Sahibsiz itlərin minaya düşməsi ilə bağlı ANAMA-dan AÇIQLAMA + VİDEO


Qarabağda mina təmizləmə prosesi uğurla davam etsə də, sosial şəbəkələrdə ara-sıra heyvanların minalı ərazilərə keçməsinə dair görüntülər paylaşılır. Belə görüntülərdən birində tez-tez sahibsiz itlərin mina partlayışı nəticəsində həlak olduğu bildirilir.

Maraqlıdır, heyvanların minalı ərazilərə daxil olmaması üçün ANAMA tərəfindən profilaktik tədbirlər həyata keçirilir?

Məsələ ilə bağlı ANAMA-dan Bakupost.az -ın sorğusuna cavab olaraq bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə baş verən mina hadisələri nəinki insanlara, eləcə də bütün canlı aləmə, flora və faunaya da təsirsiz qalmır:

“Hadisələr təkcə keçmiş təmas xətti boyu yerləşən ərazilərdə deyil, eləcə də mülki təyinatlı yerlərdə də müşahidə olunur. Sahibsiz heyvanlar təəssüf ki, "sərhəd tanımır", lakin sahibli heyvanlarla əlaqədar durum fərqlidir. Belə ki, maldarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlarla və fiziki şəxslərlə müvafiq maarifləndirici söhbətlər aparılır. Onlara öz mal-qaralarını hansı ərazilərə yönləndirməmələri bildirilir, təhlükəsizlik nişanlarının əhəmiyyəti və mahiyyəti izah edilir. Tətbiq edilən digər üsul isə fiziki maneənin yaradılmasıdır. Belə risklərin qarşısının alınması məqsədilə işğaldan azad edilmiş ərazilərdə dünya praktikasında da istifadə edilən müəyyən ərazilərin çəpərlənməsi prosesi icra edilir. Partlayıcı qurğularla çirklənən ərazilərin aydın şəkildə fərqləndirilməsi fəaliyyəti riski azaltmaq üçün təsiredici üsul kimi qəbul edilib. Bu fəaliyyətin əsas məqsədi mövcud mina təhlükəsindən qorumaq, baş verə biləcək mina hadisələrini minimuma endirməkdir".

ANAMA-dan o da bildirilib ki, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə geri qayıtmalarını təmin etmək məqsədilə əsasən, yaşayış məntəqələrinin nəqliyyat, enerji təminatı və digər strateji infrastrukturların yaradılması, eləcə də kənd təsərrüfatı sahələri və digər prioritet istiqamətlərdə 2020-ci il noyabrın 10-dan 2025-ci il oktyabrın 3-dək aparılan minatəmizləmə əməliyyatları nəticəsində işğaldan azad edilmiş 230 826 ha ərazi təmizlənmiş, ümumilikdə 212 491 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilmişdir. Onlardan 151 402 ədədi PHS, 38,805 ədədi piyada əleyhinə minalar, 22,284 ədədi isə tank əleyhinə minalardır”.


MANŞET XƏBƏRLƏRİ