Tariximizdə qurdun gizli ordusu - Difai


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

III Yazı

Qafqaz canişinin 1908-ci il 4 mart tarixli fərmanı ilə gizli fəaliyyət göstərən “Difai” Partiyasının fəaliyyəti qadağan edilir.Təşkilatın bəzi üzvləri polis tərəfindən tapılaraq Rusiyanın müxtəlif bölgələrində həbsxanalara göndərildi . Gizli fəaliyyət göstərən firqə üzvlərinin bir hissəsi 1917-ci ildə Nəsib bəy Yusifbəylinin Türk Federalist Firqəsi ilə birləşmişdi.Difai qadağan edilsə də tezliklə Azərbaycanda yeni radikal-milliyətçi təşkilatların meydana gəlməsinə təkan verdi.O zaman Bakıda yaradılıb Şuşada fəaliyyət göstərən Müsəlman Xeyriyyə Cəmiyyəti və Qarabağ Birlik Məclisi təşkilatlarını buna misal göstərmək olar.

Difai Firqəsi qurucusu və lideri Əhməd bəy Ağoğlunun tariximizdə yeri

1905-1909-cu illər Azərbaycan türklərinin milli birliyinin yaranmasında Difai Firqəsin misilsiz xidmətlər göstərmişdi.1905-ci ilin 16 aprel tarixində Əhməd bəy Ağoğlu,Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşovun imzası ilə Qafqaz canişiminə məktub göndərilir. Məktubda onlar Azərbaycan türkcəsində “Həyat” qəzetinin çap olunmasını istəyirdilər.22 aprel tarixində onların istəyinə müsbət cavab verilir.7 iyun 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə “Həyat “ qəzetinin ilk sayı işıq üzü gördü.Həyat qəzetindən ayrılandan sonra Əhməd bəy Ağaoğlu İsa bəy Aşurbəyovun maliyyə dəstəyi ilə gündəlik “İrşad” qəzetini təsis edir.1905-ci ildən 1908-ci ilə qədər bu qəzetə rəhbərlik edir.Tezliklə qəzetin tirajı 3 minə çatır.Qəzet eyni dövrdə çap olunan digər qəzetlərə nisbətən cəmiyyətin problemlərini daha radikal formada işıqlandırırdı. Məhz buna görə də qəzet Sultan II Əbdülhəmid xan (1876-1909) tərəfindən Osmanlı Dövlətində (1299-1922) qadağan edilmişdir.

1905-ci ildə İllarion Vorontsov-Daşkov Qafqaz canişini təyin edildikdən sonra ermənilərə dəstək verməyə başlayır.Canişinin dəstəyinə arxalanan ermənilər 1905-ci ilin avqust ayında Bakı neft mədənlərində baş vermiş böyük yanğından sonra guya mədənlərin təhlükəsizliyini təmin etmək üçün sənaye bölgəsində yerləşən Bakı kəndlərinin köçürülməsini təklif edirlər.İş o həddə çatır ki məsələ Rusiya İmperiyasının (1721-1917) nazirlər komitəsində belə müzakirə edilir.Yerli əhalinin maraqlarını qorumaq üçün Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşov Sankt-Peterburqa yollanır.Onların səyi nəticəsində 35 gün davam edən müzakirələrdən sonra Bakı kəndlərinin əhalisinin köçürülməsinin qarşısı alınır.

1905-ci ildə baş vermiş Azərbaycan türklərinin soyqırımı zamanı ermənilər aktiv şəkildə bütün Rusiya və eləcə də xarici mətbuatda dezinformasiya yaymaqla məşğul idilər.Halbuki türklərin itkiləri qat qat artıq idi.Dövri mətbuatda hətta mövcud olmayan erməni şəhərlərinin müsəlmanlar tərəfindən dağıdılması haqqında yazılar belə gedirdi.Məhz əsl həqiqətləri insanlara çatdırmaq üçün və baş verənləri faktlarla sübut etmək üçün Əhməd bəy Ağaoğlu “Sankt-Peterburqskie Vedomosti” qəzetində “Bakı hadisələri ilə bağlı həqiqətlər” adlı məqaləsini çap etdirir.Bu məqalədən sonra bəzi erməni müəlliflər belə hadisələrlə bağlı mətbuatda yalan məlumatların yayıldığını etiraf etmişlər.

1906-cı ilin fevral ayında Tiflisdə Qafqaz canişini Voronsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı keçirilmişdir.Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağaoğlu,Əlimərdan bəy Topçubaşov,Adil xan Ziyadxanov və başqaları “Daşnaksutyun” partiyasının niyyətlərini ifşa etmiş,onun Cənubi Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərmiş,rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirmişlər.

Öz son çıxışında Əhməd bəy bunları demişdi:

Biz deyirik ki,əgər doğrudan doğruya sülh istəyirsiniz,başqa təşəbbüslərlə bərabər gərək terroru da götürəsiniz.Buna cavabında bizə deyirlər ki,siz daşnaksutyundan danışırsız.Bizim fikrimizdə əsla daşnaksutyun yox idi.Biz deyirik ki,terror götürülsün.Lakin ermənilərin xəyalına daşnaksutyun gəlir.Görünür ki,daşnaksutyunun bu terrorla əlaqəsi vardır.Lakin yenə təkrar edirəm ki,bizim daşnaksutyun ilə işimiz yoxdur.Yoxdur! Çünki keçən gün cənab Xatisov öz bəlağətli və fəsahətli çıxışında aşkar dedi ki,bu daşnaksutyun Rusiyanın böyük şəxslərinin,generallarının və hətta Qafqaz canişini həzrətlərinin fikir və əqidələrinə qulluq edir və on beş ildir ki, təşkil olunub və onun qoşunu,xəzinəsi,soldatı da vardır.Biz müsəlman vəkilləri bunu eşidəndə təəccüb və heyrət barmağımızı dişimizə tutub öz-özümüzə fikir etdik: indi ki,belədir,indi ki,bir müsəlləh partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib də,nəinki əlac etməyir,bəlkə onunla həməqidədirlər,bizim istər hökumətdən,istər ermənilərdən belə partiyanın götürülməyini təmənna etməyimiz faydasızdır.Biz ancaq özümüz öz əlacımızı edək.Bizim də gərək mükəmməl və müsəlləh partiyamız olsun.Bizim də gərək daşnaksutyunlarımız olsun.Bir hökumət ki,bir tərəfdən belə işlərə dözür,gərək o biri tərəfdən də dözə, yoxsa ki,hərc-mərc olar.

1906-cı ilin avqust ayında Şuşaya gələn Əhməd bəy Azərbaycan ziyalılarını toplayaraq bölgədəki vəziyyəti müzakirə edir.Onun təklifi ilə Şuşa şəhərində də Difai Firqəsi yaradılır.Rəsmi olaraq partiya “Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi” adlanırdı.Partiyanın bölmələri və ya komissiyaları Azərbaycanın və Cənubi Qafqazın demək olar ki,bütün şəhərlərində və qəzalarında, hətta Vladiqafqazda da yaradılmışdı.Partiyanın qəza bölmələrinin yaradılmasında Əhməd bəy bilavasitə iştirak edirdi.Bu məqsədlə o,bütün Qarabağı gəzmiş və “bütün müsəlmanları partiyanın ətrafında sıx birləşməyə” təşviq etmişdir.Partiyanın təşkilatçıları Dağıstandakı Azərbaycan türkləri və bütün müsəlman əhali arasında da təşviqat aparırdı.Əhməd bəy fəaliyətinə görə təqib olunduğu üçün bir müddət gizlənməyə məcbur olur.Öz xatirələrində həmin günləri belə təsvir edir:

Şiddətlə təqib edilənlər arasında idim.İş o dərəcəyə gəldi ki,artıq özümün deyil,ailəmin də rahatlıq və sakitliyi qaçırılmağa başlandı.1908-ci ildə Osmanlı İmperiyasında (Türkiyədə) inqilab olmuşdu.İş başına tanıdığım bəzi şəxslər gəlmişdi.Eyni zamanda Qafqaz ümumi valisi Kont İllarion Vorontsov Daşkov mütləq məni tutmağa və sürgün etməyə qərar vermiş görünürdü.Bunu öyrənər öyrənməz dərhal qaçmağa qərar verdim və 1909-cu ilin ortalarına doğru İstanbula qaçdım.

Aylarla dostlarının evində gizli yaşayan Əhməd bəy təqib və mümkün həbslər səbəbindən 1909-cu ilin ortalarında İstanbula köçməli olur. Ağaoğlu İstanbulda maarif sahəsində müfəttiş,sonra isə Süleymaniyyə kitabxanasının müdiri vəzifəsində çalışır.1909-cu ilin oktyabrından İstanbul darülfununda (İstanbul Universiteti) Türk-monqol tarixindən və rus dilindən dərs deyir.Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir.Universitetdəki fəaliyyəti yalnız dərs keçməklə məhdudlaşmırdı.O,həm də tədrisin təşkilində və təkmilləşməsində də aktiv iştirak edirdi.1911-ci ildə o,filologiya fakültəsinin islahatlar üzrə komissiyasının rəhbəri,daha sonra isə fakültənin dekanı seçilmişdir.İşlərini qaydasına qoyduqdan sonra məktub yazaraq Osmanlı İmperyasında (Türkiyə) qalmağı düşündüyünü qeyd edir.Həyat yoldaşı Sitarə xanım da Türkiyəyə gəlməyə razı olur.1910-cu ildə Əhməd bəy ailəsini də İstanbula köçürür.

Əhməd bəy Ağaoğlu ilk öncə Yusuf Akçuranın yaratdığı Türk Dərnəyi cəmiyyətinə üzv olur.Sonradan isə o,1911-ci ildə yaradılmış Türk Yurdu cəmiyyətinin 6 qurucusundan biri oldu.1911-ci ilin sentyabr ayında cəmiyyət “Türk Yurdu” adlı jurnalı çap etdirməyə başladı.Ağaoğlu da jurnal üçün yazılar yazmağa başladı.Jurnalın apardığı təbliğatın nəticəsində cəmiyyətdə türkçülük ideyaları yayılmaqda idi.Həmin ildə Hərbi Tibbiyə Məktəbinin 190 tələbəsi Akçuraya yeni təşkilatın yaradılması üçün məktubla müraciət etmişdilər.Daha sonra məktəbin tələbə nümayəndələri və Ağaoğlu,Akçura kimi ziyalıların iştirakı ilə Türk Ocağı təşkilatı yaradır.Təşkilatın qurucu üzvləri arasında Ağaoğlu da yer alır.Türk Yurdu və Türk Ocağı təşkilatları bütün Osmanlı İmperiyası ərazisində tanınmağa başlayır.Əgər 1914-cü ildə Türk Ocağı təşkilatının 3 min üzvü var idisə 1920-ci ildə onların sayı 30 mini keçmişdi.Hər iki təşkilatın Türkiyə İstiqlaliyyət müharibəsində böyük rolu olub.

Əhməd bəy Ağaoğlu siyasi fəaliyyətinə görə 1912-ci ildə İttihad və Tərəqqi partiyasının 12 nəfərdən ibarət Mərkəzi Komitəsinin üzvü olur.1914-cü ildə isə Osmanlı Məclisi Məbusanına Afyonkarahisar bölgəsindən millət vəkili seçilir.

Osmanlı dövlətində yüksək məqamlara sahib olan Ağaoğlu vətənini heç vaxt unutmamışdı.O,1915-ci ildə İstanbulda Rusiyadakı Türk-Tatar Müsəlmanlarının Haqlarını Qoruma Komitəsinin yaradılmasında və fəaliyyətində aktiv iştirak edir.1915-ci ildə Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında o,Azərbaycan təmsilçisi kimi çıxış etmişdir.Birinci dünya müharibəsi dövründə ABŞ prezidenti Tomas Vudro Vilsona (1913-1921) ünvanlanmış Rusiya müsəlmanlarının haqlarının qorunması müraciətinə imza atanlardan biri də Əhməd bəy idi.

1918-ci il 28 mayda Azərbaycan İstiqlal Bəyannaməsini elan edir.Yeni qurulmuş hökumət xalqı soyqırımla məhv edilməkdən qurtarmaq üçün 1918-ci il 4 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı dövləti arasında bağlanmış Batum müqaviləsinin IV bəndinə əsasən Osmanlı dövlətindən hərbi dəstək istəyir.Bundan sonra Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə yaradılır.Əhməd bəy Ağaoğlu Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi Qafqaz İslam Ordusu ilə birgə Azərbaycana göndərilir.Ordu Gəncəyə çatdıqdan sonra Nuru paşa ilə mövcud Azərbaycan hökuməti arasında narazılıq meydana çıxır ki,bu da İyun böhranına səbəb olur.Milli hökumətin yaradılmasının tərəfdarları ilə Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsini istəyən ilhaqçılar arasında fikir mübahisəsi yaranır.Əhməd bəy Ağaoğlu, Şeyxülislam Məhəmməd Əli oğlu Pişnamazzadə,Ələkbər bəy Rəfibəyli və Difaiçilər ilhaqçı olaraq Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsinin tərəfdarı olur.Onlar coğrafi,mədəni,dil və etnik cəhətdən bir millət olan Azərbaycan və Anadolu türklərinin iki fərqli dövlətdə təmsil olunmasını bölücülük kimi qəbul edirdi.Difaiçilər gec tez rus ordusunun geri dönəcəyi fikrində həmfikir idilər.Bu bəladan qurtulmağın tək yolu kimi Osmanlı dövlətinə birləşməkdə görürdülər.Bu qədər gərgin şəraitdə olmasına baxmayaraq Əhməd bəy Gəncədə yaşadığı dövrdə “Türk sözü” adlı qəzet təsis edir.Lakin ordunun Bakını azad etməsi ilə bağlı hərəkətə keçməsi qəzetin yalnız iki nömrəsinin işıq üzü görməyinə səbəb oldu.

26 dekabr 1918-ci ildə Əhməd bəy Ağaoğlu bitərəf nümayəndə olaraq Zəngəzur qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir.Bununla da o həm Osmanlı dövlətinin Məclis-i Məhbusanının Afyonkarahisar Sahib nümayəndəsi həm də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Zəngəzur nümayəndəsi olur.Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918-ci ilin 26 dekabr tarixində baş tutan beşinci iclasında Əhməd bəy Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlər tərəfindən tanınmasından qabaq müstəqilliyi daxili qüvvələrə tanıtmağın vacibliyini vurğulayır.Buna görə də daxili və xarici düşmənləri məhv edəcək bir hökumətin yaranmasını istəyir.Bundan başqa əsgərliyə çağırışla bağlı sinfi fərq olmadan yaşı çatan hər kəsin xidmət etməsini tələb edir.Ölkənin xarici dövlətlərdə tanınması üçün bu vaxta qədər heyət göndərilməməsini də vurğulayaraq bunun vacibliyini bildirir.

1918-ci il dekabrın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransında iştirak etmək üçün təşkil etdiyi nümayəndə heyətinin tərkibi təsdiqlənir.Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə Ağaoğlu da daxil idi.9 yanvar 1919-cu ildə Ağaoğlu və nümayəndə heyətinin digər üzvləri xüsusi qatarla Bakıdan Tiflisə yola düşdülər.Vağzalda nümayəndə heyətinini Fətəli xan Xoyskinin rəhbərlyi ilə parlament üzvləri və ictimai siyasi nümayəndələr yola saldılar.Bu tədbirdə Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Pepinov çıxış etdilər nümayəndə heyətinin adından isə Ağaoğlu çıxış etdi. 11 yanvar 1919-cu ildə nümayəndə heyəti Tiflisə 14 yanvar 1919 cu ildə isə Batuma çatır.

Ardı var.


MANŞET XƏBƏRLƏRİ