Türkiyənin Xarici İşlər Nazirliyi Qəzzada 30-dan çox mülki şəxsin öldürülməsi və səhiyyə müəssisələrinin hədəfə alınmasını pisləyərək, bunun İsrail hökumətinin sülhə hazır olmadığını göstərdiyini bəyan edib.
Turkustan.az xəbər verir ki, Nazirliyin yazılı açıqlamasında bildirilib ki, bu hücumlar Qəzza Sülh Planının həyata keçirilməsini mümkün edəcək yol xəritəsi üzrə razılıq əldə olunmasından dərhal sonra baş verib.
Açıqlamada qeyd olunub ki, "İsrail tərəfindən 30-dan çox mülki şəxsin öldürülməsi və səhiyyə müəssisələrinin hədəfə alınması bir daha Netanyahu hökumətinin fələstinlilərlə sülh bağlamaq iradəsinin olmadığını göstərdi".
Nazirlik bəyan edib ki, Netanyahu hökumətinin əsas məqsədi fələstinliləri öz torpaqlarından didərgin salmaq və Yaxın Şərqdə sülhün və sabitliyin bərqərar olmasına mane olmaqdır.
Açıqlamada həmçinin vurğulanıb ki, İsrailin addımları regiondakı kövrək tarazlığı pozur və vasitəçi ölkələrin, ilk növbədə ABŞ-ın diplomatik səylərinə zərbə vurur.
Türkiyə Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti İsrailin siyasətinə qarşı daha qətiyyətli, ardıcıl və təsirli mövqe nümayiş etdirməyə çağırıb. Bəyanatda həmçinin bütün ölkələr beynəlxalq hüquqa və humanitar prinsiplərə sadiq qalaraq regionda sülhün və sabitliyin təmin olunması üçün birgə məsuliyyətlə hərəkət etməyə dəvət edilib.
Aytən Yaşar/ Turkustan.az