Zəngəzur uğrunda ABŞ-Rusiya qarşıdurması: Moskvanın dəhliz arzusu qəzəbə çevrilir? - ŞƏRH


ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət edə biləcəyi ilə bağlı Ermənistanla mümkün razılaşma ehtimalı regionda geopolitik balansları dəyişə biləcək mühüm məsələ kimi qiymətləndirilir. Bu cür təşəbbüslər, xüsusilə də Cənubi Qafqazı öz təsir zonası hesab edən Rusiya tərəfindən ciddi narahatlıqla qarşılanır.

Moskva regionda Qərb təsirinin artmasını strateji təhlükə kimi görür və belə bir inkişafın qarşısını almaq üçün müxtəlif vasitələrə əl atmağa hazır ola bilər. ABŞ-Ermənistan arasında Zəngəzurla bağlı hər hansı razılaşma təkcə Bakı və İrəvanı deyil, həm də Moskva və Tehranı diqqətə çəkəcək bir regional sınaq olacaq.

Maraqlıdır, əgər ABŞ Zəngəzur dəhlizinə nəzarət edərsə, Rusiya buna hansı reaksiya verə bilər və bu vəziyyətə qarşı hansı addımları ata bilər? Turkustan.az olaraq bu suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov yenidən bələdiyyə üzvü seçildi

Oqtay Qasımov

ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət etmək təklifi Rusiyada ciddi narazılıq doğurub. Bu narazılıq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın iki gün əvvəl verdiyi açıqlamada da bir daha öz əksini tapdı. Zaxarova açıq şəkildə bəyan etdi ki, Rusiya heç bir halda başqa dövlətin Zəngəzur dəhlizinə nəzarət etməsində maraqlı deyil.

Doğrudur, hazırda Rusiyanın bu prosesi aktiv şəkildə əngəlləmək imkanları məhduddur. Bu baxımdan Zaxarovanın sərt mövqeyi Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun daha neytral və yumşaq tonlu açıqlamalarından fərqlənir. Peskov qeyd etmişdi ki, əgər Azərbaycan və Ermənistan dəhlizə nəzarət məsələsində qarşılıqlı razılığa gələrsə, Rusiya buna etiraz etməyəcək.

Lakin bu açıqlamanın reallığı əks etdirmədiyini düşünmək üçün əsaslar var. Çünki Zaxarovanın mövqeyi Rusiyanın regionla bağlı rəsmi siyasətinə daha uyğun görünür. Ermənistan Baş naziri Nikol Paşinyanın yaxın zamanlarda Rusiyaya etdiyi səfər də, böyük ehtimalla, Moskvanın narahatlığını müəyyən qədər azaltmaq məqsədi daşıyır. Paşinyan eyni zamanda, Ermənistanın iqtisadi baxımdan Rusiyadan asılı olduğunu yaxşı anlayır.

Zəngəzur dəhlizi ilə bağlı yekun qərarların verilməsi, görünür ki, bir müddət də uzanacaq. Paşinyan, çox güman ki, daxili siyasi vəziyyəti nəzərə alaraq bu məsələni seçkilərə qədər ertələməyə çalışacaq və yalnız seçkilərdən sonra konkret addımlar atacaq.

Rusiya isə Cənubi Qafqazı öz təsir zonası hesab edir və bölgəyə xarici, yəni Qərb və ya NATO təsirinin daxil olmasını qəbul etmir. Lakin qlobal siyasi dinamika və dəyişən geosiyasi şərtlər Rusiyanın bu bölgədəki təsir imkanlarını azalda bilər. Hazırda Moskvanın əsas diqqəti Ukraynadakı müharibəyə yönəlib və bu hərbi-siyasi bataqlıqdan çıxmaq Rusiya üçün asan görünmür.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ