Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinə müqavimət göstərmək üçün azı 128 ədəd F-16 qırıcısına ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, hazırda müttəfiqlərin Ukraynaya vəd etdiyi F-16-ların sayı cəbhədəki vəziyyəti dəyişdirmək gücündə deyil.
Bakupost.az -a açıqlamasında hərbi ekspert Azad İsazadə Ukrayna ordusunun Rusiyanın hava hücumunda istifadə etdiyi “FAB” bombalara qarşı müqavimət göstərə bilmədiyini deyib.
O, bu amillərin Ukraynanın döyüş qabiliyyətinə çox ciddi təsir etdiyini bildirib:
“Ona görə də get-gedə Rusiya ordusu kənd və qəsəbələri nəzarətinə götürür. Böyük ümid var idi ki, F-16-lar olsa, onlar Rusiya təyyarələrini vurub cəbhə zonasından uzaqlaşdıracaqlar”.
Hərbi ekspert ağır vəziyyətə baxmayaraq Ukrayna ordusunun döyüşləri davam etdirdiyini bildirib:
“Ukrayna quruda Rusiya ordusu üzərində üstünlük əldə edir. Amma yeganə boşluq havadan müdafiədir. Kiyevin özünü də havadan zərbələrlə vurdular. Sözsüz ki, aviasiya sistemləri olmasa, cəbhədə Ukraynanın vəziyyəti ağırlaşa bilər”.