QHT “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsinin növbəti tədbirini təşkil edib - FOTOLAR


D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsinin birinci mərhələsi çərçivəsində növbəti tədbirini 25 iyun 2025-ci il tarixində Şirvan şəhər Gənclər Mərkəzində təşkil edib.

QHT.az xəbər verir ki, tədbirdə əsasən Şirvan şəhər bələdiyyə və icra nümayəndələrindən olan şəxslər daxil olmaqla 20 nəfər iştirak edib.

İştirakçılara Donor və layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihə iki mərhələdən ibarətdir. Birinci mərhələdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, qanunvericilik və real icra mexanizmləri, bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətlərinin inkişafı məsələləri diqqət mərkəzində olacaq. İkinci məsələ kimi isə bələdiyyələrin maliyyə dayanıqlığının artırılmasına həsr olunacaq. Bu kontekstdə 2024-cü ildə Milli Məclisdə birinci oxunuşdan keçmiş və bələdiyyələrin qrant alma imkanlarını nəzərdə tutan “Qrantlar haqqında” qanun layihəsindəki dəyişikliklərə istinad olunub.
Tədbirdə iştirakçılarla geniş müzakirələr aparılıb. Müzakirələr zamanı xüsusilə evlərin çıxarışlarının verilməməsi səbəbindən əhalinin əmlak vergisini ödəməməsi məsələsinə toxunulub.
Bu vəziyyətin bələdiyyələrin maliyyə dayanıqlığına mənfi təsir etdiyi və ümumilikdə vergilərin toplanmasında ciddi çətinliklər yaratdığı vurğulanıb.

İştirakçılara "Sosial xidmət haqqında" qanun və Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi qaydasını müəyyən edən Fərmanla bağlı, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qeydiyyat və müraciət formaları haqqında və layihə təkliflərinin və hesabatların hazırlanması haqda bilgilər verildi.

Tədbirin sonunda iştirakçılar kiçik qruplara bölünərək seçdikləri ideyalar əsasında layihə təklifi hazırlayıb təqdim ediblər. Onlara ev tapşırığı olaraq ikinci mərhələdə təqdim etmək üçün bir layihə ideyasını layihələşdirmək və ona uyğun büdcə hazırlamaq tapşırılıb.

Tədbir çay və şirniyyat süfrəsi ilə yekunlaşıb.


MANŞET XƏBƏRLƏRİ