“Voll Strit Jurnal” ABŞ-ın Suriyadakı təxminən 1000 hərbçisini bu ölkədən tamamilə çıxara biləcəyini iddia edib. Hazırda ABŞ qoşunlarının Suriyada mövcduluğu strateji üstünlükdən daha çox siyasi və hərbi risk kimi dəyərləndirilir.
ABŞ-ın Suriyadakı əsas dayağı uzun illər boyunca kürd silahlı birləşmələri — SDQ/YPG olub. Vaşinqton bu qüvvələri İŞİD-lə mübarizə adı altında silahlandırıb, maliyyələşdirib və onlarla birgə əməliyyatlar həyata keçirib. Lakin zaman keçdikcə bu əməkdaşlıq Ağ Ev üçün strateji qazancdan çox, yükə çevrilib. Çünki Suriyada balans dəyişib və Vaşinqtonun yerli müttəfiqləri faktiki olaraq sahədə geri çəkilməyə başlayıb.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, ABŞ-ın Suriyadakı hərbi kontingenti say baxımından böyük deyil və bu, Vaşinqtonun bu ölkədə birbaşa hərbi qarşıdurmaya girmək niyyətində olmadığını göstərir:
“ABŞ uzun müddət öz maraqlarını məhz kürd silahlı qrupları vasitəsilə həyata keçirməyə çalışıb. Görünür, YPG və PYD-ni silahlandıran, onlara maliyyə ayıran Vaşinqton, artıq əlavə hərbi kontingent saxlamaq və bu yükü davam etdirmək istəmir.
Suriyada siyasi vəziyyət köklü şəkildə dəyişib. Prezident Əhməd Əl Şaraa hökumətinin mövqelərinin möhkəmlənməsi, mərkəzi hakimiyyətin ölkə ərazisində nəzarəti tədricən bərpa etməsi ABŞ üçün manevr imkanlarını xeyli daraldıb. Üstəlik, Türkiyənin Suriyada artan nüfuzu Vaşinqtonun regiondakı planlarına ciddi təsir göstərir. Ankara artıq təkcə hərbi güc kimi deyil, həm də siyasi oyunçu kimi proseslərə yön verir və bu, ABŞ-ın əvvəlki rahat manevr imkanlarını məhdudlaşdırır”.

Qabil Hüseynli
Poltoloq bildirib ki, digər mühüm məqam kürd silahlı birləşmələrinin real vəziyyətidir:
“Suriya ordusunun son dövrlərdə SDQ-yə qarşı apardığı əməliyyatlar göstərdi ki, ABŞ-ın əsas yerli müttəfiqi faktiki olaraq mövqelərini itirir. Belə bir şəraitdə Vaşinqton üçün “məğlub olan tərəfi qorumaq” strategiyası nə siyasi, nə də hərbi baxımdan məntiqli görünür. ABŞ üçün prioritet artıq İŞİD təhlükəsi deyil, daha geniş geosiyasi istiqamətlərdir.
Vaşinqtonun diqqətinin tədricən Asiya-Sakit okean regionuna və Çinlə rəqabətə yönəlməsi də Suriyadan çəkilmə ehtimalını gücləndirən amillərdən biridir. ABŞ üçün Suriya artıq strateji mərkəz deyil, resurs udan ikinci dərəcəli cəbhədir. Bu baxımdan Əfqanıstan ssenarisinin Suriyada qismən təkrarlanması istisna edilmir”.