Qırğızıstanda dünyanın ən uzun şüşə asma körpüsünün inşası planlaşdırılır. Uzunluğu 732 metr olacaq körpü paytaxt Bişkekdən təxminən 40 kilometr məsafədə yerləşən Ala-Arça Milli Təbiət Parkında tikiləcək.
Turkustan.az xəbər verir ki, Qırğızıstan Prezidentinin İşlər İdarəsinin məlumatına əsasən, tikinti işlərinə 2026-cı ilin noyabrında başlanılması, layihənin 2027-ci ilin sonunadək tamamlanması nəzərdə tutulur.
Oktyabrın 29-da Prezidentin İşlər İdarəsinin rəhbəri Kanıbek Tumanbayev Avropa şirkətinin nümayəndələri ilə görüşərək layihənin detallarını müzakirə edib. Tərəflər gələcək körpünün tikiləcəyi əraziyə də baxış keçiriblər.
Körpü Ala-Arça çayının axdığı dərin dağ dərəsinin üzərindən keçəcək. Layihə həyata keçirilərsə, tikili dünyanın ən uzun şüşə asma körpüsü adına iddia edəcək.
Hazırda bu rekord Vyetnamda yerləşən və 2022-ci ilin aprelində istifadəyə verilən 632 metrlik “Bach Long” körpüsünə məxsusdur. Qırğızıstanda tikilməsi planlaşdırılan yeni körpü ondan 100 metr uzun olacaq. Tikinti tamamlandıqdan sonra rekordun Ginnesin Rekordlar Kitabında qeydə alınması üçün müraciət edilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində Tepşi yaylasından Teke-Too dağına və şəlaləyə qədər yeni ekoloji piyada marşrutu da yaradılacaq.
Ala-Arça Milli Təbiət Parkında turizm infrastrukturunun genişləndirilməsi istiqamətində digər layihələr də həyata keçirilir. Belə ki, 2026-cı il fevralın 18-də burada uzunluğu bir kilometr olan kanat yolu istifadəyə verilib. Saatda 1000 nəfərə qədər sərnişin daşımaq imkanına malik kanat yolu Avstriyanın “Doppelmayr” şirkəti tərəfindən qurulub.
Parkda istirahət evləri də inşa edilib, beşulduzlu hotelin tikintisi isə yekunlaşmaq üzrədir./Musavat.com