Türkiyənin xarici işlər naziri Hakan Fidan Fətullahçı Terror Təşkilatının (FETÖ) artıq öz təsir imkanlarını itirdiyini bildirərək, bu cür strukturların gələcəkdə dövlət sistemində yenidən yer almaması üçün tədbirlərin davam etdiriləcəyini deyib.
Turkustan.az xəbər verir ki, Fidan Ukraynaya səfəri öncəsi Polşanın Pşemısl şəhərindəki dəmir yolu vağzalında jurnalistlərə açıqlama verib.
O, 15 iyul dövlət çevrilişinə cəhdin 10-cu ildönümünü xatırladaraq bildirib ki, həmin hadisələrdən sonra Türkiyə dövləti və xalqı yeni bir mübarizə mərhələsinə qədəm qoyub.
Nazirin sözlərinə görə, bu proses həm ölkə daxilində, həm də xaricdə FETÖ-yə ağır zərbə vurulması ilə nəticələnib. O qeyd edib ki, təşkilatdan təmizlənən dövlət qurumları qısa müddətdə öz əsas prinsiplərinə qayıdaraq xalqa xidmət missiyasını davam etdirib.
Fidan vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi və türk xalqının qətiyyətli mövqeyi FETÖ-nün dövlət strukturlarından təmizlənməsində həlledici rol oynayıb.
Nazir əlavə edib: “Ümid edirik ki, həyata keçirəcəyimiz tədbirlər və tətbiq edəcəyimiz qaydalar bu cür strukturların nə bu gün, nə də gələcəkdə dövlət sistemində yenidən yer almasına imkan verməyəcək. Bütün səylərimiz bu məqsədə xidmət edir".
Aytən Yaşar/ Turkustan.az