Komitə sədri diaspor rəhbərini təbrik etdi


Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının sədri Tərlan Qasımovu 50 illik yubileyi ilə bağlı təbrik edib.

Komitə sədrinin diaspor rəhbərinə ünvanladığı təbrik məktubunda onun fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib:

“Hörmətli Tərlan müəllim,
Sizi 50 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, məsuliyyətli və şərəfli işinizdə yeni uğurlar diləyirəm!

"Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının sədri olaraq siz, Azərbaycan mədəniyyətini Arxangelskdə, o cümlədən elm-təhsil, mədəniyyət ocaqlarında peşəkar şəkildə təbliğ və tərənnüm edirsiniz. Təsadüfi deyil ki, sizin haqqınızda “böyük torpaqların qurtarıb, böyük suların başladığı” soyuq yerlərdə Azərbaycan istiqanlılığını nümayiş etdirən aydınımız kimi danışılır. Siz Azərbaycanın aran bölgəsində - Ucarda doğulmusunuz və Aranın, Azərbaycanın energetikasını, xeyirxahlığını uzaq Arxangelskdə öz çalışma həyatınızda əməli şəkildə təqdim edir, tanıdırsınız.
Sizin rəhbərliyinizlə Arxangelskdə Azərbaycan Mədəniyyəti Günləri uğurla keçirilib; habelə Dünya Gənc Türk Yazarlar Birliyi ilə əməkdaşlığınız sayəsində Bakıda yayınlanmış Arxangelsk şairlərinin nəfis antologiyasının Arxangelsk və Sumqayıtda geniş təqdimat törənləri keçirilib.
N.A.Dobrolyubov adına Arxangelsk Regional Kitabxanasında, Quzey Arktika Federal Universitetinin Elmi Kitabxanasında Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə aid elmi, bədii kitablar, dərsliklər və b. nəşrlərdən ibarət guşələr sizin təşkilatçılığınızla açılıb.

Xalqımızın bütün əlamətdar günləri diasporumuzun təşkilatçılığı ilə Arxangelskdə qeyd olunur.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Arxangelsk icra hakimiyyəti orqanları və bir sıra yaradıcı birliklər sizi müxtəlif ödüllərlə təltif edib.

Mədəniyyət Komitəsi adından sizi bir daha təbrik edir, möhkəm cansağlığı, məsuliyyətli və şərəfli işinizdə yeni uğurlar diləyirəm”!


MANŞET XƏBƏRLƏRİ