Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi başladıqdan sonra Azərbaycan siyasətində illərlə gizli qalmış münasibətlər yenidən gündəmə gəlib. Mehdiyevin onilliklər boyu Prezident Administrasiyasına rəhbərlik etdiyi, elmi və siyasi elitanın mərkəzində dayandığı dövrdə onunla isti münasibətlər saxlayanların bu gün sərt tənqidçi mövqeyə keçməsi cəmiyyətdə ciddi suallar doğurur.
Ən çox müzakirə olunan adlar sırasında partiya sədrlərinin, bəzi indiki və keçmiş deputatlar var. Onların bir vaxtlar Mehdiyevə təbrik məktubları göndərdiyi, çıxışlarında təriflər söylədiyi, gizli əlaqələr qurduğu siyasətçilər sabiq məmurun cinayətkar əməllərinin üzə çıxmasından sonra anidən onun əleyhinə sərt ifadələr işlətməyə başladılar.
Fəzail Ağamalı, Hafiz Hacıyev kimi siyasətçilər sosial şəbəkələrdə və mətbuatda sürətlə mövqe dəyişən adlar siyahısında çəkilir. Fəzail Ağamalının Mehdiyevə yazdığı məktubun üzə çıxması, Hafiz Hacıyevin bir vaxtlar əleyhinə sərt ifadələr işlətdiyi radikal müxalifətdən üzr istəməsi onların mövqelərini dəyişməsi kimi şərh edilir. Həmçinin, mətbuatda AXCP sədri Əli Kərimlinin də Mehdiyevlə əlaqələrinin olduğu bildirilir.
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Modern.az-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyev işi ətrafında səsləndirilən fikirlərin çoxu versiyalardır, lakin proseslər ciddidir və reallıqları inkar etmək olmaz:
“Hazırda Ramiz Mehdiyev işi ilə əlaqədar istintaq prosesi gedir. Səsləndirilən fikirlərin hamısı versiyalardır. Reallıqları qəbul etmək lazımdır. Adam 30 il Prezident Administrasiyasının, daha sonra isə AMEA-nın sədri kimi fəaliyyət göstərib. İqtidarda 5-ci kolona xidmət edənlər olduğu kimi, müxalifətdə də belələri mövcud olub”
Ağasif Şakiroğlu hesab edir ki, Ramiz Mehdiyev Azərbaycanın siyasi sisteminin “gizli idarə mexanizmini” illər boyu Əli Həsənov vasitəsilə həyata keçirib:
“Heç kəsə sirr deyil ki, ölkənin siyasi sisteminin idarə olunmasını Ramiz Mehdiyev Əli Həsənov vasitəsilə həyata keçirib. Əli Həsənov da siyasi partiyalar, ictimai birliklər və medianın kuratoru olub. Bu səbəbdən nəinki siyasi partiyalarda, hətta ləğv olunmuş təşkilatlarda, mediada və QHT-lərdə də onun təsirində olan şəxslər var idi və bu gün də var”.
“Hafiz Hacıyevin sürüşkən mövqeyi olub”
Ağasif Şakiroğlu xüsusi olaraq Hafiz Hacıyevin adını çəkərək bildirib ki, onun illərdir dəyişkən və ziddiyyətli mövqeyi ictimaiyyətdə suallar yaradır:
“Hafiz Hacıyevin mövqeyi daim sürüşkən olub. Gah radikal müxalifətin əleyhinə sərt tənqidlər səsləndirib, gah da onlardan üzr istəyib, peşman olduğunu deyib, sonra təzədən eyni cür danışıb. Bu, siyasətdə səmimiyyət problemi yaradır.”
O qeyd edib ki, Ramiz Mehdiyev şəbəkəsi təkcə siyasi dairələrlə məhdudlaşmayıb, onun “FETÖ tipli” paralel struktur formalaşdırmaq cəhdləri olub:
“Ramiz Mehdiyev şəbəkəsini mən Azərbaycanda FETÖ-yə bənzədirəm. Bu gün vəzifədə, parlamentdə, mediada və QHT-lərdə belə şəxslər var. Siyasi partiyalarda da Sərdar Cəlaloğlu və Əli Kərimlinin timsalında bu xəttin daşıyıcıları mövcuddur.”
Ağasif Şakiroğlu hazırda Mehdiyevi ən sərt şəkildə tənqid edənlərin çoxunun vaxtilə onu təbrik etməsini “ikiüzlü siyasət” adlandırır:
“Vaxtilə təbrik məktubu yazıb, indi alovlu şəkildə tənqid edənlər də araşdırılmalıdır. Cəmiyyəti axmaq yerinə qoymaq olmaz. Hər kəs çıxıb deməlidir ki, səhv etmişəm, aldanmışam. Kim 20 ildir Mehdiyevə qarşı mübarizə apardığını deyirsə, bu, cəmiyyəti aldatmaq cəhdidir.”
Partiya sədri hesab edir ki, bu cür siyasətçilərin fəaliyyətinə hüquqi və mənəvi qiymət verilməlidir:
“Bir adam görmürəm ki, çıxıb desin “bəli, səhv etmişəm”. Əksinə, indi hər kəs özünü qəhrəman kimi göstərməyə çalışır. Halbuki o dövrdə Mehdiyevin etimadını qazananlar bu etimaddan sui-istifadə ediblər. Qarabağın azadlığı kimi tarixi nəticəni əldə etmiş dövlətə qarşı ikiüzlülük yolverilməzdir.”
Ağasif Şakiroğlu deyib ki, təkcə Hafiz Hacıyev deyil, Mehdiyevlə illərlə əlaqədə olmuş digər siyasətçilər də istintaq tərəfindən araşdırılmalıdır:
“Mənim heç bir şübhəm yoxdur ki, hüquq-mühafizə orqanları istər Sərdar Cəlaloğlu olsun, istər Cəmil Həsənli, Əli Kərimli, istər məktubu çıxanlar və dünən elə, bu gün belə olanlar olsun, hamısını hərtərəfli araşdırmalıdır. Mövqeyini riyakarcasına dəyişənlərin Azərbaycan siyasətində yeri olmamalıdır.”