Azərbaycan manatına rəqib gəlir


Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır, amma...

Son illər dünyada rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda kriptovalyutalar və blokçeyn texnologiyası maliyyə sisteminin əsas tərkib hissələrindən birinə çevrilməkdədir. Bu transformasiya təkcə maliyyə əməliyyatlarının aparılmasında deyil, həm də dövlətlərin pul-kredit siyasətində yeni yanaşmaların meydana çıxmasına səbəb olub.

Xüsusilə ABŞ-da Donald Trampın yenidən hakimiyyətə gəlişindən sonra dünyada kriptovalyuta bazarına maraq böyük sürətlə artır. Son hesablamalara əsasən, qlobal kriptovalyuta bazarının həcmi 4 trilyon dollara yaxınlaşır. Üç il əvvəl Bitkoini fırıldaq adlandıran Trampın bu sahəyə diqqət yetirməsi bütün dünyada kriptovalyutaya diqqəti dəfələrlə artırıb.

Azərbaycanın daxil olduğu MDB məkanında Rusiya, Qazaxıstan, Özbəkistan kriptovalyuta bazarı ilə bağlı hüquqi baza formalaşdırıblar. Xüsusilə Qazaxıstan bu sahədə irəliyə doğru çox ciddi addımlar atıb. Rusiyada isə diqqət daha çox bazarın nəzarətdə saxlanması amilinə yönəldilib. Gürcüstanda təkmil hüquqi baza formalaşdırılmasa da, mayninq sürətlə inkişaf edir, bazarın həcmi genişlənir. Azərbaycanda isə son illərdə müzakirələr aparılsa da, hələlik real addımlar atılmayıb. Azərbaycan Mərkəzi Bankı (AMB) bir neçə il öncə kriptovalyuta və blokçeyn texnologiyasının potensial imkanlarını qiymətləndirmək məqsədilə araşdırmalara başlayıb. AMB bu məsələləri pul-kredit siyasətinin mümkün istiqamətlərindən biri kimi gündəmə gətirib.

Deputat Vüqar Bayramov iqtisadiyyat.az-a deyib ki, araşdırma aparıldıqdan və eləcə də digər ölkələrdə kriptovalyutanın istifadəsi ilə bağlı təcrübə öyrənildikdən sonra bu istiqamətdə addımların atılması mümkündür. Onun sözlərinə görə, ümumiyyətlə kriptovalyutalardan istifadəyə münasibət fərqlidir. Bəzi ölkələrdə artıq “Bitcoin” istifadə edilir, bəzi ölkələr isə qadağan edib.

Hazırda Azərbaycan qanunvericiliyində kriptovalyutanın birbaşa tənzimlənməsi yoxdur. Bu o deməkdir ki, bu sahəni birbaşa tənzimləyən hüquqi baza mövcud deyil. Bitcoin və altkoinlər ödəniş forması kimi istifadə edilə bilməz. Qanunvericiliyə əsasən, manat ölkədə yeganə hüquqi ödəniş forması sayıldığından, ondan başqa digər hər hansı valyuta ilə ödəniş edilməsi və ya ödənişlərin qəbulu qadağandır.

Təcrübədə dövlət fiziki şəxslərə kriptovalyuta almağı qadağan etmir. Hətta bəzi hesablamalara görə, ölkə vətəndaşlarının kriptovalyuta dövriyyəsinin illik həcmi 1 milyard dollara çatıb.

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüzün dediyinə görə, bu ilin iyununda Qazaxıstan Mərkəzi Bankı rəqəmsal maliyyə sahəsində önəmli yenilik edib - kriptokart layihəsinə start verilib: “Artıq vətəndaşlar kriptovalyutalarını real vaxtda real pula çevirərək mağazalarda, restoranlarda, kafe və digər pərakəndə ticarət məkanlarında adi bank kartı kimi istifadə edə biləcəklər”.

Ekspertin sözlərinə görə, layihəyə ilkin mərhələdə bir neçə bank qoşulub: “Kartlar Qazaxıstanda rəsmi lisenziya almış kriptobirjalarla birbaşa inteqrasiya olunub. Tranzaksiya necə işləyir?

-İstifadəçi lisenziyalaşdırılmış platformalarda (BitGet, Binance, ByBit, Coinbase və s.) kriptovalyuta saxlayır;

-Ödəniş anında bu aktiv dərhal bazarda satılır;

-Ekvivalent məbləğ karta yüklənir və ödəniş milli valyuta ilə baş tutur;

-Proses tam avtomatik və real vaxtda baş verir".

Osman Gündüz yazır…

Osman Gündüz

Osman Gündüz deyir ki, bu layihə hazırda pilot rejimdə həyata keçirilir - yəni məhdud istifadəçi qrupu və seçilmiş banklarla test edilir: “Mərkəzi Bankın məlumatında konkret şəhər göstərilməsə də, kriptovalyutanın daha geniş tətbiqi üçün Prezidentin təşəbbüsü ilə ayrıca bir ”kriptopilot şəhər" - CryptoCity layihəsi də hazırlanır. Onun Alatau şəhərində qurulması planlaşdırılır. Burada kripto ilə əmlak alışı, restoran ödənişləri və digər xidmətlər geniş şəkildə sınaqdan keçiriləcək".

Ekspert qeyd edib ki, kriptovalyutanın ilk dəfə gündəlik həyatın bir hissəsinə çevrilməsi əhəmiyyətli hadisədir. Bununla da rəqəmsal aktivlər real iqtisadi dövriyyəyə daxil olur. Bank sektoru ilə blokçeyn texnologiyası arasında birbaşa əlaqə qurulmuş olur: “Yəni ənənəvi ödənişlə kripto ödəniş arasında bağlantı yaranır və bununla da rəqəmsal aktivlər geniş kütlə üçün əlçatan olur. Qazaxıstanda 2020-ci ildən ”Rəqəmsal aktivlər haqqında" qanun qəbul edilib. Bu qanun kriptovalyutaların hüquqi statusunu, onların mübadiləsini, saxlanmasını və mayninq fəaliyyətini tənzimləyir. Bir neçə il öncədən bu ölkədə kriptovalyutaların alqı-satqısına icazə verilib. Özbəkistan da paralel olaraq bu istiqamətdə irəliləyir - 2018-ci ildən etibarən qəbul etdiyi normativ aktlarla kriptovalyutaların dövriyyəsi, blokçeyn texnologiyası və mayninq fəaliyyəti üçün hüquqi baza - əlverişli mühit formalaşdırıb. BitGet qısa zamanda bu ölkədə ən populyar kripto platformaya çevrilib".

Osman Gündüzün sözlərinə görə, iyulun 23-də Azərbaycan Mərkəzi Bankının rəhbəri Taleh Kazımovun ekspertlərlə görüşündə bu məsələni qaldırıb: “Azərbaycan Mərkəzi Bankı cari ildə pilot qaydada (Sandbox rejimində) kripto layihələrə start verib. İşçi qrup formalaşdırılıb. Eyni anda dörd layihə fəaliyyətə başlayıb. Rəqəmsal manatla bağlı müzakirələr aparılır. Lakin hələlik hüquqi bazanın yaradılması, kriptovalyutaların bank və ödəniş sektoruna real inteqrasiyası üzrə konkret addımlar müşahidə olunmur. Düşünürəm ki, ölkəmizdə bu sektorun inkişafı innovasiyaların təşviqi, regionda rəqəmsal biznesdə rəqabətə davamlılıq, yeni iş yerlərinin açılması və ixtisaslı mütəxəssislərin yetişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Hökumətin bu istiqamətdə səylərini gücləndirilməsi vacibdir”.

O.Gündüzun sözlərinə görə, görüş zamanı Mərkəzi Bank sədri virtual aktivlərlə bağlı qanunun hazırlanmaqda olduğunu və qısa müddətdə başa çatdırılacağını bildirib: “Bu qanun ölkəmizdə kriptovalyuta mühitini xeyli dəyişəcək. Məhz bu qanun kriptobirjaların və bu tip platformaların qeydiyyatı və xarici kripto-platformaların Azərbaycanda fəaliyyəti üçün mühitin yaradılması, kriptoların rəsmi pul vahidi və ya ödəniş vasitəsi kimi tanınması, kriptovalyutalardan əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi və s bu tip məsələləri tənzimləyəcək. Xatırladıram ki, MDB məkanında Rusiyada, Qazaxıstanda, Özbəkistanda və Belarusda bu sektorun tənzimlənməsilə bağlı qanunlar və hüquqi normalar mövcuddur. Yeri gəlmişkən Taleh müəllimin dediyindən belə anladım ki, Mərkəzi Bank rəqəmsal manata daha fərqli və daha konservativ yanaşır. Yəni rəqəmsal manatın dövriyyəyə buraxılmasına virtual aktivlər çərçivəsində deyil, daha məhdud çərçivədə baxılır. Hazırda Mərkəzi Bank digər ölkələrdə rəqəmsal milli valyutalarla bağlı mövcud təcrübənin araşdırılması və öyrənilməsilə də məşğuldur. Gələn il rəqəmsal manatla bağlı işlərin daha da sürətlənəcəyi gözlənilir”.

Qeyd edək ki, ötən il dünyanın ən böyük kriptobirjası olan Binance-ın yüksək vəzifəli nümayəndələri Bakıya gələrək Azərbaycan rəsmiləri ilə müzakirələr aparıblar. Birjada hesab edirlər ki, Azərbaycan rəqəmsal aktivlər üçün infrastrukturun formalaşması mərhələsindədir. Dövlət sektorunda blokçeyn texnologiyalarının tətbiqi artıq müzakirə olunur ki, bu da qanunvericiliyin gələcək inkişafı üçün stimul ola bilər. Binance-a görə, Azərbaycan rəqəmsal iqtisadiyyat üçün mütərəqqi qaydaların işlənib-hazırlanması üzrə Qafqazda liderlərdən birinə çevrilmək potensialına malikdir. Əsas odur ki, bütün bazar iştirakçıları üçün optimal şəraitin inkişafı istiqamətində dövlət, biznes və ekspert icması arasında dialoq təmin olunsun.

Pakistan Füzuliyə uçuşlar təşkil edə bilər

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, kriptovalyuta bazarı, onun inkişaf dinamikası, bu istiqamətdə mövcud strategiya, yanaşmalar və atılan addımlara təsir göstərən bir sıra faktorlar var: “İlk növbədə kriptovalyuta Azərbaycanda hələ ki, prioritet deyil. Son iki ildə Azərbaycanda bank sektorunda qiymətli kağızlar bazarına nəzarətin təşkili, onun inkişafı ilə əlaqədar sığorta bazarının təkmilləşdirilməsi, eyni zamanda monetar siyasətin təsir gücünün artırılması ilə bağlı bir sıra istiqamətlərdə yeni yanaşmalar ortaya qoyulub. Dayanıqlı maliyyə institutlarının təkmilləşməsi, dayanıqlı maliyyə alətlərinin təklif edilməsi və sair. Bu istiqamətdə tənzimləyici qurum olan Mərkəzi Bankın resursları çərçivəsində, düşünürəm ki, potensial mövzular prioritetləşdirilməsi zamanı kriptovalyuta hələlik aktiv gündəmin predmetinə çevrilməyib. Təbii ki, bu, qaçılmazdır. Orta və uzunmüddətli dövrdə kriptovalyuta ödəniş sisteminin tamhüquqlu parçasına çevriləcək. Azərbaycan da məcburdur ki, bu ekosistemin bir parçası olsun. Qlobal iqtisadi münasibətlərdə inteqrasiyanın qorunması üçün bu, zərurətə çevriləcək. Lakin hələlik bu sahədə tələsməmək hansısa problem yaratmır”.

Ekspertin fikrincə, ikinci məsələ Məsələ Bankın taktiki mövqe ortaya qoymasıdır: “Tənzimləyici gözləmə mövqeyi tutaraq region ölkələrinin - Qazaxıstanın, Rusiyanın, Gürcüstanın bu sahədəki addımlarının nəticələrini qiymətləndirmək imkanı qazanmaq istəyir. Sahə yenidir, qonşu ölkələrin təcrübələri də yenidir. Bu baxımdan, Azərbaycan Mərkəzi Bankı təcrübələri qiymətləndirib, ölkə üçün daha məqbul variantı seçməyə üstünlük verir”.

Məlumdur ki, hələ dünyada kriptovalyuta bazarına tam və effektiv nəzarət mexanizmi yaradılmayıb. Ayrı-ayrı ölkələrdə bu sahədə addımlar atılsa da, tam nəzarətin təmin olunması mümkün olmayıb. Bir sıra ekspertlərə görə, Azərbaycanda kriptovalyuta bazarının leqallaşdırılmamasının kökündə bu amil dayanır: maliyyə axınlarına tam nəzarət imkanının olmaması. R.Həsənovun fikrincə, bu amilin də ölkədə kriptovalyuta ilə bağlı hüquqi bazanın formalaşdırılmamasında rolu var: “Əlbəttə, bunu istisna etmək olmaz. Azərbaycanda aşırı tənzimləmə, sərt nəzarət ölkə iqtisadiyyatının bütün sahələrində prioritetdir. Bu baxımdan, kriptovalyuta bazarına belə nəzarətin mümkünsüzlüyü onunla bağlı siyasətdə rol oynayır. Lakin düşünürəm ki, proses qarşısıalınmazdır, gec-tez Azərbaycan buna gedəcək. Fikrimcə, təkmil qanunverici baza olmadan, əhalinin yüksək səviyyədə maarifləndirilməsi həyata keçirilmədən, nəhayət, təkmil bir təcrübəyə istinad edilmədən kriptovalyuta ilə bağlı addımların atılması iqtisadi səmərələlik baxımından uğurlu alınmaya bilər. Bu baxımdan, kiçik və məhdud bazardansa, azad və geniş əhatəlilik təmin olunan bazarın yaradılmasını daha məqsədəuyğun hesab edirəm”. /Yeni Müsavat/


MANŞET XƏBƏRLƏRİ