"Azərbaycan su çatışmazlığına görə orta və yüksək risk qrupuna daxildir" - İradə Həsənova ilə müsahibə


“Səma və EKO” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova ilə müsahibə

- Su təhlükəsizliyi anlayışı nəyi ifadə edir və onun əsas komponentləri hansılardır?

- Su təhlükəsizliyi insanların və ekosistemlərin kifayət qədər və təhlükəsiz su ilə təmin olunması deməkdir. Əsas komponentlərə su ehtiyatlarının qorunması, səmərəli istifadə, suyun keyfiyyəti və davamlı idarəetmə daxildir. Burada əsas məsələ insanların suyu düzgün və qənaətlə istifadə etməsidir. Azərbaycanda hələ də su çox vaxt kortəbii şəkildə istifadə olunur. Məsələn, maşın yuyulan yerlərdə və ya yaşıllıqların suvarılmasında adi içməli su sərf olunur. Bunun qarşısını almaq üçün texniki sulardan istifadə edilməlidir. Xarici ölkələrdə kanalizasiya suları filtrlənərək texniki su kimi istifadə olunur. Azərbaycanda da bu təcrübənin tətbiqi su ehtiyatlarının qorunması və səmərəli istifadəsinə xidmət edir. Bu yanaşmalar həm su qıtlığının qarşısını almağa, həm kənd təsərrüfatı və sənaye fəaliyyətlərinin dayanıqlı davam etməsinə, həm də ekosistemlərin qorunmasına yardım edir. İnsanların suya yanaşması və texniki həllərin tətbiqi olmadan su resurslarının davamlı idarə olunması mümkün deyil. Su ehtiyatlarının qorunması həm yerli, həm də qlobal miqyasda strateji əhəmiyyət daşıyır.

- Dünyada su qıtlığı problem var. Bəs, Azərbaycanda?

- Dünyada bu dəqiqə əsas narahatlıq doğuran məsələlərdən biri su ehtiyatlarının azalmasıdır. Bu problem həm iqlim dəyişikliyi, həm əhali artımı, həm də insanların suya olan tələbatının artması ilə əlaqədardır. Dünya əhalisinin təxminən 40 faizi yaşayan 80 ölkə su qıtlığı ilə üzləşir. Bu, xüsusilə Afrika ölkələri, kiçik ada dövlətləri və digər regionlarda ciddi sosial və iqtisadi problemlərə yol açır. Su çatışmazlığı nəticəsində insanların həyatı çətinləşir və bir çox hallarda onlar məcburi miqrasiya etməli olurlar. Ən çox su ehtiyatları olan ölkələr isə Kanada, Braziliya və Rusiyadır, çünki bu ölkələrdə geniş meşə sahələri mövcuddur və suyun təbii dövriyyəsi qorunur. Azərbaycanda da su ehtiyatlarının idarə olunması problemlidir. Ölkə üç qrupa bölünür: su ehtiyatlarından nisbətən az təsirlənən, orta səviyyədə təsirlənən və ciddi təsirlənən ölkələr arasında Azərbaycan su çatışmazlığına görə orta və yüksək risk qrupuna daxildir.

- İqlim dəyişikliyi su ehtiyatlarının təhlükəsizliyinə hansı təsirləri göstərir?

- Bu problem həm iqlim dəyişikliyi, həm əhali artımı, həm də insanların suya olan tələbatının artması ilə əlaqədardır. Suyun düzgün idarə olunmaması nəticəsində meşə yanğınları, meşələrin kəsilməsi və məhv edilməsi kimi hadisələr baş verir. Meşələr suyun təbii mənbəyi olduğundan onların məhv olması su ehtiyatlarının azalmasına səbəb olur. Bu səbəbdən dünyanın bir çox yerlərində suyun çatışmazlığı problemi yaranır.

- Transsərhəd su ehtiyatlarının istifadəsində beynəlxalq hüququn əsas prinsipləri hansılardır?

- Transsərhəd su ehtiyatlarının istifadəsində beynəlxalq hüququn əsas prinsipləri qarşılıqlı əməkdaşlıq, suyun ədalətli və səmərəli bölüşdürülməsi, ekoloji tarazlığın qorunması və qonşu dövlətlər arasında zərərin qarşısının alınması prinsipləridir.

- Azərbaycanın işğaldan azad edilmiş Şərqi Zəngəzur regionunda aktual su təhlükəsizliyi riskləri hansılardır?

- Şərqi Zəngəzurda aktual su təhlükəsizliyi riskləri arasında su ehtiyatlarının azalması, çirklənmə (xüsusilə çaylarda ağır metallarla), infrastrukturun dağıdılması və köhnəlməsi, davamlı monitorinqin olmaması, iqlim dəyişməsinin yaratdığı quraqlıq və daşqınlar, torpaq eroziyası və meşə örtüyünün azalması, eləcə də məskunlaşmanın və su tələbatının sürətlə artması yer alır. Azərbaycanın Şərqi Zəngəzur bölgəsində su təminatının yaxşılaşdırılması və bölgədə sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə bir sıra mühüm layihələr həyata keçirilir. Ümumilikdə, 2040-cı ilə qədər bu istiqamətdə genişmiqyaslı tədbirlərin icrası planlaşdırılıb.

- Şərqi Zəngəzurun Laçın rayonunda yenidən məskunlaşma aparılır, keçmiş məcburi köçkünlər öz yurdlarına dönür. Yenidən məskunlaşma və sənayeləşmə Laçında su resurslarının idarə olunmasına necə təsir edir?

- Laçın rayonunda da çoxsaylı bulaq suları mövcuddur və onların da səmərəli istifadəsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə müxtəlif layihələr hazırlanır və mərhələli şəkildə həyata keçirilir.

- Laçında su ehtiyatlarının səmərəli istifadəsi üçün hansı texnologiyalar və innovativ yanaşmalar tətbiq edilə bilər?

- Bu problemin həlli üçün ölkədə bir sıra tədbirlər görülür. Kənd təsərrüfatında damcı üsulu ilə suvarma tətbiq edilir, qrunt suları və yağış suları daha səmərəli istifadə olunur, yeni layihələr çərçivəsində dəniz suyunun filtrlənərək içməli və texniki məqsədlər üçün istifadəsi nəzərdə tutulur. Eyni zamanda, bu istiqamətdə maarifləndirici işlər geniş şəkildə aparılmalıdır. Biz də bir qeyri-hökumət təşkilatı və vətəndaş cəmiyyəti nümayəndəsi olaraq, Azərbaycanın bütün bölgələrində Bakıdan tutmuş ən ucqar kəndlərə qədər- su qıtlığının azaldılması və səmərəli istifadəsi mövzusunda maarifləndirmə fəaliyyətləri həyata keçiririk. Məqsədimiz insanlarda ekoloji məsuliyyət hissini artırmaq və su ehtiyatlarının qorunmasına cəmiyyət səviyyəsində diqqət yönəltməkdir.

Müsahibə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Laçın rayonunda su təhlükəsizliyi" layihəsi çərçivəsində hazırlanıb.

Tural Turan


MANŞET XƏBƏRLƏRİ