Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
II Yazı
Difainin Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Şuşada erməniər qırğın törətdikləri zaman onlara köməklik edən rus generalı Qoloşanov çarın naibi, eyni zamanda, çarın əmisi Qrandük Nikolay Nikolayeviçə raport vermək üçün Tiflisə gedir.Bu xəbəri əldə edən Difai Partiyasının Şuşadakı təşkilatı tərəfindən Hüsü adlı birisinə Tiflisdə Qoloşanovun öldürülməsi tapşırılır.Bir həftə keçməmiş bu əmr Tiflisdə yerinə yetirilir. Difaiçilər Hüsünün təhlükəsizliyini qorumaq niyyətilə onun Qacar Dövlətinə qaçmasına köməklik edirlər. Şeyxzamanlı Tiflisdə baş vermiş başqa bir qətlin tarixçəsi barədə öz “xatirəi”ndə yazır:
“Bu qətldən bir həftə sonra Difai Firqəsi Bilal adında bir qarabağlını general Kalasçapovu öldürmək üçün Tiflisə göndərir. Həmin Kalasçapov ki, Qarabağda diviziya komandiri olaraq,diviziyada olan erməni əsgərlərinə mülki paltar geyindirərək türkləri güllələtmişdir.Bunun üçün Tiflisə göndərilən Bial 2 gün sonra generalı küçədə öldürmüşdü və bu xəbər rus idarəçilərini narahat edirdi. Hətta Difai Firqəsinin əmri olmadan hər tərəfdə belə qətl hadisələri baş verirdi. Ancaq Difai Firqəsi qərar verdiyi ölümlərə bəraət verirdi. Difai möhürlü bəyannamə yayırdı”.
Qaryagin
Qaryagin qəzasının (Yelizavetpol quberniyasının bölgələrindən biri idi. Hazırki Cəbrayıl, Füzuli, qismən Xocavənd,Beyləqan, Qubadlı və Zəngilan rayonlarını əhatə edirdi) dəftərxana rəisinin Yelizavetpol (Gəncə) qubernatoru İ.M.Mitskeviçə göndərdiyi məktubda bu partiyanın fəaliyyəti haqqında belə bir məlumat verilir ki, “Difai Partiyası öz fəaliyyətində az və ya çox dərəcədə uğur qazanmış və öz mövcudluğunu bir sıra terror aktları ilə, o cümlədən Yelizavetpol qubernatorluğunun valisi Kleşinskinin öldürülməsi və general Qoloşanova sui-qəsdlə qeyd etmişdir: bu partiyanın öz komitələri, kassası, proqramı və əhali arasında nüfuzu vardır.Bu partiya siyasi çalarına görə demokratdır. Partiyanın tərkibinə əsassən tacirlər, kəndlilər, tələbələr və qismən həkimlər,vəkillər daxildir. Xan və bəylər üçün partiyanın qapıları açıq idi “.
Qaryagin qəzasında “Difai” təşkilatının üzvləri:
A.Vəzirov
M.Axundov
Mirzə Əli Axundov
Hacı Muxtar Sadıqov
Məşədi Camal bəy Vəzirov
Mirzə Camal Yusifzadə
Məmmədqulu xan Cavanşir
Şuşa
Şuşada xalq arasında “dəli sudya” adı iə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ermənilərə soyqırımda kömək etdiyi üçün Difainin Şuşa Komitəsinin qərarı iə qətlə yetirilir.Gəncədə polis rəisi Bannikov,Tərtərdə polis rəisi Felikinski də eyni səbəbdən partiyanın qərarı ilə öldürülür. Sonralar Difai Partiyasının üzvlərindən bəziləri Rusiya İmperyası baş naziri Pyotr Stolıpinin (1906-1911) irtica illərində həbs olunur,bəziləri isə Türküstana sürgün edilirlər (1908).
Qarabağda (Şuşada) Difai Komitəsinin üzvləri Nəcəfqulu ağa Cavanşir, Mircabbar ağa Ağamirov, Seyid Miriş Ağamirov, Əfrasiyab Əzimov, Alı kişi, İsfəndiyar Alpouti, Zərgər Məmiş və başqaları olmuşdur.
1907-ci ildə Difai Partiyasının qanadı Qarabağ Birlik Məclisinin fəalları kütləvi həbsə məruz qaldılar. Martın 23 və 24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimovu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyovu və Məmmədcəfər Muxtarovu Şuşa həbsxanasına saldılar.Tutulanların hamısını Həştərxan quberniyasına sürgün etdilər.Məmmədcəfər Muxtarov Qacar təəbəsi olduğundan onu Qacar Dövlətinə yolladılar.
Difai Firqəsinin Şuşa təşkilatının üzvləri:
Kərim bəy Mehmandarov (sədr)
Cahangur xan Nuribəyov (sədrin köməkçisi)
Məşədi Şamil Hacıyev (hərbi təşkilatın rəisi)
Muxtar bəy Muradov
Əfrasiyab Əzimov
İsmayıl bəy Axundov
Mirzə Hüseyn bəy Münşizadə
Zülfüqar bəy Haqverdiyev
Məşədi Yusif Mirsiyabov
Məmmədcəfər Muxtarov
Hacı Sadiq Məmmədov
Süleyman Əsgərov
Tərtər
Tərtərdə Difai partiya şöbəsinə Məşədi Alim İsmayılov, Məşədi Dadaş Muradxanov, Məşədi Fərhad Vəlibəyov,Məşədi Muxtar Kərbəlayı İbad oğlu başçılıq edirdi. Şöbənin təbliğatçıları Məşədi Muxtar Zeynalov,Hacı İbrahim İsmayılov, Kərbəlayi Mahmud İsmayılov, Məşədi Rüstəm Muradxanov, Məşədi Əli Dadaşov idi.
Tərtər Difai Firqəsinin üzvləri:
Məşədi Dadaş Muradxanov
Məşədi Şükür bəy Muradxanov
Məşədi Rüstəm bəy Muradxanov
Difai Möhürü
Azərbaycan türklərinə düşmən kəsilmiş məmurların öldürülməsini birbaşa üzərinə götürən Difai hər belə qətldən sonra məsuliyyəti öz üzərinə götürməklə yanaşı, öz möhürü ilə bəyannamədə yayırdı. Difainin möhürü Azərbaycan türkü üçün intiqam günəşinə, bu millətin qanını içməyə hazır olan yadelli məmurlar üçün isə ölüm mələyinin simasına dönmüşdü.”Ancaq bir həqiqət vardı ki, rus idarəsinin ən qəddar işçilərinin gözləri əməlli başlı qorxmuşdu.Beləcə rus idarəsi ilə “Difai” mücadiləsi 1906-ci ildən 1909-cu ilin ortalarına qədər davam etdi. Xalqımız da, “Difai” firqəsi də əmin olmuşdur ki, artıq rus idarəçiləri hər vasitə ilə özlərini xalqımıza sevdirməyə çalışırlar.Bu vaxt mən gizli təşkiatda çalışırdım.Yığıncaqlarımızın birində dostlarımızdan biri soruşdu: “Artıq “Difai” fəaliyyətini dayandırıb. Möhür saxlanırmı,yoxsa yox ediib”. Mirzə Məhəmməd dedi : “Onu yox etmərik. O möhür gələcək Azərbaycan muzeyində saxlanacaq”. Beləliklə, möhürün Mirzə Məhəmməddə olduğu anlaşılır”.
Nağı bəy Şeyxzamanlı
Möhürün sonrakı taleyi iə bağlı Nağı bəy Şeyxzamanlı öz xatirələri”ndə geniş məlumat verir.Belə ki, Sosialist İnqilabçılar Partiyasının nümayəndəsi olan Kruçkovun həbsi zamanı Mirzə Məhəmməd də tutulur və evində aparılan axtarışlar zamanı Difainin möhürü də götürülür. Axtarışa Mirzə Məhəmmədin həbsinə səbəb Kruçkovun onunla yaxın münasibətlərdə olması idi.Mirzə rus solçusuna Azərbaycan türkcəsindən ruscaya tərcümə işlərində kömək edirdi.
Evdə axtarış aparılması və rus milli təhlükəsizlik şöbəsi əməkdaşlarının nəməlum möhür tapmaları, Difaiçiləri ciddi təhlükə altında qoyurdu.Bu zaman köməyə Təhlükəsizlik Şöbəsinin ktibi,difaiçi Sədrəddin gəlir. Şeyxzamanlı və Sədrəddin birgə qurduqları planı uğurla həyata keçirir. Şeyxzamanlının ona verdiyi inqilabi sosialist partiyasının möhürü ilə seyfdə saxlanılan Difainin möhürünü dəyişir,izi itirmək məqsədi ilə möhürü sobaya atıb məhv edir.İstintaq zamanı təhlükəsizlik şöbəsinin seyfindən çıxan möhürün və sənədin isə Kruçkova məxsus olduğu sonuncunun özü tərəfindən təsdiqləndiyindən, Difai bu vəziyyəti öz lehinə çevirir. Mirzə Məhəmməd isə sosialist firqəsinin nümayəndəsi ilə əlaqədə olduğu üçün beş illik sürgünə göndərilir.Onun sürgün edilməsi ilə əlaqədar Gəncə gimnaziyasında boşalan müəllimlik yerinə maarif cəmiyyətindən namizədliyi irəli sürülmüş Mirzə Hüseyni rus maarif müdiri işə qəbul etmək istəməsə də,Əkbər bəy Rəfibəylinin müdaxiləsi və Difainin təzyiqi ilə geri çəkilməli olur : “Rəfibəyli klubda maarif müdirindən gimnaziyaya Mirzə Hüseynin təyin olunmamasının səbəbini soruşmuş və tələbələrin himayədarlarının bu şəxsin təyin olunması üçün israr etdiklərini söyləmiş və demişdir ki, qorxuram ki, bir siyasi məsələ çıxa bilər. “Difai” firqəsi isə Mirzə Hüseyni müdafiə edərək təyin olunmasını tələb edir.Bu səbəbdən xoşagəlməz bir hadisə baş verə bilər.Siz buna mane olmalısınız,yəni Mirzə Hüseyni təyin etməlisiniz”.Maarif müdiri bir müddət fikirləşdikdən sonra başqa çıxış yolu olmadığından əvvəlki fikrindən və qərarından vaz keçərək Gəncə gimnaziyasına Mirzə Hüseyni müəllim təyin edir.
Difai firqəsi Bakıda yerləşən gizli və məxfi Mərkəzi Komitəsi tərəfindən idarə edilirdi.1917-ci il inqilabından sonra Aleksandr Fyodoroviç Kerenskinin müvəqqəti hökumətinin sərəncamına görə, hər yerdə, eləcə də Gəncədə icra komitəsinin təşkili işinə başlanılır. Difai ilk dəfə olaraq burada üzə çıxır. Nağı bəy Şeyxzamanlı yazırdı: “Növbə siyasi partiyalara gəlmişdi... Dörd saat davam edən müakirə sona çatmaqda idi.Bu vaxt bir erməni yerindən qalxaraq dedi: “Vətəndaşlar,bilirsiniz ki,ermənilərin iki əsas siyasi partiyaları var-biri Daşnak, digəri Qnçak.O,Qnçak partiyasının tarixini söylədi və dedi ki, bu partiyaların məqsədi qanun və sülh içərisində yaşamaqdır (bu təklifdən əvvəl, Azərbaycan türklərindən Türk Ədəmi-Mərkəziyyət Partiyasının nümayəndəsi, ermənilərdən isə bir nəfər Daşnak nümayəndəsinin namizədliyi qəbul edilmişdi. Ermənilər Qnçakdan da bir nəfərin icra komitəsində təmsil olunmasına çalışırdılar. Məclisə bu partiyadan da bir nəfər üzv alınsa,türklər heç bir şey itirməzlər. Hamı susurdu. Mən dördüncü cərgədə ələşmişdim. Qabaqdakı bir yoldaşa dedim ki, sən də qalx,belə bir təklif irəli sür. Məşhur Difai Firqəsindən də bir üzv alınmasını istə və namizəd olaraq firqəni idarə edən Nağını təklif elə. O,sözümü dinlədi və dediklərimi etdi. Mən qalxdım, adımı çəkdim, ünvanım yazıldı.Yazıldı, amma erməni və türklərin gözləri məndə idi.On il çar idarəsini dəhşət və qorxu içində saxlayan gizli Difai irqəsinin nümayəndəsini görürdülər”.Təklif keçir. Bir həftədən sonra Kerenskidən teleqram gəlir.O,Difainin tarixi,nizamnaməsi ilə maraqlanır. Lazımi sənədləri ona göndərirlər və Difai Firqəsi olaraq açıq fəaliyyətə başlanılır: ”İlk iş olaraq gənclərdən ibarət şəhərin hər bir məhəlləsində Difai ocağı qurduq. Hərbi təlim və tərbiyə aparılmaqda idi.
İki ay keçmədən bir hərbi qüvvə halına gələn Difai təşkilatının köməyi ilə Gəncə Milli Komitəsi rusların 218-ci və 219-cu ehtiyat alaylarının silahlarını alaraq əsgərlərini şəhərdən dəmir yolu vasitəsi ilə çıxartdı. Difai Firqəsi təşkilatının hərbi təlim və tərbiyələri rus əsgərlərini, hətta erməniləri də qorxudurdu”.
Ələkbər bəy Rəfibəyli
Rəfibəyli Ələkbər bəy Kərbəlayi Həsən oğlu.
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimləri onu “Azərbaycanın namuslu vətəndaşı” (Nəsib bəy Yusifbəyli),”Gəncənin ən yaxşı vətəndaşı”, “Azərbaycan milli ideallarının təəssübkeşi” (Məmməd Əmin Rəsulzadə),”Bütün həyatı boyu millətin maraqlarının müdafiəsi naminə fədakarlıqla çalışmış Azərbaycanın nəhəng ictimai xadimi” (Şəfi bəy Rüstəmbəyli) kimi qiymətləndirmişlər.
Progimnaziya bitirmiş, ilk təhsilini rusca almışdır. Peterburqda kənd təsərrüfatı üzrə təhsil aldıqdan sonra Gəncəyə qayıtmışdır.1870-ci ildən 1896-cı il avqustun 10-dək polis sistemində fəaliyyət göstərmişdir.Nuxa (Şəki) qəzasının Bum məntəqəsində pristav təyin edilmiş,bir müddət quberniya katibliyində tərcüməçi işləmişdi.1888-ci il iyulun 1-də Yelizavetpol (Gəncə) qəzası polis sahəsinin pristavı təyin edilmiş,həmin il noyabrın 30-da Ərəş qəzasının 1 saylı polis sahəsinə köçürülmüşdür.1890-cı il sentyabrın 17-də Yelizavetpol qubernatorunun 42 saylı əmri ilə Yelizavetpol qəzasının pristavı təyin edilmişdir.Seatm fərman ilə 1892-ci il noyabrın 6-da və 1894-cü il dekabrın 30-da qüsursuz xidmətlərinə görə rütbəsi artırılmışdır.Ələkbər bəy 1895-ci ilin dekabrından 1896-cı ilin yanvarınadək Yelizavetpol polismeysteri vəzifəsində çalışmışdır.
Ələkbər bəy Rəfibəyli 22 il ərzində Gəncə Şəhər Dumasının üzvü olmuşdur. O,erməni terrorçularına və çarizmə qarşı mübarizə məqsədi ilə yaradılmış gizli “Difai“ Gəncə təşkilatının liderlərindən biri idi. Difai Partiyasının Gəncə təşkilatının ilk sədri Axund Məhəmməd Əli oğlu Pişmamazzadə müavini isə Ələkbər bəy Rəfibəyli idi.Pişnamazzadə sürgün edidikdən sonra təşkilata sədrlik Ələkbər bəyə keçdi.
1905-ci ildə Gəncədə silahlı daşnak -erməni dəstələrinin Azərbaycan türklərinə qarçı soyqırımlarının qarşısını almaq üçün Ələkbər bəy ümumi səfərbərlik keçirmiş, xalqa rəhbərlik etmişdir.Ernəni vəhşiliklərini ifşa etmək məqsədi ilə 1905-ci il noyabrın 1-dən başlayaraq qanlı soyqırım faktlarını ardıcıl surətdə rus dilində qeydə almış,çoxsaylı məqalələr dərc etdirmişdi.
Ələkbər bəy fəaliyyətinə görə 1908-ci il iyulun 31-də general-qubernatorun fərmanı ilə 5 il müddətinə Orenburq quberniyasına sürgün olundu.1905-1911-ci illər Qacar Dövlətində inqilab zamanı Səttar xanın dəstələrinə silah və sursantla yardım göstərmişdi.
1917-ci il fevral inqilabından sonra Ələkbər bəy Rəfibəyli Gəncə Milli Komitəsinin üzvü kimi daha geniş fəaliyyət göstərmişdi.Vəfat tarixi 1919-cu ildi.
Ardı var.