Milli fəlsəfi fikir tariximiz: MƏHƏMMƏD HİDƏCİ


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

III Yazı

“Əgər o yar” şeirində isə məcazi eşqlə həqiqi eşqin arasında çırpınan Məhəmməd Hidəci bir növ fitnə və xəta arasında qalmışdır. Bu baxımdan o, burada məcazi eşqdən uzaqlaşıb həqiqi eşqə yaxınlaşsa da, ancaq yenə də cismani “Yar”ın özü də konkret deyil, xəyalən arzuladığı ideal “Yar” obrazdır. Şair də, özünü cismani olaraq xəyalında canlandırdığı həmin ideal “Yar”ın yolunda qurban etməyə hazırdır. Çünki onun nəzərində istənilən əsil, konkret cismani “Yar” vəfasızdır. O, yazırdı:

Əgər o yar mənə bir gecə olar mehman,

Bu canı mən də ayağında eylərəm qurban.

Şikayət eyləmərəm bir də taleyimdən, əgər,

Qəbul eyləsə qurbanlıga məni canan.

Yoxum həraş ölümdən, hanı bəla qılıcı,

Deyin gələ, mənə bu baş qadayədır, qalxan.

Yazıb qəza qələmi adıma qəm-ü ələmi,

Yetər mənə sitəm-i çərx, ta varımdır can.

Cahanda oldu mənim qismətim qəm-ü möhnət,

Nəsibim oldu mənim ruzigardan hicrân,

Sənəm, nə çox sənin üstündə söz gəlir üzümə?

Bilən nə qədr şəmatət edər mənə hər yan.

Sənin xəyalına, öz xanımanımı pozdum,

Sənə görə elədim tərk-i ölkə vü eyvan.

Sənin yolunda nələr çəkmişəm, Xuda bilsin,

Sayım cəfalarımı, saymagım deyil asan.

Nə çox bəlalara dözdüm, dedim ürəkdə məgər,

Vüsalına yétərəm, dərdimə olar dərman

Sənin mənə ürəyin yanmadı, təəccübdür.

Gətirdi rəhm mənim halıma zəminü zaman.

Nədən qapında mənim qullugum qəbul olmaz?

Nə qədr, gör çəkərəm cövr, görməzəm ehsan.

Nəmə sikayət edim, kimsə yox yetəm dadə,

Kimə əlindən edim dad, yox edən divan.

Ürək yanar, mən əgər nalə eyləsəm, nə əcəb,

Odun yananda gələr cuşa, səslənər qazan,

Kababı şişə çəkib, qoy od üstünə, yel vur,

Əgər sızıldamadı, mən də, etməzəm əfqan.

Hanı ölüm, ona versin cezay-i xeyr Xudâ,

Odur bu gün atadan mehriban mənə, anadan.

Edər xilas nüfuzi-quyudi möhnətdən,

Olur onunla yavuq istirahətə ehsan. [1]

Beləliklə, ortaya belə bir sual çıxır ki, məcazi eşqlə nəfsə görə eşqdən uzaq olan Hidəci hansı eşqə üz tutmuşdur. Bizcə, o, bu məsələyə “Bahar-ı ömr xəzan oldu” şeirində müəyyən qədər aydınlıq gətirməyə çalışmışdır. Belə ki, burada Hidəcinin nəzərdə tutduğu eşq saf, təmiz, təmannasız olub daha çox qutsal xarakter daşımışdır. Hidəci yazırdı:

Bahari ömr xəzan oldu, yağdı başıma qar.

Bu gün gülüzləri sevmək olur mənimçin ar.

Mənə deyəllər qocaldın, cavanlıq etmə, Vəli,

O zad kim, oldu təbin, necə zaval tapar!

Mən eylərəm bu məhəbbət odun ürəkdə xəmuş,

Əgər hərarəti zayil edə özündən nar.

Məhəbbət əhli məlamü məzəmmətə baxmaz,

Bu sözlərə qulaq asmaz, əgər həqiqəti var.

Mən ol kəsəm ki, həvavü həvəslə məşhuram,

O sərxoşam ki, adım eşq ilən olubdur car.

Yapısdırar iki biganəni əlaqeyi-eşq,

Birin-birinə, necə iki təxtəni mismar.

Əgər gözəlləri sevmək mənim günahımdır,

Bu, bir günahdır, ondan mən etməm istiğfar.

Səba, pəyamımı cananıma yetir, de ki, ey,

Sözü yalan, özü namehriban, vəfasız yar!

Sənə görə götürüb məndən əl qamu əqvam,

Sənin yolunda şəmatət edər mənə əgyar.

Əgər sən istərən, ey mügcə, Seyx Sənan tək,

Buyur, salım qocalıq çagı boynuma zünnar.

Boyun bəlasın alım, dur ayagə, məqdəminə -

Nisar qılmaga yox başü can üçün miqdar.

Qadan mənə, gəl otur dövrənə gəzim, dolanım,

Necə gəzər, dolanar devri mərkəzə pərgar.

Sənə əsər eləməz, ey əcəb, mənim ahım,

Mən ağlayanda gələr naləyə dərü divar

Hara bu xəlqin əlindən gedim, olum rahət,

Görün mənimçün olubdur, bu gencə dünya dar.

Adam kim, istəməz olsun öz ixtiyarı ilən,

Bu hərzə xalqı görür, olmaga olur nazar. [2]

Hidəcini ömründən usandıran “Yar” uğrunda çəkdiyi əziyyətlərdir ki, buna səbəb də əqllə düşünməsidir. Yəni ağlını başından alan “Yar”dır ki, ona daim əziyyət verir, deməli “Yar”dan uzaq durmaq üçün də, ilk növbədə əqlinin öhdəsindən gəlməlidir. Şairin əqlini başından alacaq yeganə nəsnə də şərabdır, ancaq o da müvəqqətidir. O, yazırdı:

Bu gün əziyyəti yarü məzəmməti əgyar,

Xuda bilir ki, məni ömrüdən edib bizar.

Mənə bu əql əziyyət edir, dur, ey saqi,

Gətir piyalə, apar əqli, canımı qurtar!

Binayi ömrümü bir cam ilən elə viran,

Deyil bu ömr məgər mayeyi qəmü azar.

Qətəb necə dəvənin çiynini yük altında –

Sıxar, sıxıb məni bu rüzigari-nahəncar.

Könül özün eşiyə atdı pərdədən, ey vay,

Évim yıxıldı ki, bundan sora işümdir zar.

Hanı o kəs ki, mənim halıma yanar ürəyi,

Hara gedim, kimə öz dərdimi edim izhar?!

Söyüd agacına atmaq gərək bu iradı,

O da, mənim kimi, gəlməz əmə, gətirməz bar.

Deyərlər lafi-məhəbbət vuran, bəlayə dözər.

Yalan deməklə, mənim həqq sözə yoxum inkar.

Dözən cəfaya mənəm, Hidəci, əgər gətirəm.

Bəyanə halımı, ağlar mənə dərü divar. [3]

Hidəci “Kimdir” şeirində isə yazırdı:

Kimdir deyə ol şux, gülüz, qönçə dodağə,

Qış getdi, bahar oldu, gəlib gül yenə bağə.

Cana, çəmənə çək tərəbü eyş büsatın,

Qurbanın olum, hicreyi-xəlvətdə hacağə?

Sübhün dəmi, gül mövsümü, novruz həvası,

Naz etmə, qadan canıma saqi. dur ayagə;

Bir cikkə o meydən ki, dirildir ölünü, tök,

Peymanəyə, gəlsin bu qoca bəlkə damağə.

Yox tab dizimdə, çəkilib nur gözümdən,

Artar işığı, töksən əgər yağ çirağə.

Göyçək, mənə həqqindir edən naz, çətindir,

Tərlan edə razı özünü söhbəti-zağə.

Gəh-gəh bu qoca aşiqinə eylə nəvaziş,

Qoy xalq desin: Kəklik olub yar kəlağə.

Al bir gecə öz qoynuna, cana, bu qocanı –

Ta sübh; qucagında cavan dursun ayagə.

Éy Türk, senin tellerine Tarimü Xalxal –

Qurban ola, ol xalına Təbrizü Marağə.

Sərdar Müəyyəd acığı gəlsə bu sözdən,

Parə edərəm bu varağı, sallam ocağə.

Ərbabi-səfa qönçə kimi üzləri gülsün,

Gəlsin pis adam, yonca kimi boynu orağə.

Bəs, piri-muğana gilə etdim ki, “Nəvaxta –

Rənçurü giriftari-qəmü qüssəvü dağə?

Olsaydı həqiqət mənə məlum...” Buyurdu:

“Bîhudə dizin qucma, özün sıxma bucağə.

Ey xam, bu sevdanı həvəs éyləmə, olmaz,

Anbarı tökən torbaya, dəryanı çanağə”. [4]

Yeri gəlmişkən,Hidəci özünü sufilərdən ayrı saymış, onların yaradılış və kainat haqqında olan inanclarını batil hesab etmişdir:

Məzhəbi sufilərə nisbət məni

Vermə; gözüm sevmədi bu sürməni.

Mən déyiləm sərsəri yü bül-həvəs.

Üz götürüm hər tərəfə gəldi səs.

Gər səni hər kim çağıra, ey dadaş

Getmə dalıyca qaçaraq, ol yavaş.

Gör nə deyir, yumma bəsirət gözün,

Gər yoxdu bürhanı eşitmə sözün,

Huşunu yığ başına, ol onda dil,

Eylə təsəvvür, sona təsdiq qıl.

Kimsə ki, təsdiq edər fikrəti,

Olmaya yox onda adam fitrəti.

Əql bu çöldə itiribdir özün,

Huş tutub pərdə-yi heyrət gözün.

Var xətəri, gétmə, bu, zülmatdır,

Burda İskəndər qocasız matdır.

Qıl özünə Xızrı bu çöldə dəlil,

Hər nə deyər, hər nə edər səbr qıl.

Əqlinə qurşan, itirmə özün,

Əql də yoxdursa, cəhl tutubdur gözün.

Qoy necə vü neçəni, olma füzul,

Hər nə ki, salik buyurur, qıl qəbul.

Dur yola düş, yatma rəvayətdə var:

“Kimsə ki axtarır, muradını tapar”. [5]

Sufiləri dəlil və arqumenti olmayan düşüncə sahibləri adlandıran Hidəci aşağıdakı beytində yazırdı:

Sufi buyurdu seyrol səfərdir qəmə əlac,

Geydim çarıq ayağıma, aldım ələ ağac.

Sufiləri oyunlarını rədd etməyə çalışır və bəlkə istehza edir. Hidəci sufilərin əməllərinə görə hər zaman heyrət içindədir, onların oyunlarından kənarda duraraq özünü əsil müsəlman sayır:

Hani o kəs çıxara canını bu heyrətdən,

Özün Xuda mənə də rəhm qıl, müsəlmanam!

Ya da:

Mənim halım Allah, sənə bəllidir,

Qəmim beş dögül, on dögül, əllidir.

Bəyənmə, gedim özgəyə əl açam,

Bu çağımda özgə dalıyca qaçam.

Sənin bəndənəm yaxşıyam, ya yaman

Kimim var, əgər sən qapından qovan?

Əgər mən yoxum bəndəlik, çox pisəm,

Səni əl Yasinə verirəm qəsəm.[6]

Bütün bunlara baxmayaraq bəzi tədqiqatçılar Hidəcini sufi şair-filosofu hesab edirlər ki, bu mülahizə ilə razılaşmaq mümkün deyil. [7]

[1] Yenə orada, s.371

[2] Hidəci Məhəmməd. Qəzəllər // XIX əsr Azərbaycan ədəbiyyatı (poeziya) iki cilddə - I cild. Bakı, “Nurlar” NPM 2009, s.574-575

[3] Yenə orada, s.573-574

[4] Hidəci Məhəmməd. Kimdir // XIX əsr Azərbaycan ədəbiyyatı (poeziya) iki cilddə - I cild. Bakı, “Nurlar” NPM 2009, s.568-569

[5] Hidəci Məhəmməd. Qitələr // XIX əsr Azərbaycan ədəbiyyatı (poeziya) iki cilddə - I cild. Bakı, “Nurlar” NPM 2009, s.558-559

[6] دٚ إ اشعبر رزکی حکٛى يلا يح ذً حٛذجی . يمذي رصحٛح رحشٛ :ّ دکزز حس يح ذًساد صذٚك . (s.240) کزج: پٛ بُر ۸۸۳

[7]İsmayılova Əfsanə. Molla Məhəmməd Hidəcinin məsnəviləri // Əlyazmalar yanmır, 2018, № 2 (7), s.104-105


MANŞET XƏBƏRLƏRİ