Bazarlarda qiymət artımı sünidirmi?


Hər il bayram ərəfəsində ənənəvi olaraq ölkənin müxtəlif bazarlarında meyvə-tərəvəz məhsullarının qiymətlərində artım müşahidə olunur.

Bəzən bu bahalaşma artan tələbatla izah edilsə də, bəzi hallarda satıcıların fürsətdən istifadə edərək qiymətləri süni şəkildə qaldırır.

Bəs bazarlarda qiymət artımı hansı amillərlə bağlıdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, meyvə-tərəvəzin yığım mövsümünün başa çatması ilə qiymətlərin bu aydan etibarən daha artacağı gözlənilir:

"Hazırda bazara çıxarılan məhsullar əsasən anbarlardan gətirilir və ya istixana (parnik) şəraitində yetişdirilir ki, bu da maya dəyərini yüksəldir. Adətən meyvə-tərəvəz mövsümündə ucuz olur, mövsüm bitdikdən sonra isə bütün məhsullar əvvəlki qiymətlərlə müqayisədə bahalaşır.

Məhsulun saxlancda qorunması sahibkar üçün əlavə risk və xərc deməkdir. Qış aylarında, xüsusilə dekabr-yanvar aylarında bazara çıxarılan məhsulların qiymətinin daha yüksək olması da məhz bununla bağlıdır. İstixanalarda istehsal olunan məhsullar isə isitmə və işıqlandırma xərclərinə görə daha baha başa gəlir".

Ekspert qeyd edib ki, bütün sahələrdə gedən qiymət artımı bazarlara da təsir göstərir:

"Son bir ildə işıq, qaz, dizel yanacağı və benzin qiymətlərinin artması, eləcə də işçi xərclərinin və minimal əməkhaqqının yüksəlməsi meyvə-tərəvəzin qiymətinə birbaşa təsir göstərir. Buna görə də qış mövsümündə meyvə və tərəvəz məhsullarının bahalaşması qaçılmazdır".


MANŞET XƏBƏRLƏRİ