Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında Azərbaycan ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəyyən ərazilərində insanların həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Hazırda minatəmizləmə əməliyyatları Böyük Qayıdış proqramının əsas tərkib hissələrindən biridir və bu fəaliyyət yalnız təhlükəsizlik baxımından deyil, həm də sosial-iqtisadi inkişaf və əhalinin doğma yurdlarına qayıdışı üçün ilkin şərtdir.
Turkustan.az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı may ayında açıqladığı hesabata görə, müharibənin başa çatdığı beş il ərzində - 2020-ci ilin noyabr ayından 2025-ci il iyunun 1-dək humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən qurumlar tərəfindən ümumilikdə 204 min 763 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib.
Ermənistanın mina terroru çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və minlərlə insanın əlilliyinə səbəb olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti və bərpa işlərinə, insanların dədə-baba torpaqlarına geri qayıdışına ciddi maneə yaradır.
Minaların təmizlənməsi üçün müəyyən edilən 25 il vaxtdan isə cəmi beş il keçib. Ekspertlərin fikrincə, minatəmizləmə prosesi bu templə davam edərsə, bundan sonra hələ 20 ilə də ehtiyac olacaq.
Əhalinin azad mühitdə yaşaması üçün...
ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbinə V.Sərkərova bildirib ki, minalar və partlamamış hərbi sursatların təhlükəsi xüsusi aktuallıq kəsb edən problemlərdən biridir:
"İlkin qiymətləndirmələrə görə, Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyon mina basdırıb. Ərazilərdə icra edilən qeyri-texniki tədqiqat və texniki tədqiqat əməliyyatları nəticəsində təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eləcə də mülki təyinatlı ərazilərin də mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirkləndiyi müəyyən olunub". Agentlik rəsmisinin məlumatına görə, hazırda işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları Böyük Qayıdış proqramı çərçivəsində əhalinin köçü və bərpa-quruculuq işləri ilə əlaqəli şəkildə həyata keçirilir. Əhalinin mina və partlamamış hərbi sursatların təsirindən azad mühitdə yaşaması üçün şərait yaradılır. Agentlik rəsmisi ərazidəki əsas çətinliklər kimi Ermənistan tərəfindən təqdim olunan mina formulyarlarının qeyri-dəqiqliyini, ərazilərin nizamsız şəkildə minalanmasını, minalanmış ərazilərin metallarla çirkləndirilməsini qeyd edir.
Xəritələr və yerli əhalinin məlumatı
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri, ANAMA yanında İctimai Şuranın katibi Hafiz Səfixanovun sözlərinə görə, 44 günlük müharibədən sonra Araz çayından "Ohanyan səddi"nə kimi olan ərazilərin atəşkəs dövründə kütləvi şəkildə minalandığı müəyyən edilib: "Elə ərazilər var ki, 4-7 və 11 km dərinlikdə minalanıb. Azərbaycan hökumətinin israrlı tələblərindən sonra Ermənistan dörd mərhələdə minalanmış ərazilərin xəritələrini bizə verdi. Birinci mərhələdə verilən Ağdam rayonu üzrə xəritədə 97 min minanın olduğu bildirilirdi. Füzuli-Zəngilan regionu üzrə verilən xəritələrdə 92 min mina yerləşdirildiyi əksini tapır. Digər ərazilər üzrə konkret adlar və rəqəmlər göstərilməmişdi".
H.Səfixanovun rəhbərlik etdiyi təşkilatın tədqiqatlarından məlum olub ki, ümumiyyətlə, Kəlbəcər, Goranboy və Xocavənd rayonlarına aid 71 km-lik ərazilərə aid xəritələr Azərbaycan tərəfinə təqdim olunmayıb:
"Yoxlamalardan sonra məlum oldu ki, verilən xəritələr də işə yaramır. Elə formulyarlar var ki, A4 kağızdır - heç nə oxunmur. Bundan başqa, antiterror əməliyyatından sonra məlum oldu ki, 2020-ci ildən 2023-cü ilədək olan dövrdə ikinci "cəbhə xətti" yaradıblar. Həmin ərazidə də 500 minə qədər minanın olduğu bildirilir. Azərbaycan hökuməti bunları nəzərə alaraq arsenalında olan bütün qüvvələri minaların təmizlənməsinə yönəldib. ANAMA yenidən qurulub. Maşın mexanizmləri, minaaxtaran itlər və siçanlar gətirilib. Minatəmizləyənlərin sayı hər il artırılır. Bütün bu işlər üçün xərclərin 95 faizi dövlət büdcəsi hesabına maliyyələşdirilir".
H.Səfixanovun sözlərinə görə, Qarabağın içərilərinə aid minalarla bağlı heç bir məlumat yoxdur:
"Təcrübəyə əsasən, döyüşlər bitdikdən sonra, minalarla bağlı iki mənbədən məlumat alınır: xəritələrdən və yerli əhalidən. Bu məlumatlar əsasında minalanmış ərazilərin konturları müəyyən olunur və təmizlənmə aparılır. Bizdə isə verilən xəritələr dəqiq deyil. Məlumat toplamaq üçün yerli əhali də yoxdur. Ona görə də biz qarış-qarış qabağa gedirik".
H.Səfixanov bildirir ki, prosesdə beynəlxalq dəstək olsa da, onun həcmi bizim problemin miqyasına adekvat deyil:
"Minatəmizləmə çox vaxt və pul aparan işdir. Beynəlxalq birliklərdən cəmi beş faiz yardım ala bilirik". İB sədri qeyd edir ki, əhalinin işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə mina qayğıları daha da artır: "Hər ay mina qurbanlarının sayı artır. Bizim qurbanların sayı Cənubi Qafqazın digər ərazilərindəki mina qurbanlarının sayından ən azı iki dəfə çoxdur. İnsanlarımız şüurlu şəkildə təlimatlara əməl etməlidirlər". H.Səfixanovun sözlərinə görə, mina probleminin nə vaxt bitəcəyi ilə bağlı dəqiq proqnoz vermək çətindir: "Görülən işlər ona hesablanır ki, minatəmizləmə ilə bağlı vaxt qısalsın. Konkret vaxt demək isə çox çətindir. Qarabağın içərilərinə getdikcə hansı ərazilərdə nə olduğunu bilmirik".
Xatırladaq ki, 2020-ci ilin noyabrından 2025-ci il iyunun 1-dək olan müddətdə işğaldan azad edilmiş ərazilərdəki mina qurbanlarının sayı 398 nəfər təşkil edib. Onlardan 70 nəfəri həlak olub, 328 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. /Qaynarinfo/