Paşinyanın 5 illik planı: Kilsə, yeni qanunlar, Rusiya...


Seçkilərdən sonra yeni hökuməti formalaşdırmaq ərəfəsində olan Nikol Paşinyan yaxın 5 ildə yürüdüləcək siyasi kursla bağlı müəyyən mesajlar verib.

O, qarşıdakı beş ilin Ermənistan üçün həm yeni imkanlar, həm də ciddi çağırışlar yaradacağını bildirib.

Görəsən, İrəvanın yaxın dövr üçün hansı strateji planları ola bilər?

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Bakupost”a bildirib ki, söhbət burada ilk növbədə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin nizamlanmasından gedir:

“Hesab edirəm ki, bu strateji əhəmiyyətli bir məsələdir. Bu isə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasından keçir. Onun üçün də Ermənistan konstitusiya dəyişikliyinə getməlidir. Bu mənada düşünürəm ki, Paşinyan yeni imkan və çağırışlar deyərkən ilk növbədə məhz regionda sabitliyin yaranması və Ermənistanın inkişafı üçün sülh sazişinin imzalanması vacibliyinin mesajını verir. İkinci istiqamət isə nəqliyyat kommunikasiya xətlərilə bağlı məsələdir. İrəvan şimal-cənub marşurutu üzrə, Ermənistandan keçib İrana, oradan da Hindistana getmək üçün müəyyən tədbirlərin həyata keçirilməsində də maraqlıdır. Tramp marşurutu da İranın diqqət mərkəzindədir. Düzdür, bu marşurut hələlik təhlükəli olaraq qalır. İran tərəfi ona hədə-qorxu gəlir. Amma həmin marşurutun işə düşməsi də Ermənistanın iqtisadi, nəqliyyat-kommunikasiya vəziyyətini düzəltməyə hesablanıb”.

Müsahibimiz qarşıdakı 5 ildə Ermənistanda kilsənin rolu və nüfuzunun azaldılacağını düşünür:

“Bundan irəli gələrək, habelə Ermənistanda əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətində də ola bilsin bəzi addımlar atılsın. Ölkədə qarşıdakı 5 ildə müəyyən siyasi islahatlar da nəzərdə tutula bilər. Bu əsasda kilsənin rolunun azaldılması da gözləniləndir. Konstitusiyadan kilsənin roluna dair müddəa çıxarıla bilər”.

Ekspertin sözlərinə görə, İrəvan qarşıdakı dövrdə Rusiya asıllığından qurtarmaq üçün Avropa İttifaqına istiqamət yolunda da müəyyən işlər görəcək:

“Paşinyan ciddi müqavimətlə üzləşsə də, ölkə qanunvericiliyini Avropa İttifaqı standartlarına uyğunlaşdırmağa çalışacaq. Eyni zamanda, Ermənistanda istehsal olunan məhsulların Aİ stardartlarına uyğunluğu yolunda da bəzi işlər görüləcək”.


MANŞET XƏBƏRLƏRİ