Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskva və İrəvan arasında “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) layihəsinin yüksək səviyyədə müzakirə olunduğunu bildirib.
Kopırkin Rusiyanın bu məsələnin müzakirəsinə xüsusi əhəmiyyət verdiyi söyləyib. O, Kremlin regionda istənilən sülh təşəbbüsünü dəstəklədiyini vurğulayıb.
Səfir Rusiyanın “Tramp yolu” layihəsinin detalları və mexanizmləri haqqında daha konkret məlumat gözlədiyini qeyd edib.
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Vaşinqton görüşü nəticəsində əldə edilmiş razılaşmalar, xüsusilə “Tramp yolu” məsələsi yalnız Rusiya–Ermənistan münasibətləri çərçivəsində deyil, bütövlükdə regional və qlobal münasibətlər sistemində mühüm istiqamətlərdən biri kimi diqqətlə izlənilir:
“Rusiyalı diplomatın açıqlamalarına əsasən rəsmi Moskva regionda sabitliyin möhkəmlənməsinə, qarşılıqlı iqtisadi əlaqələrin bərpasına və uzunmüddətli sülhə xidmət edən bütün təşəbbüsləri dəstəkləyir. Bununla yanaşı, Rusiya səfiri qeyd edib ki, “Tramp yolu” adlandırılan marşrutun əməli mexanizmləri və konkret məzmunu hələlik tam aydın deyil. Bu yanaşma, əslində Moskvanın bölgədə gedən proseslərdən kənarda qalmaq istəmədiyini və regional təşəbbüslərdə fəal iştirak niyyətini əks etdirir. Müşahidələr onu deməyə əsas verir ki, Kremlin mövqeyindəki ziddiyyətlər məhz bu maraqların təzahürüdür. Vaşinqton razılaşmalarında qeyd olunan müddəalar kifayət qədər aydın və konkret xarakter daşıyır, əlavə izaha ehtiyac yaratmır”.

Aytən Qurbanova
Politoloq bildirib ki, Azərbaycan üçün “Tramp yolu” yalnız nəqliyyat marşrutu kimi deyil, bir neçə istiqamətdən mühüm əhəmiyyətə malikdir:
“Azərbaycanın əsas mövqeyi ondan ibarətdir ki, regionda bütün layihələr qarşılıqlı suverenliyə hörmət, bərabərhüquqlu əməkdaşlıq və Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların beynəlxalq tərəfdaşlar tərəfindən qəbul edilməsi prinsipləri əsasında həyata keçirilməlidir. Beləliklə, “Tramp yolu” ətrafında aparılan müzakirələr yalnız nəqliyyat və iqtisadi əlaqələr kontekstində deyil, eləcə də regionda dayanıqlı sülh və əməkdaşlığın gələcək konturlarını müəyyənləşdirəcək əsas amillərdən biri kimi dəyərləndirilməlidir”.