Müstəqillik tariximizdə ən az uşaq 2025-ci ildə doğulub. Belə ki, ötən ilin ilk 10 ayında ölkədə 80 802 uşaq dünyaya gəlib. İlin sonuna qədər bu rəqəmin təxminən 95 000 nəfərə çatması gözlənilirdi ki, bu da müstəqillik tariximizin ən aşağı doğum göstəricisi kimi tarixə düşüb.
Bu, Azərbaycanın demoqrafik böhranın astanasında olduğundan xəbər verirmi?
İqtisadçı Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bunun başlıca səbəbini gənclərin ölkəni tərk etməsi ilə əlaqələndirib:
"Bunun bir çox səbəbləri var. Başlıca səbəb bizim gənclərin Azərbaycanı tərk etməsidir. Ailə qurmaq və dünyaya uşaq gətirmək yaşında olan gənclər ölkəni tərk edir. Məsələn, təkcə Türkiyədə 26 min tələbəmiz var, onların Azərbaycana qayıtmaq fikri yoxdur. Bu gün Azərbaycan gənci Avropa, Amerika, Kanada və s. ölkələrə üz tutur. Azərbaycanda iş qura bilməməklə bağlı çətinliklərə görə miqrasiya edirlər”.

Natiq Cəfərli ikinci səbəbi sosial-iqtisadi problemlərlə əlaqələndirib:
"Ailə quran cütlük dünyaya çox uşaq gətirməyə çəkinir. Çünki xərclər yüksəkdir; bir uşağın aylıq xərci, qidalanma, xəstələnəndə müalicə xərcləri haradasa 800–1000 manata çatır. Ona görə də insanlar dünyaya bir uşaqdan artıq övlad gətirmək istəmirlər".
İqtisadçı vurğulayıb ki, məhz sosial-iqtisadi çətinliklər səbəbindən doğuşun kəskin azalmasının şahidi oluruq.