Trampın ultimatumundan 10 gün keçdi - Rusiya nə edəcək...


ABŞ Prezidenti Donald Trampın Rusiyaya verdiyi 50 günlük atəşkəs ultimatumundan artıq 10 gün keçib. Tramp bu bəyanatı 15 iyulda səsləndirib və Moskvanın 50 gün ərzində Ukrayna ilə atəşkəsə razılaşmaması halında sərt gömrük tarifləri tətbiq ediləcəyini bildirib.

Hazırda 40 günlük möhlət qalıb, lakin bu müddət ərzində Rusiya tərəfindən konkret sülh təşəbbüsü müşahidə olunmayıb. Ekspertlər hesab edir ki, Kreml Trampın hədəsini ciddiyə almaqdan çox, prosesi müşahidə etməklə kifayətlənir.

“Əgər 50 gün ərzində sülhə gəlməsə, biz Rusiyaya qarşı 100 faiz tarif tətbiq edəcəyik. Həmçinin Rusiya ilə işləyən ölkələr də sanksiyalarla üzləşəcək”, - Donald Tramp bildirib. Tramp ABŞ-ın yalnız Rusiyaya deyil, onun ticarət tərəfdaşlarına da iqtisadi təzyiq göstərmək niyyətində olduğu mesajını verib.

O, eyni zamanda Ukraynaya yeni silah yardım paketinin ayrıldığını və NATO ölkələrinin bu prosesə dəstək verdiyini açıqlayıb.

10 gün ərzində Rusiya tərəfi sülh təşəbbüsü göstərməyib. Kremlin sözçüsü Dmitri Peskov Trampın bəyanatını “qeyri-konstruktiv və birtərəfli ultimatum” kimi qiymətləndirmişdi. Bu müddət ərzində İstanbulda iki ölkə arasında keçirilən danışıqlarda da ciddi nəticə əldə edilməyib.

Tramp administrasiyasının bəyanatından dərhal sonra ABŞ və bir neçə NATO ölkəsi Ukraynaya əlavə silah tədarükünü sürətləndirib. Bu addım həm Ukraynanın müdafiə imkanlarını gücləndirməyə, həm də Rusiyanı danışıqlara məcbur etməyə hesablanıb.

Əgər növbəti 40 gün ərzində razılaşma əldə olunmasa, Trampın bəyanatına görə, ABŞ Rusiyadan idxal olunan bütün məhsullara 100% gömrük rüsumu tətbiq edəcək. Bundan əlavə, Hindistan, Çin, BƏƏ kimi Rusiyadan neft və digər məhsullar alan ölkələr də sekondar tariflərə məruz qala bilər.

Beynəlxalq münasibətlər üzrə ekspertlər bildirir ki, Trampın bu cür aqressiv yanaşması müəyyən nəticə verə bilər, lakin riskləri də az deyil:

Rusiya danışıqlardan imtina edərsə, müharibə daha da uzanacaq;

Çin və Hindistan kimi ölkələr ABŞ ilə iqtisadi qarşıdurmaya girə bilər;

Qlobal inflyasiya təzyiqləri artar, enerji bazarlarında qeyri-sabitlik güclənər.

Beləliklə, qarşıdakı 40 gün ərzində diplomatik irəliləyiş baş verməzsə, ABŞ və dünya iqtisadiyyatı yeni tarif müharibəsinə daxil ola bilər. Bu isə təkcə Rusiya-Ukrayna müharibəsinin deyil, qlobal münasibətlər sisteminin də növbəti mərhələyə keçidi demək olacaq.

Modern Təhlil və Araşdırma Qrupu


MANŞET XƏBƏRLƏRİ