“Bu, Ramiz Mehdiyev üçün Allahın cəzasıdır”


Bütün cəmiyyətin nifrətinə və hiddətinə səbəb olan hadisədir. Azərbaycan Vətən müharibəsindən sonra ərazi bütövlüyünü bərpa edib. ABŞ, ÇİN liderləri Azərbaycan Prezidentinə nə dərəcədə hörmətlə yanaşır, bunu hər kəs görür, bilir. Belə halda Ramiz Mehdiyevin xəyanəti hiddətləndirici məsələdir”.

Turkustan.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında millət vəkili Musa Quliyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək üçün Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə yazdığı məktubu şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, millətə, dövlətə xəyanətdən ağır ittiham yoxdur:

“Ramiz Mehdiyevin ünvanladığı məktubda “Dövlət şurası” yaradılması ilə bağlı təklifinə gəlincə, bu, sovet rejimin naftalin qoxan təfəkkürüdür. O düşüncəni həyata keçirmək normal ağıla sığmayan bir şeydir. Vəzifədən gedəndən sonra AMEA-da, nəvəsinin toyunda oyunlar çıxardı. Bunların hamısı dövlətə meydan oxumaq idi. Dinc durmaq, xalqından üzr istəmək əvəzinə, Azərbaycanla Rusiya arasında münasibətlər bir az soyuyan kimi, xəyanət addımı atdı. Bunu heç kəsə bağışlamaq mümkün deyil. Hüquq-mühafizə orqanları da bu məsələ ciddi münasibətlərini bildirirlər, araşdırmalar gedir. Məxfilik qorunduğu üçün hələlik geniş informasiyalara sahib deyilik. Amma yəqin ki, bunlar zamanla ictimaiyyətə də açıqlanacaq. Bu, həm də görk olmalıdır. Azərbaycan dövləti heç vaxt olmadığı qədər indi çox güclüdür. Cənab Prezidentin reytinqi 100 faizin üzərindədir, xalqın etimadını qazanıb. Belə bir halda xəyanət yolu tutmaq bəlkə də Allahın cəzasıdır”.

Ramiz Mehdiyev Rusiyaya göndərdiyi məktubda “Dövlət Şurası”nı 50 nəfərlik heyətlə idarə edəcəyini bildirib. Musa Quliyev bu siyahıda müxalifət liderlərinin olması ilə bağlı yayılan xəbərlərə də münasibətini açıqlayıb:

“Siyahıda müxalifət liderlərinin olması ilə bağlı xəbərlər mənim üçün heç də təəccüblü deyil. Bu məsələ ortaya çıxandan sonra xaricdə oturub Azərbaycanda aranı qarışdırmaq istəyənlər çox fəallıq göstərirlər. Bu da məsələnin təsadüfi olmadığını göstərir. Düşünürəm ki, istintaq çox ciddi nəticələr ortaya qoyacaq”.

Qeyd edək ki, Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.


MANŞET XƏBƏRLƏRİ