilib. Onlar hesab edirlər ki, bu addım kəndin tarixi mənasının təhrifidır və camaatın heysiyyətinə toxunur. "-on" şəkilçisinin talış dilində çoxluq bildirərək "Xanəlilər" anlamı verdiyi, "-yan" şəkilçisinin isə tamamilə başqa məna daşıdığı vurğulanır.

Sakinlər bildiriblər ki, kəndin adı sovet dövründə də təhrif edilərək "Xanalıyan" kimi yazılıb, müstəqillik illərində isə tarixi ad bərpa olunub. Məktəbin üzərində, məsciddə və "Google Maps"də kənd "Xanalion" kimi göstərilir. Onlar adın yenidən sovet dövründəki formaya qaytarılmasının məqsədinin izah olunmadığını bildirirlər.

Vurğulanıb ki, öncəki illərdə də kəndin adı "Xanalıyan" kimi yazılıb. Belə ki, ilk dəfə kəndin adını sovet hökuməti təhrif edərək "Xanalıyan" kimi qeydə alıb. Daha sonra müstəqillik illərində sakinlər tarixi adı qaytarıb, "Xanalion" qoyublar və məktəb binasının üzərində də bu adı görmək mümkündür. Amma Masallı rayon İcra Hakimiyyətinin saytında kəndi adı Xanalıyan kimi göstərilib.

Turkustan.az xəbər verir ki, Milli Məclisin üzvü Fəzail İbrahimli Oxu.az-a açıqlamasında kənd adlarının dəyişdirilməsi prosesinə aydınlıq gətirib.

Onun sözlərinə görə, icra başçısı, icra nümayəndəsi və ya bələdiyyə sədri kənd adlarını dəyişə bilməz:

"Kənd adından narazı olan sakinlər kiminsə təşəbbüsü ilə yığışıb bu barədə qərar qəbul edib icra hakimiyyətinə müraciət etməlidir. Rayon icra hakimiyyəti buna baxıb Milli Məclisin Toponomiya Komissiyasına göndərməlidir. 20 il bu komissiyanın üzvü olmuşam. Komissiyada müzakirə olunub qərar veriləndən sonra Milli Məclisin Regional Məsələlər Komitəsinə göndərməlidir. Komitə bunu müzakirə edib müsbət qiymətləndirəndən sonra Milli Məclisin Plenar İclasına çıxarılır. Sonda bu məsələ ilə bağlı prezident sərəncam verir. Yəni kimsə inzibati yaşayış məntəqələrinin adlarını özbaşına dəyişə bilməz. Bunun üçün yuxarıda dediyim kimi, 7-8 rəsmi prosedurdan keçib qərar verilir. Dediyiniz kənddə baş verənlərdən xəbərim yoxdur".

Masallı rayon İcra Hakimiyyətinin informasiya sektorunun müdiri Nəsib Bağırov isə bildirib ki, sözügedən kəndin adı sənədlərdə və reyestrdə Xanalıyan gedir.

Onun sözlərinə görə, son vaxtlar reyestrdə olan adları olduğu kimi kəndlərdə və digər inzibati ərazi vahidlərində lövhələrə vururlar.


MANŞET XƏBƏRLƏRİ