ABŞ Prezidenti Donald Trampın 8 avqust Vaşinqton razılaşması ilə bağlı yeni açıqlaması maraq doğurub. Tramp bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsindən dərhal sonra Rusiya Prezidenti Vladimir Putin ona zəng edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, Kreml lideri onu təbrik edib və baş verənləri “inanılmaz” adlandırıb. Putin qeyd edib ki, Rusiya illərdir bu münaqişəyə son qoya bilməyib, lakin ABŞ bunu bacarıb.
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, Donald Tramp artıq ikinci dəfədir 8 avqustda əldə edilən bəyanatla bağlı bu cür açıqlama verir:
“Trampın bəyanatına Rusiya tərəfindən istər Xarici İşlər Nazirliyi, istərsə də dövlət başçısı səviyyəsində təkzib verilməyib. Deməli, belə bir telefon danışığı həqiqətən də baş tutub. Yəni Kreml rəhbərinin Trampa zəng etməsi real görünür. Lakin həmin söhbətdə Putinin “Rusiya bunu bacarmadı, siz bacardınız” kimi ifadələr işlətməsi barədə konkret məlumat yoxdur.

Yusif Bağırzadə
Moskvanın sülh sazişinin imzalanmasına nail ola bilməməsinin əsas səbəbi Ukraynada apardığı müharibədir. Rusiya son 5 il ərzində Ukraynadakı vəziyyətə başı qarışdığı üçün Cənubi Qafqazdakı proseslərə kifayət qədər diqqət ayıra bilmədi. Hətta Azərbaycan və Ermənistan arasında yekun sülhün bağlanmasına nail olmaq əvəzinə, bu prosesə ən böyük maneəni məhz özü yaratdı”.
Politoloq Fərid Şəfiyev də qeyd edib ki, Rusiya prezidentinin Trampa belə bir zəngi mümkündür:
“Hər halda bu və digər mövzularda liderlər arasında fikir mübadiləsi aparılır. Yəni onların müzakirə etdiyi mövzular təkcə Azərbaycan-Ermənistan məsələsi olmayıb. Danışıqların təfərrüatları barədə məlumatımız yoxdur. Formal olaraq deyə bilərik ki, belə bir şərhin verilməsi ehtimalı var.

Fərid Şəfiyev
Hər halda, Trampın iddiası da bu yöndədir. Rusiyanın ABŞ-ın müdaxiləsinə nə dərəcədə maraq göstərməsi və sazişin imzalanmasına razı olub-olmaması isə sual altındadır”.