ABŞ-nin B-2 bombardmançı təyyarələri ilə keçən həftə hücum etdiyi İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən yeraltı nüvə obyektlərində bərpa işlərinə start verilib.
Son peyk görüntülərinə əsasən, xüsusilə Fordo bölgəsində çökmüş tunel girişlərində ekskavator və digər tikinti texnikaları ilə aktiv fəaliyyət müşahidə olunur.
Peyk görüntüləri dağ yamaclarındakı çökmə ərazilərdə ağır texnikaların işlədiyini, həmçinin təsislərə giriş yollarının yenidən qurulduğunu göstərir. Ekspertlərə görə, İranın əsas prioriteti çökmüş hava boşluqlarını təmir etmək və zədələnmiş avadanlıqları qiymətləndirməkdir.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi hücum zamanı ilk dəfə GBU-57 MOP tipli dərin sığınacaq deşici bombalardan istifadə edildiyini təsdiqləyib. Bu əməliyyatın məqsədi, obyektlərin dərinliklərindəki hava boşluqlarını hədəf alaraq infrastrukturu çökdürmək olub. Pentaqon hücumun uğurlu keçdiyini və İranın nüvə proqramına ciddi zərər vurulduğunu açıqlayıb.
İsrail tərəfi isə iddia edir ki, hücuma baxmayaraq, təsislərdə hələ də yüzlərlə kiloqram zənginləşdirilmiş uran torpaq altında saxlanılır. Təl-Əviv administrasiyası bu ehtiyatların İranı nüvə bomba istehsalı qabiliyyətinə çatdıra biləcəyi barədə xəbərdarlıq edir. /AzPolitika.info/