Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
II Yazı
(əvvəli BU LİNKDƏ)
1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Ertəsi gün seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət Milli Şura yarandı. Səs çoxluğu ilə Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi.1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar.Bu o demək idi ki, Azərbaycan türkləri öz varlığını, bir xalq kimi mövcudluğunu bütün dünyaya xəbər verirdi. Deməli, Azərbaycan türklərinin də digər müstəqil xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ vardı.Bitərəf Fətəli xan İsgəndər oğlu Xoyskinin (1875-1920) başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təşkil olundu.Beləliklə, Azərbaycan türkləri nəinki türkdilli xalqlar arasında, həmçinin bütün İslam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoydu. İyunun 17-də Azərbaycan Mill Şurasının iclasında Məmməd Əmin Rəsulzadə söylədiyi bu nitqində də “Azərbaycan qayə”sindən bəhs etmişdir.Onu da deyək ki, o dövrün bir sıra görkəmli inqilabçılarının əsərlərində milli qayə deyil, Rusiyada olduğu kimi sinfi qayə güdülürdü. Onlar unudurdular ki, rus xalqı müstəmləkə xalq deyil, o yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə aparır. Amma Azərbaycan müstəmləkədir. Müstəmləkədə isə ancaq milli azadlıq hərəkatından söhbət gedə bilər.O illər Azərbaycan türkləri qarşısında ancaq müstəmləkədən azad olmaq, müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı.Bu çətin vəzifəni Məmməd Əmin Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları öz üzərlərinə götürdülər.
1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında Məmməd Əmin Rəsullzadə demişdir: “Müsavat” partiyası birinci olaraq Azərbaycan müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır.Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir...” (“Azərbaycan” qəzeti,N-59).
Bakı Dövlət Universitetinin yaranması da Məmməd Əmin Rəsulzadənin adı ilə bağlıdır.Bu məsələ ilə əlaqədar o bir neçə dəfə Azərbaycan parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir.Universitetin ilk rektoru professor Vasili İvanoviç Razumovski 1922-ci ildə çap etdirdiyi “Bakı şəhərində universitetin əsasının qoyulması” adlı xatirə məqaləsində yazır: “Məmməd Əmin Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə “Müsavat” partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar,biz öz tərəfimizdə artıq iki partiyaya malik olduq, “Müsavat” və sosialistlər,bu da parlamentdə çoxluğu təmin edirdi”(Bakı Dövlət Universitetinin xəbərləri,N-2;1922). 1920-ci ilin martında Bakıda rus dilində çapdan çıxmış “1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanı”nda oxuyuruq ki, Məmməd Əmin Rəsulzadə tarix-filologiya fakültəsində “Osmanlı ədəbiyyatı tarixi”ndən dərs demişdir.
Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar 1919-cu ildə Bakıda bircə nömrəsi çıxmış, lakin geniş oxucu kütləsinə çatdırılmış “İstiqlal” jurnalında Məmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” adlı əsəri çap olunmuşdur.
Aprelin 27-si idi. XI rus ordusu Azərbaycan hüdudlarına daxil olmuşdu. Saat doqquzda partiya liderləri Nəsib bəyin evinə toplaşdılar. Müxtəlif fikirlər irəli sürüldü. Şəfi bəy Rüstəmbəyli (1893-1960) isə deyirdi: gəlin hökuməti Gəncəyə köçürək və oradan bolşeviklərə Qarşı mübarizə aparaq. Şəfi bəyin təklifi qəbul olunmadı.Belə qənaətə gəldilər ki, ən yaxşısı Bakıda qalıb hökuməti qan tökmədən bolşeviklərə verməkdir.Ciddi fikir ayrılığını görüb partiya liderləri belə razılaşdılar: Cumhuriyyətin taleyini parlamentin çıxaracağı qərarla müəyyənləşdirmək lazımdır.
Aprelin 27-də saat 12-də parlamentin son iclası oldu.
Hərbi nazir Səməd bəy Mehmandarovun vəziyyət haqqındakı məlumatından və mövqeyindən də çox şey asılı idi. Amma təcrübəli general iddia etdi ki, rus ordusu Azərbaycandan keçib Anadoluya yardıma gedir.Məhz bu yardıma görə onlara müqavimət göstərmək imkanına malik deyil. Hökumətin son iclasında Məmməd Əmin Rəsulzadə- yalnız o sərt mövqe tutdu. Hamı inandı ki, Rəsulzadə mübarizə yolundan dönmək fikrində deyil, əksinə,son nəfəsinə kimi döyüşmək əzmindədir. Adamlar şahidi oldular ki, həyatını Azərbaycanın istiqlaliyyəti yolunda qurban verməyə hazır olan Müsavat partiyasının başçısı təslim olmaq istəmir. Həmin o məşum gündə, vətəninin düşmən işğalına məruz qaldığı ərəfədə qorxmadan,çəkinmədən yaxınlaşmaqda olan bolşeviklərə nifrətini və mövqeyini belə bildirdi:
“Əfəndilər, mötəcazir bir ultimatum qarşısında qalmışıq.Burada təslimdən bəhs edirlər. Faqət əfəndilər, təslim nə demək?... Kimə məmləkəti tərki mövqe edirik?... Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir türk komandan durmuşdur. Rusiyadan gələn bu mötəcaviz ordu təmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyəni xilas üçün gedir.
Əfəndilər,Türkiyə Azərbaycanın xilaskarıdır. Amali milliyyətimizin təbcil eylədiyi müqəddəs bir məmləkətdir.Onun xilasına gedən qüvvəti biz məmnuniyyətlə istiqbal və teşyi edərik. Faqət bir şərtlə ki,bu qüvvət bizim hürriyyətimizi,istiqlalımızı çeynəməsin. Halbuki, əfəndilər, bizə sormadan hüdudumuzu keçən hər hansı bir qüvvət, dostumuz deyil, düşmənimizdir!
Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır.Bizi iğfal ediyorlar.Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı bir türk olsa da yenə rusdur. İstila ordusudur.Onların istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu imdadına gedəcək bəhanəsiylə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Qızıl Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim, ultimatumu qəbul etmək zillətə qatılmağa ehtiyac yoxdur.Bu mötəcaziranə ultimatumu rədd etməliyik...
İstiqlalımızı göz bəbəyi kimi müdafiəyə qərar verən bir məclisə dinlədiyi bu ultimatumu qəbul etmək, hökuməti öz əliylə dost kisvəsinə bürünmüş düşmənə təslim etməkdir.Biz buraya millətin iradə və arzusuyla gəldik,bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır...
Məmməd Əmin Rəsulzadə çıxışında açıqca bildirdi ki, son nəfəsinə kimi bolşeviklərlə savaşmağa hazırdır, lakin o biri partiyaların imtina etdiyi şəraitdə “Müsavat” partiyası bu çətin vəzifəninin məsuliyyətini üzərinə götürür.
İndi son ümid, vətəni bu bəladan qurtarmağın son çıxış yolu azərbaycanlı bolşeviklərin göndərdiyi ultimatuma qalırdı. Onlar göstərirdi ki, hakimiyyəti ruslara deyil, Azərbaycan türklərindən olan kommunistlərin ixtiyarına keçir.Bu məsələni dəqiqləşdirmək, bolşeviklərlə görüşmək üçün bir “komissiya” yaradıldı.
Başqa çıxış yolu qalmamışdı. Parlamentdə yaradılan “komissiya” Azərbaycan bolşevikləri ilə görüşüb aşağıdakı şərtlərlə hakimiyyəti onlara verdi:
1.Rus ordusu Bakıya girmədən dəmir yolu ilə Anadolu imdadına gedəcək.
2.Azərbaycan bolşevikləri tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir.
3.Azərbaycan ordusu olduğu kimi qalıb ləğv edilməyəcək.Onun heç bir silah və qışlaları əlindən alınmayacaqdı.
4.Azərbaycanda firqələrin siyasiyyəsi-hürriyyət və sərbəstliklərini mühafizə ediləcək.
5.Sabiq rical,əzayi-hökumət və məbusandan kimsə cürmü-siyasi ilə ittiham edilməyəcəkdi.
6.Kəmali-sərbəsti ilə toplanacaq Azərbaycan şuraları hökumətinin şəkli-idarəsini təyin qılacaq idi.
Azərbaycan bolşevikləri bu şərtlərin heç birinə əməl etmədilər. Anlaşmanın digər maddələrinə görə Qırmızı Ordunun Bakı şəhərinə daxil olmasına yol verməmək üçün tədbir görüləcək idi. Anlaşmanın sonuncu hissəsində qeyd olunmuşdu.Yeni hökumət, harada baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görməli idi.
XI ordu Bakıya girirdi.Yolda hərbi nazir Mehmandarovun göndərdiyi bir teleqramı tutub saxladılar.Bu azad Azərbaycanın paytaxtı Bakıya göndərilən son hökumət teleqramı idi.Bu teleqram göndəriləndə hələ Bakı işğal olunmamışdı, ümid işığı tam sönməmişdi.
Hərbi nazirin milli ordumuzun son ümidini yaşadan teleqram:
“Hərbi sənəddir. Növbədən kənar.Birinci diviziyanın rəisinə.Gəncə”.
Ruslar Yalama stansiyasına hücum edib irəliləyirlər. Xudatı tutublar.Vəziyyət gərgindir. Əmr edirəm: Elə bu gün Qızılburuna Qazaxdan bir,Gəncədən də bir batalyon göndərin...Sabah batalyonların gələcəyini gözləyirəm.
N 1417.1920-ci il,27 aprel.
General Mehmandarov.
1920-ci ilin 27 aprelində Azərbaycan rus qoşunları tərəfindən işğal olundu. Məmməd Əmin Rəsulzadə aprel hadisələrindən sonra rus əsgərləri tərəfindən Lahıcda həbsə alındı.Onun tutulması xəbəri həmin il noyabrın əvvəllərində Vladiqafqaz şəhərində olan İosif Vissarionoviç Stalinə çatdırıldı.Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XI Ordunun xüsusi şöbəsinin rəisi Semyon Pankratova RSFSR Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib Məmməd Əmin Rəsulzadəni azad etdi. Stalin bununla da 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu Məmməd Əmin Rəsulzadə qarşısında öz vicdan borcunu yerinə yetirdi.O, Məmməd Əmin Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi.Məmməd Əmin Rəsulzadə komissarlığa tabe olan Moskva Şərqşünaslıq İnstitutunda da fars dilindən dərs demişdir. Komissarlığın orqanı “Novı Vostok” jurnalının 1922-ci il 1-ci nömrəsində xəbər verilir ki, gələn nömrədə Məmməd Əmin Rəsulzadənin “Qədim İranın kommunistləri” adlı məqaləsi çap olunacaq. Məzdəkizm hərəkatından bəhs edən bu məqalə çap olunmamışdır.Bunu Məmməd Əmin Rəsulzadənin mühacirətə getməsi ilə izah etmək olar.Məmməd Əmin Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə həyatdan köçmüş Əbdülvahab Yurdsevərin (1898-1976) xatirə yazısında öz əksini tapmışdır. O yazır: “Müsavat” partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri Məmməd Əmin Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü, mərhum Rəhim bəy Vəkilov (1897-1937) və Bakı əsgəri təşkilatının rəisi, şəhid doktor Dadaş Həsənzadənin (1898-1926),bir qədər pul ilə Moskvaya göndərmək surətilə Məmməd Əmin Rəsulzadə ilə təmasda olmuşlar.Məmməd Əmin Rəsulzadəyə təklif olunmuşdu ki,elmi-tədqiqat adı ilə Leninqrada getsin.Onun orada rəhmətlik tatar maarifçilərindən Musa Cərullah Bagiyevin (1875-1949) müyəssər yardımı ilə qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir (“Azərbaycan” jurnalı,Ankara,N-3,1955). Sonralar SSRİ-də baş vermiş faciəli hadisələr və repressiyalar göstərdi ki, bu, yeganə düzgün yol idi. Heç şübhəsiz, Məmməd Əmin Rəsulzadə 1925-ci ildən sonra sağ qalmayacaqdı.Beləliklə, Məmməd Əmin Rəsulzadənin fəaliyyətinin mühacirət dövrü başlanır. Onun “Bir kərə yüksələn bayraq,bir daha enməz” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.1923-cü ildə İstanbulda Məmməd Əmin Rəsulzadənin “Azərbaycan Cumhuriyyətinin keçmişi, təşəkkülü və indiki vəziyyəti”,”Əsrimizin Siyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” kitabları çap edilir.1923-cü ildən onun redaktorluğu ilə İstanbulda “Yeni Qafqasya” jurnalı nəşrə başlayır. Məmməd Əmin Rəsulzadə 1928-ci ildə İstanbulda “İnqilabçı sosializmin iflası və demokratiyanın gələcəyi”, ”Millət və bolşevizm” və “Qafqaz türkləri” kimi əsərlərini çap etdirmişdir. Həmin dövrlərdə onun redaktorluğu ilə “Azəri türk”(1928-1931), sonra isə “Odlu yurd”(1929-1930) jurnalları və həftəlik “Bildiriş”(1929-1931) qəzeti də nəşr edilməkdə idi.1930-cu ildə Məmməd Əmin Rəsulzadənin Parisdə frasızca “Azərbaycan və istiqlaliyyəti”,rusca isə “Qafqaz problemi ilə əlaqədar panturanizm” kitabları çap olundu.1931-ci ildən Məmməd Əmin Rəsulzadənin mühacir həyatı Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə çıxan “İstiqlal”(1932-1934) qəzeti və “Qurtuluş”(1934-1938) jurnalı çap etdirdi.1933-cü ildə onun Berlində çap olunan “Azərbaycan cümhuriyyəti haqqında bəzi qeydlər” adlı kitabı böyük maraq doğurur.
Məmməd Əmin Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi, onun 1936-cı ildə Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı”, Varşavada (polyak dilində) “Azərbaycan ədəbiyyatı” məqaləsi çap edilmişdir.1938-ci ildə Berlində almanca “Azərbaycan problemi” və 1939-cu ildə Varşavada polyakca “Azərbaycanın hürriyyət savaşı” kitablarının adlarını çəkməmək olmaz. O,1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş,1940-cı ildən Rumıniyada yaşamışdır.
Ardı var.